23 Dekabr 2024

Ermənistanda Rusiya əleyhinə çağırışlar haradan qaynaqlanır? Paşinyanın özü və sözü

Təxminən il yarımlıq fasilədən sonra “Facebook” səhifəsi üzərindən mətbuat konfransı keçirərək jurnalistlərin və ictimaiyyət nümayəndələrinin suallarını cavablandıran Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya hörmətlə yanaşdığını, bu ölkənin strateji tərəfdaşları olduğunu bildirib və əlavə edib ki, bu tərəfdaşlıq əvəzsizdir. Rusiyanın Ermənistanın təhlükəsizliyinin təmin edilməsindəki rolunu, həmçinin Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirdiyini deyən Paşinyan, son günlər erməni ictimaiyyəti arasında və siyasi elitasında fəaliyyəti haqqında tənqidi fikirlər səslənən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətində olmadığını da deyib. Lakin erməni baş nazirin bu açıqlamaları son günlər düşmən ölkədə baş verən proseslər fonunda bəzi suallar yaradır. Paşinyan Rusiya ilə bağlı dediklərində nə qədər səmimidir? Bəs ölkəsində Rusiya əleyhinə artan narazılıqların qarşısını niyə almır, yaxud almaq istəmir? Qarabağ münaqişəsinin başa çatmasında və müharibənin bitməsində vasitəçilik etmiş Rusiyanın bundan sonrakı proseslərdə də iştirakı kifayət etmirmi ki, Ermənistanın baş naziri tez-tez ATƏT-in Minsk qrupu həmsədrlərinin prosesə cəlb edilməli olduğunu dilə gətirir, Qərblə yaxınlaşmaq mövqeyi nümayiş etdirir, NATO, Avropa İttifaqı kimi beynəlxalq qurumlara müraciət edir?

Məsələ burasındadır ki, məhz elə Paşinyanın mətbuat konfransı keçirdiyi gün, yəni noyabrın 23-də Ermənistanın Milli Demokrat Partiyası paytaxt İrəvandakı ABŞ səfirliyi qarşısında Rusiya əleyhinə aksiya keçirərək Amerika Prezidentindən dəstək istəyirdilər. ABŞ Prezidenti Co Baydenə ünvanlanmış məktubu diplomatik nümayəndəliyə təqdim edən aksiya iştirakçıları minnətdarlıq əlaməti olaraq hədiyyə kimi iki plakat da bağışlayıblar. Ermənistanın üzləşdiyi problemlər səbəbindən Vudro Vilsonun hökmünün ildönümünü bayramla qeyd edə bilməməkdən təəssüfləndiklərini deyən etirazçılar ABŞ-dan daha ​​fəal dəstək istəyib, Moskva və onun yerli “kuklalarından” şikayətləniblər. Partiyanın üzvləri ilə yanaşı, müxtəlif Avropa ölkələrindən də aksiyaya qoşulan ermənilərin səsləndirdikləri şüarlar ilk baxışda Ermənistanın baş nazirinin fikirləri ilə tamamilə ziddir. Ancaq nədəndirsə, öz əleyhinə keçirilən istənilən, hətta dinc aksiyanı polis gücünə qəddarlıqla dağıdan Paşinyan bu dəfə “Bizim xilasımız Amerika və birləşmiş Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını alar!”, “Ruslar burnundan uzağı görə bilmirlər, Amerika isə 100 il əvvəli proqramlaşdırır!”, “Amerika kömək etmək istəyir, amma ona imkan vermirlər!”, “Bolşeviklər gəldi, ölkəmizi tutdular, dövlətçiliyimizdən məhrum etdilər!” kimi rusofobiya şüarlarını səsləndirənlərə qarşı heç bir tədbir görməyib.

Qeyd edək ki, noyabrın 9-da da Ermənistan paytaxtında Rusiya ilə münasibətlərin pozulması tələbi ilə çoxminlik mitinq keçirilmişdi. Bu tarix həm də ona görə diqqət çəkir ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin məhz həmin gün görüşəcəkləri gözlənilirdi. Görüş baş tutmadı, əvəzində İrəvandakı mitinqin təşkilatçısı olan Ermənistan Milli Demokrat Partiyası şurasının üzvü Vaqe Qasparyan Rusiyanın bu ölkədəki səfirliyi qarşısında əzəli hamilərinin əleyhinə radikal çıxışlar etdi, rus xalqına qarşı təhqiramiz fikirlər səsləndirdi: “Ermənistan hər zaman Rusiya üçün xırda pul kimi olub. Bu gün anlayırıq ki, Rusiya-Ermənistan dostluğu haqqında əfsanə birdəfəlik gözdən düşüb. Bundan sonra bu, bizim üçün aksiomadır. Biz, erməni xalqı sizə Mixail Yuryeviç Lermontovun “Əlvida, kir-paslı, çirkli Rusiya!” sözləri ilə cavab veririk.” Bir daha qeyd edək ki, bu aksiya da hər hansı müdaxiləsiz baş tutmuşdu.

9 noyabr mitinqindən sonra baş vermiş daha bir hadisə də Ermənistanda Rusiya əleyhinə proseslərin sadəcə ictimai fikir olaraq formalaşmadığını, hakimiyyətdən “qidalandığını” sübut edir. Düşmən ölkənin yüksək tirajlı “Hrapark” qəzetində bununla bağlı maraqlı bir yazı dərc olunub: Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Aleksandr Petrov bu günlərdə qəzetin əməkdaşı ilə şəxsi söhbət əsnasında şikayət edib ki, Ermənistanın eks-müdafiə naziri Karapetyan ilə görüşəndən 4 gün sonra onu işdən qovdular: “Ya mənə nifrət edirlər, ya da çox mürəkkəb proseslər gedir, heç nə başa düşmürəm. Biz Ermənistanın təhlükəsizliyini təmin etmək üçün böyük bazayıq, amma bizdən uzaqlaşırlar və bizimlə əlaqə qurmaq istəmirlər. Yaxşı, dialoqdan yayınırsınız, öz işinizdir. Buna baxmayaraq, Ermənistana dəstək əlaməti olaraq bu günlərdə İrəvan səmasında aviaşou təşkil etdik, xüsusi olaraq müdafiə naziri Suren Papikyanı dəvət etdik, amma o, gəlmədi və hətta idarəsindən adam da göndərmədi. Bu nədir, müttəfiqlərimiz bizə nəyi anlatmağa çalışırlar?”

Göründüyü kimi, Ermənistanın baş naziri “strateji tərəfdaş” dediyi Rusiya ilə elə də dostcasına və müttəfiq kimi davranmır və “ikili” oyun oynamağa çalışır. Bəs erməni ekspertlərin “batmaqda olan Titanik” adlandırdıqları, “Ermənistanın xilası üçün nə qədər mümkündürsə tez bir vaxtda bu gəmini tərk etmək lazım olduğunu” dedikləri Rusiya bütün bunlara çoxmu səbir göstərəcək?..