23 Dekabr 2024

Ermənistan siyasi suqsvanq vəziyyətində

Qərb ona qucaq açmış kimi görünsə də, Moskvanın hiddətini üzərinə çəkmək istəmir və İrəvanı hər an kənara itələməyə hazırdır

Ermənistanın Qərblə Rusiya arasında ikili oyun siyasətin növbəti dəfə ifşa olundu. İrəvan Moskva-Brüssel arasında manipulyasiya edə bilmədi. Rusiyadan bütün mənalarda asılı olan ölkə hər bir imkanda Moskvaya arxa çevirir, mövqelərini 90 dərəcə dəyişir, amma işi çətinə düşəndə Rusiyadan, KTMT-dən dəstək istəyir.

Noyabrın əvvəlində Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsindən imtina edən baş nazir Nikol Paşinyanın müəmmalı sərhəd təxribatlarından sonra Brüssel görüşünə razılaşması bu anlamda haqlı suallar doğurmuşdu. Üstəlik, hakim komandada Moskvaya “KTMT-dən və Avrasiya Birliyindən çıxırıq” kimi bəyanatlarla “kəllə atmaq”cəhdləri, o cümlədən sosial şəbəkələrin erməni seqmentində Rusiyanın Gümrüdəki 102-ci bazasının ölkədən çıxarılması barədə çağırışlar diqqət çəkirdi.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə “əgər Rusiya və KTMT Azərbaycanla münaqişəni həll etmək imkanları tapmasa Ermənistan digər beynəlxalq tərəfdaşlara müraciət etmək haqqını özündə saxlayır”  deyərək, Kremli şantaj edirdi. Təbii ki, bu da Moskvanın səbrini daşırdı.

Bundan başqa, noyabrın 23-də İrəvanda ABŞ səfirliyi qarşısında keçirilmiş aksiyada prezident Co Baydenə ünvanlanmış məktub təqdim olunub. Məktubda təşkilatçılar ABŞ-ı Ermənistana daha aktiv dəstək verməyə çağırıblar və Rusiyadan şikayətləniblər.

Aksiyada səslənən bəzi şüarlara diqqət edək: “Bizim xilasımız Amerika və birləşmiş Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını alar”, “Ruslar burnundan uzağı görə bilmirlər, Amerika isə 100 il əvvəli proqramlaşdırır” və s.

Beləliklə, Ermənistan indi siyasi oriyentasiyası ilə bağlı qəti seçim etmək iqtidarında deyil. Qərb (Avropa Birliyi) ona qucaq açmış kimi görünsə də, Moskvanın hiddətini üzərinə çəkmək istəmir və İrəvanı hər an kənara itələməyə hazırdır. Ermənistanın Rusiyanın orbitindən çıxıb Qərbə meyllənməsi cəhdlərini dəyərləndirən rusiyalı ekspertlər də Paşinyanın çıxılmaz (suqsvanq) vəziyyətdə olduğunu təsdiqləyirlər. Paşinyanın və erməni istebleşmentinin Moskvadan incikliyi olsa da, bunu Qərbə meyllənməklə kompensasiya etmək cəhdləri də uğursuzdur. Qərb Ermənistana görə Rusiya ilə qarşıdumanı dərinləşdirməkdə maraqlı ola bilərmi? Ermənistan “it hürən” tərəflə “işıq gələn” tərəfi müəyyənləşdirəcək, öz seçimi edə biləcək iqtidarındadırmı?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan öz siyasi oriyentasiyasını müəyyən etməzdən əvvəl normal dövlətə çevrilməsi üçün müxtəlif istiqamətlərdə prinsipial dəyişiklik etməlidir. A.Mollazadənin sözlərinə görə, Ermənistan mifoloji dənizdən-dənizə ideyasını kənara qoyub müstəqil siyasət aparan ölkəyə çevrilməli, revanşizmə və qonşularına qarşı ərazi iddialarına son qoymalıdır: “Bunları etmədən Rusiya və Qərb arasında oyun oynaya bilməz. Heç bir ölkə Ermənistanın problemlərinin həllinin təminatçısı olmayacaq. Odur ki, Ermənistan qonşuları ilə münasibətlərini yaxşılaşdırmalıdır. Ona görə harasa qaçmaqla, yardım istəməklə revanşizm arzularını yaşatmaq Ermənistanın mövcudluğunu sual altına qoya bilər. Ümumiyyətlə, Qərb Ermənistana görə heç vaxt özünü Rusiya ilə pis etməz”.

Fərəc Quliyev: Ermənistan və havadarları Prezidentin mesajlarını ciddi  qəbul etməlidirlər - "İki sahil"

Fərəc Quliyev 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, heç kim Ermənistana görə siyasətini dəyişməz. Partiya sədrinin fikrincə, Ermənistandan yaxşı maşa yoxdur və element kimi istifadə edilir: “Azərbaycan müharibədən qalib çıxan və diktə edən tərəfdir, bizə nə kömək edəcəklər? Ona görə Ermənistan üzərindən manipulyasiyalar edirlər”.

F.Quliyevin sözlərinə görə, Ermənistanda Sorosun dəstəyi ilə iqtidara gələn qüvvələrdir və Paşinyan qərbyönümlü komanda yaradıb: “Amma Ermənistan MDB-nin, KTMT-nin üzvüdür, rus hərbi bazası Gümrüdə yerləşir, dəmiryollarını Rusiyaya verməyə  məcbur olub, yəni tam Rusiyadan asılıdır. Həmçinin müharibədə erməniləri bizim əlimizdən alan, məhvdən xilas edən Rusiya oldu. İndi kim Ermənistana görə Azərbaycanla döyüşəcək?”

F.Quliyev İrəvanın Qərb və Rusiya arasında var-gəl etdiyini düşünür: “Paşinyanın son açıqlamalarına diqqət etmək lazımdır. O, son hadisələrlə Minsk Qrupunun bölgəyə gəlməsi üçün çalışır. Sərhəd təxribatı da yeni vasitəçilər cəlb etməyə hesablanmışdı. Paşinyan hesab edir ki, sonra müşahidəçi olsun, ardınca sülhməramlı yerləşsin və bununla sərhədlərin delimitasiyası uzansın, təmas xətti yaransın. Ona görə Ermənistan üçün vəziyyət mürəkkəbdir və nə zamansa Rusiyanın çöküşü olarsa, onlar Qərbə doğru seçim edə bilərlər”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev qəzetimizə qeyd etdi ki, Ermənistan strateji seçimini etmiş kimi görünməyə çalışır: “Amma medalın o biri üzü göstərir ki, Paşinyan Qərbə doğru getdiyinə işarə verməklə Rusiyanı öz aləmində şantaj etməkdədir. Ermənistan Rusiyaya mesaj verir ki, ya məni əvvəlki səviyyədə müdafiə edəcəksən, ya da şələ-şüləmi götürüb Avropaya yol alıram. Amma Paşinyan yaxşı bilir ki, KTMT üzvüdür, Rusiyanın 102-ci bazası Gümrüdədir, bu ölkə Moskvanın vassalıdır, sərhədləri, dəmir yolu belə Kremlin əlindədir, hansı qopmadan söhbət gedə bilər?”

F.Əliyev hesab edir ki, Qərb və ABŞ Ermənistanı Ukrayna qədər müdafiə etməyəcək: “Əslində Kiyevi də təkbaşına qoyublar və gözlənilən dəstəyi verməyiblər, rus qoşunları Ukrayna sərhədinə cəmləşib, Gürcüstanda Saakaşvilini azad etdirə bilmirlər, yəni  Paşinyan Qərbə arxayın olub özünü Rusiya ilə düşmən etməməlidir. Ən azından bilməlidir ki, üçtərəfli bəyanatda Brüsselin yox, Moskvanın imzası var. Yəni Ermənistan Avropa İttifaqından 2.6 milyard avro dəstək ala bilər, amma Rusiyadan daha da üz çevirməsi ona yaxşı heç nə vəd etməyəcək. Ümumən Ermənistan ikibaşlı siyasətlə heç bir tərəfi aldada bilməz, açıq mövqeyini nümayiş etdirməli, dilemma qarşısında qalmadığını deməlidir. Bu gün İrəvan küçələrində anti-Putin çağırışlar, Rusiya əleyhinə yaradılmış ab-hava Ermənistanın Kremlin təsirindən uzaqlaşmaq cəhdləri olsa da, yaxın gələcəkdə ciddi dəyişikliklər gözləmirəm”.