22 Dekabr 2024

Ermənilərlə sərhəddə görüş – nələr müzakirə olundu?

Rəsmi Bakı hələ xəbəri təsdiqləməyib

Ermənistan-Azərbaycan sərhədində iki ölkənin nümayəndələri görüşüb.

Media1 erməni mediasına istinadən xəbər verir ki, məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

“Teh-Kornidzor sahəsində Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə görüş olub, sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparılıb, nəticədə bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam edir, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək” – deyə, Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib.

Azərbaycan tərəfi hələ ki, görüş barədə rəsmi məlumat verməyib.

Qeyd edək ki, martın 30-da Azərbaycan ordusu sözügedən istiqamətdə bir sıra yüksəklikləri tutub, mövqeləri təchiz edib və Ermənistanla şərti sərhəd sahəsini nəzarətə götürüb. İndiyədək Azərbaycanın hərbi mövqeləri müəyyən məsafədə idi, çünki bu istiqamətdə erməni tərəfi Texdən Laçın dəhlizinin yeni trasına (2022-ci ilin avqustunda istismara verilib) qədər olan yoldan istifadəyə davam edirdi. Ermənilər isə iddia edir ki, Azərbaycan hərbi qüvvələri Tex kəndinin kənarında (şərti sərhəddə) mövqe tutublar. Eyni zamanda, Aravusun sərhədinə gəliblər. Ərazidə traktorlar, texnikalarla möhkəmlənmə işi aparırlar, mühəndislik işləri görürlər, öz postlarını da qurublar. Kənd sakinlərinin iddiasına görə, Ermənistan bu istiqamətdəki – şərti sərhəddəki silahlı qüvvələrini geri çəkib. 

azerbaycan-ermenistan-serhedi.jpg (43 KB)

Qeyd edək ki, aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazirlikdən verilən xəbərə görə, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdıran nazir həyata keçirilən son əməliyyatların planlaşdırılmasına və icrasına cəlb olunan şəxsi heyətə, xüsusilə birliklərin komando heyətinə göstərdikləri peşəkarlığa görə Ali Baş Komandan adından təşəkkür edib, onların fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib. Qısa müddət ərzində icra olunan lokal əməliyyatların Ordumuzun yüksək döyüş əzminin növbəti göstəricisi olduğunu qeyd edib. Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib.

Orxan ƏLİYEV