23 Dekabr 2024

Evdən qaçan 17 yaşlı qız sığınacağa yerləşdirildi: “Susaraq bir nöqtəyə baxır”

İki gündür evdən qaçan yetkinlik yaşına çatmayan qız polislər tərəfindən sığınacağa yerləşdirilib. İlkin məlumata görə, qızın valideynləri övladları ilə bağlı ərazi üzrə polis idarəsinə müraciət belə etməyiblər.

Media1.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, qız axşamdan susaraq bir nöqtəyə baxır:

“Qızın 17 yaşı var, gecə saat 2-dən indiyə qədər bir kəlmə danışmır. Ailə iki gün ərzində uşaqlarını axtarmayıb. Polis onu aşkarlayıb, mənimlə əlaqə saxlayıb.

Sığınacağa gətirmək istədiklərini dedilər, mən də etiraz etmədim. Ailə ilə bağlı araşdırma aparılır. Qızın səssizliyi ona daha çox diqqətli davranmağa vadar edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə də məlumat veriləcək. Araşdırmalardan sonra məsələ barədə dəqiq bir fikir söyləmək olar”.