08 Sentyabr 2024

“Ermənilər fürsət gəzir, bunlar Bakıda aksiya keçirir”

Azər Həsrətdən sərt açıqlama

“Bir az başım qarışmışdı, sosial medianı gec gözdən keçirdim. İndi görürəm ki, Bakının mərkəzində bir qrup şəxs etiraz aksiyası keçirməyə cəhd göstərib. İcazəsiz özü də. Bəxtiyar Hacıyevin azadlığını tələb edirmişlər. Nə deyəsən bu adamlara? Dünya üzərimizə gəlir, Azərbaycan hər tərəfdən basqı altındadır, ermənilər bizi gözdən salmaq üçün fürsət gəzir, bunlar da Bakının ortasında iznsiz aksiya keçirir. Halbuki indiki şəraitdə hər birimizin ilkin vəzifəsi Laçın yolunda, qışın qarında-soyuğunda gecə-gündüz aksiya keçirib ermənilərin və rusların Azərbaycanın üzərinə gəlməsini əngəlləyənlərə dəstək olmaqdır”.

AzNews.az xəbər verir ki, bu barədə tanınmış jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət öz Facebook hesabında yazıb.

Azır Həsrət bildirib:

“İndi Bakını qarışdırmaq, diqqəti ən əsas məsələlərdən yayındırmaq məhz Azərbaycana arxadan zərbə vurmaqdan başqa bir şey deyil. Bəxtiyar Hacıyevin hüquqlarının pozulduğunu iddia edirsiniz? Lap yaxşı, edin. Bunun üçün qanunsuz əməllərə niyə əl atırsınız axı? Ümumiyyətlə, bu dəstədəki adamlar niyə Azərbaycan torpaqlarını talayan ermənilərə və ruslara hər şeydən öncə reaksiya vermir, Bakını qarışdırmaq istəyir? İndi durub demokratiya, insan haqları nağılları danışmayasınız bizə. Biz də bilirik elə şeyləri. Biz də kiminsə hüququnun pozulmasını istəmirik. Amma daha bunun üçün dövlətin bu çətin anlarında Bakıda ortalığı qarışdırmaqla yox da.

Bəxtiyar Hacıyevin hüquqları məsələsinə gəlincə, olmazmı ki, səbr edəsiniz, hüquq-mühafizə sistemi məsələni basqı olmadan araşdırsın? Nədir axı bu hər belə məsələ olanda ortalığı qarışdırırsınız? Etməyin belə. Aranızda elələri var ki, Azərbaycanı Ermənistana təcavüzdə ittiham edir! Kimsiniz axı siz! Ümumiyyətlə, nə haqla ikidə bir vətəndaşı olduğunuz dövləti gözdən salmaq üçün ortalığa atılırsınız?..”

AzNews.az