23 Dekabr 2024

Ermənistan ordusunda təlim səfərbərliyi: məğlub ölkə nəyə hazırlaşır?

Hərbi ekspertlər açıqladı; kapitulyant ölkə ordusunu qısa müddətdə yığa bilməyəcək, çünki…

Ermənistanda növbəti 3 aylıq hərbi təlim-məşq toplanışı elan edilib. Maraqlıdır, məğlub ölkə nəyə hazırlaşır? “Yeni Müsavat” xəbər verir ki, Ermənistan hökuməti ehtiyatda olan əsgərlər və zabitlərin növbəti qismi üçün 3 ay müddətində – 15 sentyabr-15 dekabr 2021-ci il tarixləri arasında təlim keçməsi haqqında fərman verib. Məlumata görə, “proses davamlı olacaq, önümüzdəki illərdə yeni hissələr və yeni ehtiyatçılar cəlb ediləcək”.

Avqustun 25 -də ehtiyatda olanların təlim-məşq toplanışının dörddə biri artıq başlayıb və noyabrın 25-də başa çatacaq. Kapitulyant ölkə bu toplanışlarla nəyə hazırlaşır, gerçəkdənmi özünə normal ordu qurmağı və müharibəyə hazırlaşmağı xəyal edir?

Bir tərəfdən söyləmək olar ki, belədir, səbəb Rusiyanın son vaxtlar erməni ordusunu yenidən dirçəltmək səyləri və modernizasiya etməsidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistana yeni silahların verilməsinin ölkəsinin suveren işi olduğunu bildirir və İrəvanı hərbi-siyasi müttəfiq adlandırır. XİN başçısı Sergey Lavrov da Ermənistana müttəfiq, Azərbaycana qonşu ölkə deməklə Kremlin münasibətini nümayiş etdirmişdi. O baxımdan Moskvanın dəstəyindən motivasiya alan Ermənistan öz ordusunu təzədən qurmaq həvəsinə düşə bilər. Amma 44 günlük müharibədə 10 mindən çox itkisi olan ermənilər aldığı bu zərbədən sonra çətin ki, özlərinə gəlsinlər və müharibə arzusu ilə yaşasınlar. Əslində son seçkidə Paşinyana səs verilməsi də elə müharibəyə “yox” deyilməsi idi.

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun baş araşdırmaçısı Saymon Vezemen deyir ki, Rusiya indiyə qədər Ermənistana ancaq Sovet dizaynlı silahlar verib, amma Rusiyanın əlində müasir silahlar da var. Şərhçi ehtimal edir ki, Ermənistan üçün aktual sual Azərbaycanın müasir dronlarını neytrallaşdırmaq ola bilər. Rusiyadan silah almaqla yanaşı, erməni ordusunda struktur dəyişiklikləri də baş verir. Bu ilin sonuna qədər orduda diviziyalar ləğv ediləcək, qalan şəxsi zabitlər ixtisara salınacaq.

Ermənistan Nazirlər Kabineti pilotsuz uçuş aparatları İdarəsinin yaradılması, Ermənistan ordusunda hərbi texnikanın inkişafını qərara alıb. Qərar 2020-ci ildə Qarabağda döyüş əməliyyatları nəzərə alınmaqla qəbul edilib. Erməni ordusunun müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə təchiz edilməsi proqramı haqda məlumat göstərir ki, ermənilər Azərbaycanda Silahlı Qüvvələr quruculuğu təcrübəsini oğurlamağa (və ya kopyalamağa) başlayıblar. Ermənistan ağır dronları xarici ölkələrdən alacaq, yüngül tipli, əsasən kəşfiyyat pilotsuz uçan aparatları isə öz müəssisələrində istehsal etmək niyyətindədir. Lakin bu dağılmış və “Dəmir yumruq” görmüş erməni ordusunu təzədən yığmaq, təlim toplanışları kimə lazımdır?

Oxu.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Üzeyir Cəfərov 

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, onların keçirdiyi təlimlər səbəbsiz deyil: “44 günlük müharibədə xeyli hərbi hissələri başsız, xeyli zabit, bölük və tağım komandirləri vəzifələri boş qalıb. Bu ştatları qaydasına salmaq üçün səfərbərlik elan ediblər, 3 aylıq kurslardan sonra onlar hərbi hissələrə təyin olunacaqlar. Çünki Ermənistanda əvvəlki vəziyyət deyil, xeyli ölənləri, yaralıları var. Bu ştatları tədricən bərpa etmək üçün zabit kadrlarına ehtiyac yaranıb. Hələ onlara xeyli kiçik komandirlər, yəni bizim dillə desək, MAXE-lər lazımdır. Bunu doldurmaq üçün kadrları hardan gətirsinlər? Ona görə yeganə çıxış yolu təlim toplanışı etməkdir”.

Ü.Cəfərov hesab edir ki, təlimə gələnlərlə çox işləməlidirlər, onlarda vərdişlər yaranmalıdır: “Onlar güllə, mərmi, tank səsi eşitməlidirlər. Rusiyanın ermənilərə silah verirəm, dəstək oluram deməsi gözə kül üfürməkdir. Təcrübəsiz erməni artilleriya qurğusundan, yaxud tankdan necə istifadə edəcək? Onun zabit kimi yetişməsinə illər lazımdır. Ona görə düşünmürəm ki, aktiv döyüşlərə hazırlaşırlar. Sadəcə, bir işdir. Hər hansı narahatlıq görmürəm. Sözsüz ki, biz də əl-qolumuzu sallamırıq. Yeni hərbi hissələr, dislokasiya aparılır, Türkiyə ilə təlimlər keçirilir, iş görülür”.

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan ordusu müharibədə fundamental itkilər verərək geri çəkilmək məcburiyyətində qalıb: “Əsas qüvvələrin böyük hissəsi Qarabağda bu və ya digər şəkildə itkiyə məruz qalıb. Eyni zamanda, hərbi texnika sarıdan itki veriblər. Lakin Ermənistan ərazisində dislokasiya olunmuş hərbi hissələri, İrəvan hərbi dairəsinə daxil qüvvələri saxlaya biliblər. Onlar müharibədə iştirak etmirdi. İndi həmin hərbi dairəni yenidən formalaşdırırlar. Bu formalaşma prosesinə əvvəllər hərbi xidmətdə olmuş şəxslər cəlb edilirlər. Bunu təlim kimi qiymətləndirməzdim. Zabit heyətində ciddi çatışmazlıqlar mövcuddur. Onlar düşünmürdü ki, müharibədə bu qədər zabit heyətinin itkisi ola bilər”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Ramil Məmmədli

Ekspertin sözlərinə görə, Azərbaycanda bəzi icmalçılar belə fikirlər səsləndirirlər ki, guya Ermənistan ordusu müharibə hazırlaşır: “Bu, müharibə hazırlığı deyil. Onlarda 44 günlük savaşdan sonra birinci mərhələ yekunlaşmayıb, yəni kiçik komandir heyəti tam formalaşmayıb. Tağım və bölük komandiri itkiləri kompensasiya olunmayıb, ona görə komplektləşmə getməsi üçün mərhələli səfərbərlik elan ediblər. Bu proses yaxın 3-4 ildə yekunlaşa bilər. Dünyanın heç bir ölkəsi müharibədən çıxandan sonra dərhal savaş etməyib. Ona görə Ermənistanın yaxın dövrdə müharibəyə başlaması haqda fikirlər əsaslı deyil”.

Emin Həsənli

Hərbi ekspert Emin Həsənli isə təlim toplanışlarının bir neçə səbəbi olduğunu düşünür: “İşğalçı-terrorçu rejim erməni xalqına nağıl danışırdı ki, Qarabağı almışıq, ”qəhrəmanlıq”dan dəm vururdular. Amma silahlar kreditlə idi, dəmir yolları Rusiyanın mülkiyyətində, əhali ac-yalavac, xaricdən gələn ianələrlə dolanırdılar, Ermənistan prezidenti Fransada və Amerikada dilənirdi… İndi əhali müharibədə məğlubiyyətdən sonra tələb edir ki, hanı sizin uğurlu siyasətiniz? Onlar da millətçi kəsimi sakitləşdirmək üçün ordu quruculuğu siyasətini ortaya atıblar”.

E.Həsənlinin sözlərinə görə, Rusiya həmişə ermənilərdən istifadə edib: “Eləcə də Fransa, Amerika bizə və Türkiyəyə qarşı onlardan istifadə etməkdədir. Erməniləri bu ərazilərə çar Rusiyası köçürüb, dövlət qurub, silahlandırıb, beynəlxalq güclər də onlardan zaman-zaman istifadə edir. Baxın, Türkiyə gücləndikcə Qərb platformalarında ”soyqırım” söhbətini gündəmə gətirirlər. Amma Azərbaycan ordusu və xalqı öz gücünə işğala son qoyub. Biz 30 il sülhü gözlədik, BMT problemi həll edə bilərdi, etmədilər, özümüz etdik. İndi yenə silahlandırırlarsa, onda birdəfəlik məsələni həll edəcəyik. Onları bizə Allah qonşu etməyib, çar Rusiyası edib və heç kimlə normal qonşuluq qurmurlar. Biz məcburuq ki, məsələni birdəfəlik həll edək. Biz sərsəm ideyalarla silahlanmış bir ölkə ilə axıra qədər belə davam edə bilmərik”.

Ekspert bildirdi ki, Azərbaycan tarixinin həm siyasi, həm iqtisadi, həm hərbi cəhətdən güclü dövrünü yaşayır: “Xalq şəhid verməkdən qorxmur. Türkiyə və Azərbaycan liderləri mesajlar verdilər, münasibətləri normallaşdırmaq üçün təkliflər səsləndi, Ermənistan bu tarixi fürsətdən istifadə etməliydi. Əgər etmirlərsə, xalqımız müharibədən qorxan deyil”.

Emil SALAMOĞLU,

“Yeni Müsavat”