23 Noyabr 2024

Ermənistan Qarabağda ölməyə hərbçilər göndərir

İrəvan “qırmızı xətti” keçir, hərbi əməliyyatlar qaçılmaza çevrilir

Ermənistanın məğlub ordusunun baş qərargah rəisinin müavini Saak Saakyan hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşüb. O, Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumat verib.

Qeyd edək ki, müharibədən dərhal sonra erməni anları Ermənistandakı hərbi komissarlıqlar qarşısında etiraz aksiyaları keçirərək övladlarının yad torpağa-yəni Azərbaycanın Qarabağ bölgəsinə “xidmətə” göndərilməsinə etiraz edirdilər. Ermənistan hakimiyyəti etirazlardan sonra çağırışçıların Qarabağa aparılmayacağını bəyan etdi. İndi, görünür, Rusiya sülhməramlılarının kölgəsi altında arxayınlaşanlar 10 noyabr üçtərəfli razılaşmasına ziddi olaraq Qarabağa qanunsuz hərbi xidmətçi göndərməyə qərar verib.     

“Ermənistan KİV-lərində ölkənin silahlı qüvvələrinin baş qərargah rəisinin müavininə istinadən yayılan məlumat birmənalı şəkildə Ermənistan rəsmiləri tərəfindən Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsi ilə bağlı edilən növbəti etirafdır”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva belə bəyanatla çıxış edib. O bildirib ki, bu, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatını kobud şəkildə pozmasıdır.

“Xatırladırıq ki, sözügedən bəyanatın 4-cü maddəsinə istinadən, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Tərəfimizdən bundan əvvəl dəfələrlə Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozduğu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etmişik”, – deyə XİN rəsmisi əlavə edib.

Onun sözlərinə görə, hazırda Azərbaycan münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atır.

“Belə bir vaxtda Ermənistan tərəfinin yanaşması onun bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir. Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir. Bu, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür”, – deyə Leyla Abdullayeva qeyd edib.

Bəs belə bir vəziyyət Azərbaycanı güc yoluna əl atmağa vadar edə bilərmi? Göndəriləcək müddətdən artıq hərb qulluqçuları dərhal zərərsizləşdirmək lazımdırmı?

Erməniləri təxribatlara sövq edən Rusiyadır

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın 44 günlük müharibədən nəticə çıxarmadığı hər keçən gün daha qabarıq şəkildə görünür: “Rus sülhməramlılarının bölgədə yerləşməsi onlarda bir arxayınlıq yaradıb. Düşünürlər ki, sülhməramlılar olduğu üçün Azərbaycan heç vaxt güc yoluna əl atmaz. Ona görə də Azərbaycan Ermənistana yanlış düşüncələrə qapıldığını sübuta yetirməlidir. Azərbaycan Prezidenti İlham Əliyev silahlı qüvvələr günü Kəlbəcərdə komando briqadanın döyüş bayrağının təqdim edilməsi tədbirində bir daha sərt şəkildə bəyan etdi ki, dəmir yumruq yerindədir. Ermənilər Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmamağın bədəlinin ağır olduğunu 44 günlük müharibədə yaşayıblar. Bu xəbərdarlıq da boşuna deyil. Azərbaycan ərazilərindəki erməni silahlı birləşmələrini bu günə qədər Ermənistan çıxarmayıb. İndi isə bir qədər də irəli gedərək müddətdən artıq hərbi qulluqçuların Azərbaycan ərazisinə göndəriləcəyi bəyan edilirsə, bu, artıq Azərbaycan üçün həmin qüvvələri zərərsizləşdirməkdən başqa yol qoymur. Ona görə də Azərbaycanın müvafiq güc strukturları, hərbi qüvvələri Azərbaycan ərazisinə Ermənistandan göndəriləcək istənilən növ silahlı şəxsi, qüvvəni zərəsizləşdirmək üçün antiterror əməliyyatı keçirmək hüququna malikdir. Hesab edirəm ki, Azərbaycan istənilən an bu hüququndan istifadə edə bilər. Azərbaycan Silahlı Qüvvələrinin gücü ərazimizdəki erməni silahlılarını qısa müddətdə tamamilə məhv etməyə qadirdir”.

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, Ermənistan ordusunun baş qərargah rəisinin müavininin bu bəyanatı Ermənistanın “qırmızı xətti” keçməsindən xəbər verir. Eyni zamanda bu bəyanat Ermənistan tərəfinin sülh sazişinin imzalanmasına qarşı siyasətinin davam etməsidir: “Yenə də Ermənistan təxribatçı siyasət yürüdür. Bu, atəşkəs rejiminin tez-tez pozulması, və verilən bəyanatlarda özünü göstərir. İndi də Azərbaycan ərazisinə müddətdən artıq hərbi qulluqçular göndəriləcəyi bəyan edilir. Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, 10 noyabr tarixli bəyanatın imzalanmasından sonra baş verən və baş verəcək bütün hadisələrə görə Ermənistan hakimiyyəti, Nikol Paşinyan məsuliyyət daşıyır və daşıyacaq. Ona görə də Ermənistan hakimiyyəti rus sülhməramlılarına arxayın olmaq əvəzinə 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməli və Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmalıdırlar. Əks halda, Ermənistanı daha ağır cəza gözləyir. Azərbaycanda 44 günlük müharibədən sonra keçən müddətdə ordunun daha da gücləndirilməsi prosesi gedib və gedir. Bu elə-belə məsələ deyil. Ermənistan dövləti bundan da nəticə çıxarmalıdır. Beynəlxalq konvensiyalar, qanunlar da Azərbaycana öz ərazisində antiterror əməliyyatları keçirməyə imkan verir. Onu da unutmamalıdırlar ki, növbəti hərbi qarşıdurma eyni zamanda Ermənistan ərazisində olacaq. Bu da Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxaracaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”