22 Dekabr 2024

Ermənistan Zəngəzur dəhlizinin inşasına başlayır – İrəvanın inadının sonu

1990-cı illərin əvvəllərində Mehridə talanan dəmir yolunun bərpası üçün İrəvana azı 200 milyon dollar lazımdır; politoloq: “Məğlub ölkə qalib tərəfin şərtlərini yerinə yetirməlidir”

Prezident İlham Əliyev Vahid Hacıyevi prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Zəngəzur dəhlizinin açılmasının zəruriliyi haqda bir daha danışdı.

Prezident dedi ki, Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkilir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası isə artıq sürətlə aparılır və gələn il tam istismara veriləcək. Prezidentin barəsində bəhs etdiyi dəmir yolu Horadiz-Ağbənd xəttidir. Hələ 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan layihənin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır. Azərbaycan öz ərazisində bu dəhlizlə bağlı yolların inşası istiqamətində müvafiq addımlar atsa da, Ermənistan tərəfi bu məsələni yubadırdı.

Amma bugünlərdə erməni politoloqlarından biri “11 gün əvvəl Ermənistan əhalisinin ödədiyi vergilərlə Mehri ərazisində türk dəhlizinin tikintisinə başlanılıb”, – deyə xəbər paylaşıb. Ermənistan parlamentinin Avropa inteqrasiya komissiyasının sədri Arman Yeqoyan bu xəbəri təsdiq edəcək fikirlər söyləyib. O deyib ki, Zəngəzur dəhlizinin açılmasını Azərbaycandan başqa, böyük güclər də istəyir. Bu səbəbdən Ermənistan prosesin qarşısını ala bilməz: “Zəngəzurda supergüclərin maraqları kəsişir. Zəngəzur geosiyasi və strateji tarazlıq üçün vacibdir. Zəngəzur supergüclərin maraqlarının kəsişdiyi əsas nöqtədir”. Stokholm Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (ISDP) direktoru Svante Kornel isə bu dəhlizin region üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirir: “Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması region üçün yeni mərhələnin başlanğıcı deməkdir”. Onun fikrincə, regionda yeni reallıqlar var: “Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Şərqlə Qərb arasında ticarət əlaqələrini pozdu, nəticədə alternativ marşrutlara ehtiyac artdı. Zəngəzur dəhlizinin açılması bu mənada dəyərli töhfə ola bilər”.

Azərbaycan Prezidenti: “Ermənilər Cəbrayıla yol çəkmək istəyirdi, ümidləri  gözlərində qaldı”

Qeyd edək ki, AzadlıqRadiosunun erməni xidməti Zəngəzur dəhlizinin keçdiyi ərazidən reportaj hazırlayıb. Yerli ermənilərin və vaxtilə buradan keçən dəmir yoluna nəzarət edən şəxslərin dediyinə görə, 41 km-lik dəmir yolu xətti 90-cı illərin əvvəllərində sökülərək daşınıb. Özü də bu xətt Ermənistana yükdaşımaları, o cümlədən işğal zonasına silah-sursat daşımaq üçün əlavə imkanlar yaratdığı halda, vandal ermənilər dəmir relsləri söküb daşıyıblar. İndi isə Mehri-Qafan dəmir yolunun bərpası üçün 200 milyon dollar vəsait tələb olunur ki, ac-yalavac Ermənistan çətin durumda qalıb. Lakin görünən budur ki, Ermənistan dilənmək bahasına da olsa, xətti bərpa etmək niyyətindədir. Çünki Azərbaycan İranla imzaladığı müqaviləyə əsasən, alternativ dəhlizdən yararlana biləcək, Ermənistan isə dalan dövlət olaraq qalacaq. Odur ki, ermənilər çarəsiz şəkildə Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının tələbinə boyun əyməli olacaqlar, buna şübhə yoxdur.

Düzdür, Ermənistanda revanşçı qüvvələr may ayının ilk günlərindən etibarən küçələrə səpələniblər və müəyyən mərkəzlərin əlində oyuncaq rolunu oynayan bu qüvvələr gərginliyi tətikləməyə, 44 günlük müharibədən sonra İrəvanın üzərinə götürdüyü öhdəlikləri pozmağa çalışırlar. Amma situasiyanın gərginləşməsinin Ermənistan üçün fəlakətlərə səbəb olacağını proqnozlaşdıran təkcə Levon Ter-Petrosyan deyil. Bugünlərdə Ermənistanda məşhur jurnalistlər, iqtisadçı alimlər və ekspertlərin də daxil olduğu 70 erməni vətəndaşı ölkənin baş naziri Nikol Paşinyandan Azərbaycana qarşı ərazi iddialarını unutmağı tələb edib. (Axar.az) Onlar bu tələbi Paşinyana ünvanladıqları açıq məktubda bildiriblər. “Hesab edirik ki, Ermənistanda müharibə partiyalarının zamanı geridə qalıb. Qarabağ məsələsinə aid spekulyasiyalarda özünə haqq qazandırmaq istəyən çevrilişçilərin istifadə müddəti bitib. Onlar vətəndaş müharibəsini qızışdıraraq hakimiyyəti ələ keçirmək cəhdindən başqa heç nə istəmir. Tamamilə aydındır ki, qondarma ”millətin xilasediciləri”ndən heç biri nə Azərbaycanla, nə də Türkiyə ilə müharibə etmək niyyətindədir. Bugünlərdə “erməni intiqamı”nın yeganə hədəfi daxili “türkdür”. Biz və bizim kimi düşünən minlərlə vətəndaşın adından Ermənistan Respublikasının legitim hakimiyyətindən öz vədini yerinə yetirməyi və Qarabağ münaqişəsini sülhlə həll etməyi tələb edirik. Heç bir “amma” olmadan sülh istəyirik!” – müraciətdə qeyd olunur. Göründüyü kimi, ermənilərin də içərisində situasiyanı normal qiymətləndirməyi bacaran və ötənlərdən dərs çıxaran kifayət qədər insanlar var. Konkret halda, Ermənistandakı revanşçı qüvvələrə qarşı koalisiya formalaşmaqdadır və şübhəsiz ki, bu, Nikol Paşinyanın əlini gücləndirəcək. 

Fakt budur ki, Azərbaycan Zəngəzur dəhlizinin gerçəkləşməsi ilə regionda yeni reallıqlar, ermənilərin də yararlanacağı iqtisadi inkişafın təməllərini qoyur. İlham Əliyevin uzaqgörən siyasəti, sadəcə, iki-üç ölkənin deyil, ermənilərin də etiraf etdiyi kimi, hətta supergeclərin maraqlarının kəsişdiyi projenin reallaşacağını göstərir. Ermənilər niyə geri çəkilməyə məcbur olur? Supergeclər dedikdə hansı ölkələr nəzərdə tutulur? Zəngəzur dəhlizinin açılması hansı ölkələrə və qüvvələrə problem yaradır ki?

Elçin Mirzəbəyli: Ermənistan tarixinin ən acınacaqlı günlərini yaşayır -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında öncə xatırlatdı ki, Prezident İlham Əliyev 10 noyabr 2020-ci il bəyannaməsinin imzalandığı gündən etibarən əminliklə Zəngəzur dəhlizinin reallaşacağını deyir: “Ermənistanın siyasi rəhbərliyində təmsil olunan şəxslərdən fərqli olaraq, Azərbaycan Prezidenti bütün digər məsələlərdə olduğu kimi Zəngəzur dəhlizi ilə bağlı məsələdə də ölkəmizin gücünə və bu gücün regionda yaratdığı reallıqlara istinad edir. Ermənistanın baş naziri də, digər rəsmi şəxsləri də dövlət rəsmilərindən daha çox dövlətin atmaq məcburiyyətində qaldıqları addımları əsaslandırmağa çalışan ekspertlər kimi danışırlar. Onlardan olsa, hətta Afrikada, Cənubi Amerikada baş verən geosiyasi prosesləri belə, Cənubi Qafqazla əlaqələndirərlər ki, təki Azərbaycanın gücü qarşısında aciz qaldıqlarını etiraf etməsinlər. Şübhəsiz ki, Zəngəzur dəhlizinin reallığa çevrilməsində regionun və dünyanın aparıcı dövlətləri maraqlıdırlar və prosesləri diqqətlə izləyənlər bu layihənin taleyinin 44 günlük müharibənin gedişatı zamanı həll edildiyini başa düşə bilərlər”. E.Mirzəbəyli qeyd etdi ki, Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi ilə bağlı müxtəlif bəhanələr gətirməsinin səbəblərindən biri də daxili amillərlə, həmçinin revanşçı qüvvələrlə bağlıdır: “Paşinyan hökuməti Ermənistan müxalifətinə və cəmiyyətin bir hissəsinə onların eşitmək istədiklərini deyir. Çünki Ermənistandakı siyasi qüvvələr və bu ölkənin vətəndaşlarının əhəmiyyətli hissəsi ayrı-ayrı güc mərkəzlərinin diktəsi ilə hərəkət etməyə alışıblar. Onların anlayışına görə, müstəqillik bölgədə hansısa güc mərkəzinin sifarişlərini yerinə yetirməkdən ibarətdir. Yəni tarix boyu bu işlə məşğul olduqları üçün eyni prosesin sonsuza qədər davam edəcəyini düşünürlər. Reallıq isə ondan ibarətdir ki, Ermənistan müharibəni uduzub, dünya Azərbaycanın qələbəsinin legitimliyini qəbul edib və dövlətlərarası münasibətlərdə tarix boyu dəyişməyən, bundan sonra da dəyişməyəcək ənənələrə uyğun olaraq, rəsmi İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Müharibəyədək müxtəlif bəhanələrə əl atmaq olar. Amma müharibə baş verdisə, məğlub ölkə qalib tərəfin şərtlərini yerinə yetirməlidir. Bu, bütün dünyanın qəbul etdiyi reallıqdır”. Analitik bildirdi ki, Ermənistan rəhbərliyi Zəngəzur dəhlizi ilə bağlı “böyük güclər”in mövqeyini dilə gətirəndə sadə bir həqiqətdən danışmaq istəmir: “Yəni deyə bilmir ki, böyük güclər Ermənistanı qalib ölkənin şərtlərini yerinə yetirməyə məcbur edirlər. Çünki bu şərtlər böyük güclərin zəmanəti ilə Ermənistan tərəfindən yalvararaq qəbul edildikdən sonra rəsmiləşib və yerinə yetirilməlidir. Bunun alternativi yoxdur”.

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

Tural İsmayılov 

Politoloq Tural İsmayılov da əminliklə bildirdi ki, Ermənistan regiondakı yeni reallıqları qəbul etmək məcburiyyətindədir: “Ola bilər ki, bu, Ermənistanın xoşuna gəlmir. Lakin Azərbaycan qalib tərəf kimi, haqlı tərəf kimi regionda şərtləri diktə edən tərəfdir. Eyni zamanda Azərbaycan Cənubi Qafqazın kilid ölkəsidir. Bu baxımdan bundan sonra Cənubi Qafqazın geostrateji dəyəri özünə qayıtmalıdır. Uzun illər Ermənistan və ondan vintcik kimi istifadə edən havadarları regionda gərginliyin olmağında maraqlı olublar ki, bu coğrafiyaya daim təsir imkanları olsun. Lakin cənab Prezidentin uzaqgörən siyasəti və apardığı gərgin siyasi gedişlər sayəsində Azərbaycan nəinki Cənubi Qafqazın, həmçinin Avrasiya məkanının ən önəmli ölkələrdən biridir. Odur ki, Ermənistanın bizim şərtləri qəbul etməkdən başqa heç bir yolu yoxdur”. T.İsmayılov digər məqama da diqqət çəkdi: “Eyni zamanda situasiya elə yetişib ki, Qarabağın işğaldan azad olunmağı ilə Azərbaycanın tranzit ölkə imkanları genişlənib. İndi Avropa ilə Asiyanı birləşdirən istənilən nəqliyyat, kommunikasiya və tranzit imkanlarını Azərbaycan olmadan düşünmək mümkünsüzdür. Ermənilər əllərində heç bir imkan qalmadığının fərqindədirlər. Onların geri çəkilməkdən başqa heç bir yolu qalmayıb. Əksi Ermənistanın dövlət kimi mövcudluq mahiyyətini inkar etmək olar”. Politoloq şübhə etmir ki, həm Paşinyan, həm də revanşistlər bu reallığı görürlər: “Lakin azad siyasi iradəyə malik olmadıqlarından asılı olduqları xarici güclərin direktivlərini daim icra edirlər. Mənə elə gəlir ki, özəlliklə Zəngəzur dəhlizinin açılmağı Çindən Rusiyaya qədər bir çox supergüclərin siyasi və iqtisadi maraqlarına cavab verir. Nəzərə alanda ki, bu ölkələrin biri müharibə ilə çətin vəziyyətə düşüb, Çin isə pandemiya dövründə xeyli psixoloji zədə aldı. Bu baxımdan, Azərbaycanın diktə etdiyi şərtlər regional güclər üçün məqbuldur. İran bu prosesdən müəyyən qədər narahat ola bilər. Lakin biz İranla da Tehran memorandumu imzalamışıq və ortada onun da tranzit imkanlarına hansısa bir təhdid yoxdur. Hansısa ifrat mühafizəkar mollalara baxmayaraq, İran da Zəngəzur dəhlizi reallığı ilə barışacaq. Zəngəzur dəhlizinin açılmağı heç bir ölkəyə problem yaratmır, əksinə, mükəmməl yeni imkanlar yaradır”.