23 Dekabr 2024

Əsəd bəşərə qalib gəldi- bu gün yenidən prezident andı içdi

Bu gün Suriya lideri Bəşər Əsədin Dəməşqdə dördüncü dəfə yeddi il müddətinə prezident seçilməsi münasibəti ilə inauqurasiya mərasimi keçirilib. 21 ildir vəzifədə olan Bəşər Əsəd mayda keçirilən seçkilərdə yenidən qalib gəlib. 55 yaşlı Suriya lideri növbəti 7 ildə də ölkəni idarə edəcək.

Prezidentin andiçmə mərasimi ölkənin paytaxtında Kasjun dağındakı Qəsr əş-Şaab sarayında baş tutub. Tədbirdə Suriya Xalq Şurasının üzvləri ilə yanaşı dini konfessiyaların rəhbərləri və ictimai xadimlər iştirak ediblər.

Qonaqlar qarşısında danışan Əsəd sağ əlini Qurana qoyaraq prezident andının mətnini oxuyub. Prezident çıxışında Suriyada on ildir davam edən hərbi münaqişə ilə bağlı çətinliklərin öhdəsindən “əzmkarlıq və cəsarətlə gəldikləri üçün” xalqa təşəkkür edib. Əsəd Suriyanın suverenliyini və ərazi bütövlüyünü qoruyacağına söz verib.

Suriyada prezident seçkiləri may ayının sonunda keçirilib. Konstitusiyaya görə, son 10 ildə Suriyada yaşayan, xarici pasportu olmayan 40 yaşdan yuxarı hər bir vətəndaş prezident seçkilərində namizədliyinin təsdiq edilməsi üçün Ali Konstitusiya Məhkəməsinə müraciət edə bilərdi. Seçkilərdə dövlət başçısı postu uğrunda üç namizəd mübarizə aparıb: Bəşər Əsəd, Sosialist Partiyasından deputat Abdulla Sallyum Abdulla və müxalifət nümayəndəsi Mahmud Əhməd Murai.

Seçkilərin nəticələrinə görə, Bəşər Əsəd səslərin 95,1 faizini qazandı. Səsvermədə 14 milyondan çox seçicinin iştirak etdiyi bildirilirdi. Rəsmi rəqəmlərə görə, onlardan 13 milyon 540 min 860 nəfəri Bəşər Əsədə səs verib. B.Əsəd isə qələbəsini şərh edərkən, Suriyada tarixində yeni bir mərhələnin başladığını söyləmişdi.

Qərb Suriyada  keçirilən seçkilərin nəticələrini tanımayıb. ABŞ, Fransa, Almaniya, İtaliya və İngiltərənin xarici işlər nazirləri seçkilərin ədalətli, və hər hansı qanuni əsasının olmadığını bildirib.

ABŞ Dövlət Departamentinin bəyanatında isə bildirilib ki, Suriyada azad və ədalətli seçki yalnız BMT-nin nəzarəti altında, beynəlxalq şəffaflıq və hesabatlılıq şərtləri daxilində keçirilə bilər.  

Qərb hesab edir ki, seçki nəticələrinin etibarlı hesab olunması üçün ölkədə evindən didərgin düşmüş suriyalılar, qaçqınlar və diasporadakılar da daxil olmaqla bütün vətəndaşlar təhlükəsiz şəkildə orada iştirak edə bilməlidirlər. Onların iştirakı olmadan bu saxta seçki siyasi sülh üçün irəliləyiş sayıla bilməz. Həmçinin suriyalı müxaliflərin də seçkini legitim saymadığı vurğulanıb.

Yada salaq ki, Bəşər Hafiz əl-Əsəd 1971-2000-ci illərdə Suriya prezidenti olmuş Hafiz Əsədin oğludur. O, 2000-ci ildən Suriya prezidentidir.

2011-ci ilin martında Bəşər Əsədə qarşı ölkənin Dera şəhərində etiraz aksiyaları başlayıb. Bu şəhərdə başlayan ilk irimiqyaslı və demokratiya çağırışı edən aksiyaya səbəb məktəb divarlarına inqilabi şüar yazan yeniyetmənin həbsi olub. Həmin yeniyetmə həbsdə işgəncəyə də məruz qalıb. Bu etiraz aksiyası ümumölkə etirazlarına təkan verib və bir müddət sonra vətəndaş müharibəsinə çevrilib. Tezliklə proses Bəşər Əsədin xeyrinə işləməyi başladı – rejim əleyhinə ümumxalq mitinqləri dayandı, diqqət İŞİD, “Əl-Nusra” və digər silahlı birləşmələrə qarşı mübarizəyə yönəldi.

Regional mübarizədə isə Rusiya və İran Əsəd rejimini sona qədər dəstəklədi. Əslində bu, Moskvanın və Tehranın Əsəd hakimiyyətinə dəstəyi yox, Suriyanı Qərbin orbitinə verməmək dirənişi idi. Suriyada hakimiyyətdə kim olsaydı, İran və Rusiya analoji mövqedə dayanacaqdı. Həmçinin Çin də Suriya uğrunda savaşda anti-Qərb koalisiyasında dayandı və Əsədi qorudular. Tunisdə bin Əli 1 ay, Misirdə 30 illik diktatoru Hüsnü Mübarək 3 həftə, Liviyanın 42 illik diktatoru, böyük sərvətə və gücə malik Qəzzafi 7 ay, Yəmənin “hakimi-mütləqi” Əli Abdullah Salehi isə bir 1 tab gətirə bildi. Bəşər Əsəd isə bu gün yenidən prezident andı içdi…

Suriya İnsan Haqları Monitorinq Mərkəzinin 2020-ci ildə yaydığı məlumata görə, münaqişə nəticəsində 2011-2020-ci illər arasında 387 min adam ölüb.  Məlumatda qeyd olunur ki, həbsxanalarında işgəncə altında ölənlərin  88 min nəfərə yaxındır.

Orxan ƏLİYEV,
Musavat.com