Fransada Lyudmila Putinanın ərinin villası müsadirə edildiFOTO
Fransa hökuməti Lyudmila Putinanın hazırda əri olduğu bildirilən, rusiyalı işadamı Artur Oçeretnıya məxsus villanı müsadirə edib.
Fransanın “Challenges” nəşri aydınlaşdırıb ki, müsadirə qərarı “Transparency International” antikorrupsiya təşkilatının həmin əmlakın alındığı vəsaitin mənşəyinin yoxlanılması ilə bağlı müraciətindən sonra verilib.
Qeyd olunur ki, Biskay körfəzinin sahilində, Biarrits kurortunun yaxınlığında yerləşən “Süzanna” villası təxmini 5.4 milyon avro dəyərləndirilir. Malikanəyə bitişik ərazi ilə birlikdə onun ümumi sahəsi isə 5 min kvadratmetrdir.
Villanı Oçeretnı 2013-cü ildə, Lyudmila Putina və Rusiya prezidenti Vladimir Putin boşandıqlarını elan etdikləri vaxt alıb.
Amma Putinanın ikinci evliliyi rəsmi olaraq açıqlanmayıb. KİV-in məlumatına görə, o, 2015-ci ildə işadamı Oçeretnı ilə ailə həyatı qurub.
2022-ci ilin avqustunda Aleksey Navalnının tərəfdaşlarının dərc etdikləri araşdırmaya görə, A.Oçeretnı və L.Putina İspaniyanın Malaqa şəhərində toplam 2 milyon avro dəyərində iki, İsveçrənin Davos şəhərində isə 3 milyon yarım avro qiymətində bir mənzilə sahibdirlər. Bildirilir ki, bu cütlük Moskvanın mərkəzindəki yerlərin icarəyə verilməsindən də qazanc götürür və bu, onlara ildə 250 milyon rubl (2 milyon 660 min dollar) gəlir gətirir. (Azadlıq radiosu)