21 Noyabr 2024

Ermənipərəstliklə sülhməramlılıq bir yerə sığmaz

Və yaxud Volkov hərbçi şərəfini ayaqlar altına atıb

«Rusiya sülhməramlılarının komandanlığını yaşayış məntəqələrimizin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq.» Bu bəyanatla çıxış edən  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Xüsusilə hər dəfə Qarabağ iqtisadi rayonunun «Dağlıq Qarabağ ərazisi» kimi qeyd edilməsi də arzuolunmaz haldır: «Bir daha bildiririk ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib».

Həmçinin Müdafiə Nazirliyi Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını nazirliyin rəsmi müraciətində qeyd olunan düzgün toponimlərlə ifadə etməyə çağırır: «Sonda Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların 2022-ci il 26 noyabr tarixli rəsmi məlumatında «Mardakert» və «Martuni» adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq Ağdərə və Xocavənddir.   Həmçinin  Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında «Maqavuz» yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir. Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların «Maqavuz» adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı Çardaqlıdır. Eyni zamanda, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb.»

Azərbaycan Müdafiə Nazirliyi  sülhməramlıların komandanlığına onu da qəti şəkildə bildirib ki, son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır. 

Təbii ki, bütün bunlar bir daha göstərir ki, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti son günlər öz sülhməramlı missiyalarına uyğun olmayan qeyri-qanuni hərəkətlər sərgiləməklə məşğuldur. Xüsusilə erməni hərbçilərin onların yerləşdiyi ərazilərdən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutmaları haqlı suallar yaradır:  ümumiyyətlə belə sülhməramlı qüvvələrə ehtiyac varmı?

Bundan başqa, Azərbaycanın Müdafiə Nazirliyinin  bu bəyanatına və xəbərdarlığına reaksiya verməyən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun burada, Azərbaycan torpaqlarında komandanlığa mənəvi və qanuni haqqını çoxdan itirib. O, bu kimi rəzil missiyası ilə nəiniki sülhməramlılara məxsus hərbçi  xarakteri göstərir, əksinə, işğalçıların qeyri-qanuni əməllərinə himayədarlıq edir. Ona görə də bu ermənipərəst general dərhal həmin missiyaya rəhbərlikdən kənarlaşdırılmalıdır. Eyni zamanda,  onun  qeyri-qanuni hərəkətləri ilə bağlı Rusiya rəhbərliyi ətraflı məlumatlandırılmalıdır.

O da məlumdur ki, general-mayor Andrey Volkovun bu qeyri-qanuni davranışları Rusiya dövlətinin mövqeyi kimi qəbul edilə bilər. Ona görə də bu gün Xankəndidəki bir qrup terrorçu və separatçı dəstənin mənafeyinə xidmət edən Andrey  Volkovun tezliklə cəzalandırılacağına və onun vəzifə səlahiyyətlərinə xitam veriləcəyinə də əmin deyilik.