04 Dekabr 2024

Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis bazar ertəsi Ankara və Afinanın qarşıdakı dövrdə izləyəcəyi “yol xəritəsi”ni müəyyənləşdirəcək, ticarət dövriyyəsinin artım perspektivlərini, Qəzzadakı vəziyyəti müzakirə edəcəklər.

“Report”un məlumatına görə, bu barədə “Hürriyyət” qəzeti xəbər yayıb.

Miçotakis Türkiyə Prezidentinin 2023-cü ilin dekabrında Afinaya səfərinə cavab olaraq mayın 13-də Ankaraya səfər edəcək.

Qəzetin yazdığına görə, Ərdoğan və Miçotakis arasında keçiriləcək görüşdə gündəm iqtisadiyyat, nəqliyyat, elm, texnologiya, kənd təsərrüfatı, turizm, səhiyyə, eləcə də humanitar əlaqələr kimi müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi olacaq.

“İki ölkə arasında 6 milyard dollar civarında olan ticarət həcminin 10 milyard dollara çatdırılması üçün atılacaq addımlar qiymətləndiriləcək. Ərdoğan, həmçinin Miçotakisə Türkiyənin regional və beynəlxalq hadisələrə, xüsusən Fələstin-İsrail münaqişəsinə dair fikirlərini və diplomatiyasını açıqlamaq niyyətindədir”, – nəşr yazıb.

Tərəflər arasında səhiyyə və tibb elmləri, o cümlədən təbii fəlakətlər və fövqəladə hallar zamanı əməkdaşlıq haqqında sazişlərin imzalanması gözlənilir.