22 Dekabr 2024

Ermənistan siyasi rəhbərliyi 10 noyabr tarixində kapituliyasiya aktına imza atmağa məcbur oldu

10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası olmaqla bərabər, uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması münaqişənin hərbi mərhələsinin başa çatması ilə nəticələndi və Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Ən əsası isə 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin israrlı və düşünülmüş mövqeyinin nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan çıxmaq və çıxış qrafikini bizə təqdim etməyə məcbur olmuşdur. Qarabağa artıq heç bir status verilmir və “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi daha yoxdur. Qarabağın da bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın ayrılmaz hissəsidir.

Güclü ordumuzun döyüş meydanında qazandığı bu qələbələr siyasi arenada da qələbənin qazanılmasını təmin etdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyi nəticəni əldə edə bildi.

Həmçinin Bəyanatın Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü təsdiq etməsi də danılmazdır. Azərbaycanın apardığı hərbi əməliyyatlar, əldə etdiyi qələbə və həm texniki imkanlar, operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra olunması baxımından bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır.

44 günlük müharibə ərzində qardaş ölkə Türkiyənin açıq dəstəyi bir çoxlarının müdaxilə cəhdlərini alt-üst etməyi bacardı. Türkiyədən gələn bütün dəstək və həmrəylik nümayişi xalqımızı Qələbəyə bir az da ruhlandırdı. Buna görə də, 2021-ci il 15 iyunda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki qardaş ölkə arasında əlaqələri ən yüksək zirvəyə çatdırdı.

Bu Bəyanatda Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını nəzərdə tutan məsələyə də toxunulmuşdur. İmzalanmış Bəyanata görə reallaşacaq kommunikasiya layihələri ilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisəyə çevriləcəkdir.

Bizim Zəfərimiz həm də Ermənistanın “Böyük Ermənistan” planının məğlubiyyətə uğratdı. Belə ki, “Dağlıq Qarabağ”ın statusu məsələsi arxivə getdi və “Dağlıq Qarabağ”da yeni bir erməni dövlətinin yaradılması ilə bağlı planlar tamamilə pozuldu. Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoymağı bacardı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşmış mifi 44 günə dağıdaraq bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa məcbur edə bildi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyi bacardı. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı