Erməni təxribatlarının məqsədi: Minsk Qrupunu oyuna salmaq -BƏYANAT
Turan İA xəbər verir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Endryu Şofer, Rusiya Federasiyasından İqor Xovayev və Fransadan Bris Roquefeuil) noyabrın 15-də aşağıdakı bəyanatı yayıblar:
“Həmsədrlər regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə dərin narahatlıqla yanaşırlar. Həmsədrlər tərəfləri vəziyyətin dərhal deeskalasiyası üçün konkret addımlar atmağa çağırır. Həmsədrlər həmçinin tərəfləri qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırırlar.
Son zamanlar gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır. Həmsədrlər tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-York və Parisdə həmsədrlərin himayəsi altında keçirilən birgə görüşləri zamanı əldə edilmiş irəliləyişə əsaslanaraq, regionda təhlükəsizlik, sabitlik və tərəqqi üçün birbaşa dialoqu davam etdirməyə çağırırlar”.
Musavat.com bildirir ki, Azərbaycan ötən ilin 10 noyabrında Üçlü Bəyanatı Rusiya və Ermənistana imzalatmaqla, ATƏT-in Minsk Qrupunu oyundan kənar vəziyyətə sala bilmişdi. Bütün prosesləri 2+2 formatına keçirtməyi bacaran Azərbaycan hazırda Fransa və ABŞ -ın Ermənistandakı rıçaqlarının hərəkətə gətirdiyi bir revanş prosesini yaşamaqdadır. Sanki son günlər baş verən erməni təxribatları ATƏT-in Minsk Qrupunun bu cür bəyanatlarla prosesə müdaxil olmasını təmin etmək üçün törədilir. Bütün bu təxribat prosesi o qədər tələsik aparılır ki, sanki kimsə gedən qatara yetişmək üçün var gücü ilə qaçır.
Beləliklə, Qərb bütün gücü ilə regionda destablizasiya yaradaraq, əldən buraxdığı nəzarəti geri qaytarmağa çalışır.
Nə qədər qəribə olsa da, biz bu fraqmentdə, istəməsək belə, Rusiya ilə müttəfiqik. Baş verən təxribatlar həm də Rusiyanın sülhməramlı missiyasını etibardan salmaq məqsədi daşıyır; keçmiş münaqişə tərəflərinə Kremlin təkbaşına təsirini bölməyi hədəfləyib.