23 Dekabr 2024

Ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq

Dövlət başçısı İlham Əliyev bu ilin gözləntiləri sırasında Zabux və Sus kəndlərinə də keçmiş köçkünlərin qaytarılacağını bildirməklə tarixi Zəfərimizin sevincinə daha bir sevinc əlavə etdi

Hər yeni ilə qədəm qoyanda il ərzində görüləcək işlər, hədəflər açıqlanır, onların icra mexanizmləri müəyyənləşdirilir. Bu əminlik daim vurğulanır ki, yeni il  əvvəlki ildəkindən  daha möhtəşəm uğurlarla yadda qalacaq. Nəzərə alsaq ki, son iki ildən artıq dövrdə  ölkəmizin həyatında yeni mərhələ başlayıb, bu halda hər birimizi düşündürən məsələ aydındır. Ötən ilin ilk ayında  cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərdən bəhs edərkən Zəngilanın Ağalı kəndinin sakinlərinə tezliklə öz doğma yurdlarına qovuşacaqlarını, eyni zamanda, Şərqi Zəngəzurun hava qapısının dünyaya açılacağını, yəni Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə veriləcəyini bildirmişdi.  Hər bir vəd yerinə yetirildi.

Bu ilin ilk ayında dövlət başçısı  İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində  “Yola saldığımız 2022-ci ildə Laçın şəhərinin mərkəzinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsinə dair tvitlə bizi yenidən sevindirdiniz. Bu da yeni Laçın yolunun çox qısa bir müddətdə salınması sayəsində mümkün oldu. Həm bu məsələlərin əhəmiyyətini Sizdən eşitmək istərdik, həm də bu il – 2023-cü ildə Azərbaycan xalqı belə yeniliklərmi deyim, belə xəbərlərmi deyim, gözləsinmi” sualını cavablandırarkən bildirdi ki,   ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. Çünki dərhal göstəriş verildi, indi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir və indi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq: «Zabux kəndində hansısa varlı erməni tərəfindən evlər tikilibdir. Mən o evləri müvəqqəti olaraq hərbçilərə vermişəm. Mən dedim ki, bizim vətəndaşlar o evlərdə yaşamayacaq. Onlardan biz kazarma kimi istifadə edirik. Amma zabuxlular üçün Zabux kəndində yeni qəsəbə salınır və bu il biz onları oraya göndərəcəyik.»

Qeyd edək ki, ötən ilin uğurlarından bəhs edərkən dövlət başçısı  İlham Əliyevin avqustun 26-da etdiyi paylaşımın hər birimizin Zəfər sevincinə daha bir sevinc qatdığını xüsusi qeyd edirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi “Twitter» səhifəsində Laçınla bağlı belə bir  paylaşım etmişdir:  “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Son iki ildə gündəmin əsas mövzularından biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri olur. Çünki Böyük Qayıdışı tam tərkibdə səbirsizliklə gözləyirik. Bu ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə etməklə dayanıqlı inkişafımıza  geniş imkanlar yaranacaq.  Azərbaycan hər zaman ilklərə imza atması  ilə diqqətdə olur. Son iki ildə ölkəmizin bu yenilikləri sırasında işğaldan azad  edilmiş ərazilərimizin  «ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində bərpasını qeyd edirik.  Zəngilan rayonunda “ağıllı kənd” layihəsi çərçivəsində yenidən qurulan Ağalı kəndi ötən il  sakinlərini qarşıladı. Bu mühüm hadisəni  Böyük Qayıdışın ilk addımı kimi dəyərləndirən cənab İlham Əliyev bir daha tarixi Zəfərimizdən sonra aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası fonunda bildirdi ki, hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Dövlət başçısı bu çağırışı da etdi: “Biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.»

Prezident İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məqama xüsusi diqqət yönəldərək qeyd etmişdir ki, İkinci Qarabağ müharibəsi başa çatandan bir ay sonra “Azərenerji” ilə “Ansaldo” arasında çox önəmli müqavilə imzalanmışdır. İşğaldan azad edilmiş torpaqlar 10 min kvadratkilometrə bərabərdir: «Müqayisə üçün deyim ki, Livan boyda bir ərazidir. Burada hər şey dağıdılıb, ona görə biz hər şeyi yenidən qururuq və istəyirik ki, bu işlərdə daha çox İtaliya şirkəti iştirak etsin – həm inşaat, həm xidmət, həm sərmayə səhələrində, həm də kontraktor kimi. Artıq İtaliyanın “IVECO” şirkəti orada öz müəssisəsini yaratmağa start verib. Orada yük maşınlarının istehsalı nəzərdə tutulur. Ona görə gündəlik çox genişdir və əminəm ki, səfər zamanı bütün bu məsələlər geniş müzakirə ediləcək.»

Bu məqamı qeyd etməyimiz səbəbsiz deyil. Azərbaycan bərpa işlərində dost ölkələrin şirkətlərinin iştirakında maraqlıdır və bu istiqamətdə birgə fəaliyyətə yönələn addımlar atılır. Dövlət başçısı müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan Türkiyə və İtaliya şirkətlərinin bərpa işlərində fəal iştirakını yüksək dəyərləndirir.

Prezident  İlham Əliyevin ötən il imzaladığı  «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında»  Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan  öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoydu. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb.  Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Dövlət başçısı İlham Əliyev soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün zəruri addımları atır. İmzalanan hər bir sənəd bu hədəfin tamamilə gerçəkləşməsinə xidmət edir.  «Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək» söyləyən Prezident  İlham Əliyev bildirir ki,  Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik.  Zabux və Sus kəndlərində də 200-dən çox ailə məskunlaşacaq.

O da qeyd edilir ki,  çox kəndlərdə artıq inşaat işlərinə başlamışıq. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik.

Qürurvericidir ki, Qarabağa və Şərqi Zəngəzura qayıdışın ardınca  Qərbi Azərbaycana da  qayıdacağımızdan bəhs edirik. Tarix araşdırılır, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir» söyləyərək bu reallığı da diqqətə çatdırdı ki, ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da  bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var: «XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.»

Tarix faktlara əsaslanır. Ən əsası təbliğat real həqiqətlərə, tarixi faktlara söykənəndə daha uzunömürlü və inandırıcı olur. Bu gün Azərbaycan Qərbi Azərbaycana qayıdışı tarixi faktlara əsaslanaraq tarixi ədalətin bərpası fonunda bəyan edir. Çoxəsrlik tariximizi vərəqlədikcə bu reallıqlar öz təsdiqini tapır ki,  erməni millətçilərinin ayrı-ayrı dövrlərdə  həyata keçirdikləri  qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının qat-qat olduğunu  dünyaya təqdim edən faktlar, eyni zamanda,  tariximizi unutmamağa bir çağırışdır. O çağırış ki,  ermənilər  daim havadarlarının dəstəyinə arxalanaraq, özlərini beynəlxalq ictimaiyyətə «yazıq, məzlum, döyülən və əzilən» xalq kimi təqdim edib, dünya bu yalanları həqiqət kimi qəbul edərək, onları ərköyün uşaq kimi əzizləməkdən sanki zövq alıb. Amma unudulub ki, bir cinayətin cəzasız qalması növbəti cinayətə yol açır. Necə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə  XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı yaşandı.  Tarixi vərəqləməklə bu qətliama qədər azərbaycanlıların və türklərin müxtəlif zamanlarda ermənilərin soyqırımı və deportasiya siyasətinə məruz qaldıqlarının şahidi olar, bu günə qədər vəhşiliyi, insanlığa qarşı terroru özləri üçün bir prinsipə çevirən ermənilərə «gözün üstə qarşın var» deyilməməsindən təəssüf hissi keçiririk. Aparılan araşdırmalar nəticəsində  erməni vəhşiliyini təsdiqləyən  çoxlu sayda  yeni faktlar və sənədlər toplanıb.  Saxta tarix yazıb, illərdir dünyanı özlərinin də inanmadıqları yalanlarına inandırmağa çalışan ermənilərin hər zaman fakt qarşısında aciz qaldıqları göz önündədir. Bu gün erməni vəhşiliklərinə işğaldan azad edilmiş torpaqlarımız  şahidlik edir. 30 il işğal altında saxladıqları bu ərazilərimizdə törədilən vəhşiliklər dünyanın gözü qarşısındadır. Tez-tez diplomatlar, səyyahlar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri bu torpaqlarda olurlar. Onlar gördükləri mənzərələrdən dəhşətə gəlirlər. Əgər bu torpaqlar ermənilərin və onların havadarlarının apardıqları yalan təbliğata uyğun olaraq  mənfur düşmənə aid  olsaydı bu vəziyyətə salınmazdı. Ermənilər bu ərazilərdə bir daşı daş üstə qoymayıblar. Azərbaycan xalqının izini bu ərazilərdən  silmək üçün bütün tarixi və dini abidələri yerlə-yeksan ediblər. Yenə də tarixi unudublar ki, bu yanlış düşüncələri ilə tarixi inkar etmək imkanında deyillər. Gec-tez ədalət zəfər çalır. Azərbaycan 30 illik işğala 44 gündə son qoymaqla həm gücünü, qüdrətini nümayiş etdirdi, həm də ədalətin, beynəlxalq hüququn mövcudluğunu sübut etdi.

30 illik işğal dövründə Qarabağ münaqişəsindən bəhs edərkən  cənab İlham Əliyev daim bu çağırışı edirdi ki,  biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq: «Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.»

Hadisələrin gedişindən, tarixi faktlara əsaslanan təbliğatımızın sürətindən, görülən işlərin miqyasının genişliyindən də göründüyü kimi, artıq  hədəfə doğru addımlayırıq. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi,  Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.

Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib. Bu Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər təşkil olundu. Müzakirələr zamanı yüzlərlə təklif irəli sürüldü, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elektron poçtuna çoxsaylı təkliflər daxil oldu. Bütün təkliflər İşçi Qrupunda sistemləşdirildi, təhlil edilərək ümumiləşdirildi. Həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması işində hər kəs fəal olmalıdır. Tarixi həqiqətləri  bir daha diqqətə çatdırmaq istərdik. Son 200 ildə Qərbi azərbaycanlılar Ermənistan tərəfindən etnik təmizləmələrə, deportasiyalara, soyqırımlarına məruz qalıblar. Bu proses XIX və XX əsrlər boyu davam edib. Sonuncu deportasiya zamanı Qarabağ münaqişəsinin ilk mərhələsində 1987-1991-ci illərdə Qərbi Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsindən 300 minə yaxın azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qovulub. Təkcə sonuncu deportasiya zamanı, yəni  1988-1991-ci illərdə 300-ə yaxın məscid, 500-ə yaxın qəbiristanlığımız ermənilər tərəfindən dağıdılıb. Hər zaman qeyd etdiyimiz kimi, dünya erməni vəhşiliklərinə biganə qalmaqla etimadsızlıq mühiti yaradır ki, bu da özlüyündə ədalətin və beynəlxalq hüququn mövcudluğunun ermənilər və ermənipərəst dairələr tərəfindən inkarına yol açır.  30 illik işğal dövründə Azərbaycan belə ədalətsizliklərlə üz-üzə qalsa da 44 günlük İkinci Qarabağ münaqişəsi belə əsassız yanaşmalara son qoydu.  Tarixi ədalətə söykənən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük əminliklə bu fikri bəyan edir ki, necə  vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.