22 Noyabr 2024

Ermənistanda bütün mina xəritələrini necə alaq? – polkovnikdən açıqlama

Şair Ramaldanov: “Mina təhlükəsi hətta ərazidə təmizlik həyata keçirdikdən sonra da tam aradan qalxmış sayılmır”

Ağdamda yol çəkən texnika tank əleyhinə minaya düşərək partlayıb. Xoşbəxtlikdən texnikanın sürücüsü xəsarət almayıb. Bu hadisə bir daha mina xəritələri mövzusunu gündəmə daşıyır. Azərbaycan dəfələrlə bu haqda beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırsa da, Ermənistanı bütün mina xəritələrini təqdim etməyə çağırsa da, hələ də ortada real nəticə yoxdur. Mülki insanlarımız tez-tez mina partlaması nəticəsində həlak olurlar. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır. Bu isə torpaqla daha çox təmas deməkdir. Hələ qarşıda daha çox işlər görülməlidir. Demək, risklər qalır. Ermənistandan mina xəritələrini tam almamız üçün başqa nələr etməliyik?

Hərbi ekspert Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, mina təhlükəsi hətta ərazidə təmizlik həyata keçirdikdən sonra da tam aradan qalxmış sayılmır. Bu, dünya təcrübəsində var. Minanın yerini müəyyən edən cihaz müəyyən dərinliyə qədər olanları müəyyən edir: “30 il önə basdırılmış minaların bəzilərinin üzərini torpaq axıntıları və digər təbii proseslər nəticəsində yaranan örtük qatı daha qalın təbəqə ilə örtür. Mina axtaran cihaz bəzən dərinliyə görə belə minaların yerini müəyyən edə bilmir. Sonra həmin ərazidə traktor işləyəndə və ya hansısa qazıntı işləri aparılanda dərinlikdə minaların partlaması baş verir. Mən buna görə deyirəm ki, minalanmış ərazidə təmizləmə işləri aparılsa belə, bu heç də o demək deyil ki, artıq yüz faiz orada bir dənə də olsun mina qalmayıb. Belə hallar dünyanın hər yerində olub və bizdə də olması istisna deyil.

Ərazi balaca deyil. Mina sahələri həddindən artıq çoxdur. Çətinlik törədən də odur ki, qarşı tərəf minaları hara gəldi döşəyib. İşğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir. Azərbaycan dövləti əlində olan imkanlardan istifadə edərək mina sahələrini təmizləyir. Bununla əlaqədar təhlükəsizlik tədbirləri də görülür. Türkiyədən də bununla bağlı Azərbaycana heyət gəlib və onlar da mina təmizləmə prosesinə qoşulub. Dövlət tərəfindən beynəlxalq qurumlara müraciətlər olunub”.

Ekspert qeyd etdi ki, Ermənistanın indiyə qədər təqdim etdiyi mina xəritələri 25 faiz dəqiqdir. Ona görə də Ermənistanın verdiyi xəritələrə arxayın olmaq mümkün deyil: “Yəni bizə hətta bundan sonra da hansısa ərazinin mina xəritələrini təqdim etsələr belə, eyni vəziyyət olacaq. Digər tərəfdən, mən hesab edirəm ki, artıq bəlkə də Ermənistanın əlində mina xəritəsi yoxdur. Varsa belə, Ermənistanın verdiyi xəritələr reallığı əks etdirmədiyi üçün Azərbaycanın Ermənistandan xəritə alınması məsələsində enerji xərcləməsinə bəlkə də ehtiyac yoxdur”.