08 Sentyabr 2024

Əliyevdən Naxçıvanla bağlı tarixi qərarlar – Prezident nəzarəti öz üzərinə götürdü

Muxtar bölgəyə səlahiyyətli nümayəndənin təyinatı yeni modelə keçid hazırlığıdır; Naxçıvanın statusu dəyişir, post-Talıbov dövründə nələr gözlənilir?

Dekabrın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. “Yeni Müsavat” xatırladır ki, fərmana əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilir.

“Səlahiyyətli nümayəndəlik haqqında Əsasnamə” də təsdiq edilib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib. Belə ki, bununla bağlı İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Eyni gündə Prezidentin sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Prezidentin Naxçıvan nümayəndəsi bu universiteti bitirib Yenipress.az

Fuad Nəcəfli Naxçıvanın Şahbuz rayonu, Kolanı kəndindəndir. Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurasının üzvlərindən biri, həmçinin də “PAŞA Holdinq” MMC-nin əməkdaşı olub. Dekabrın 22-də İlham Əliyev Fuad Nəcəflini qəbul edib, ona müvafiq tapşırıqlarını verib. O sırada tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin.

Dövlət başçısının Naxçıvanla bağlı verdiyi bütün bu qərarlar sözsüz ki, tarixi önəm daşıyır və ən əvvəl özünəməxsus coğrafiyada yerləşən “kiçik torpaq”da idarəçiliyin, iqtisadi fəaliyyətin daha şəffaf olmasına, korrupsiyanın minimuma endirilməsinə yönəlib. Bu hədəflərə nə dərəcədə nail olunacaq?

Yeri gəlmişkən, Fuad Nəcəfli artıq iş başındadır. Bu barədə musavat.com-a Naxçıvandakı mənbələr məlumat verib. Həmçinin Prezident Administrasiyasının rəhbər şəxsləri Naxçıvandadır.

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

 Çingiz Qənizad

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Prezident tərəfindən Naxçıvana səlahiyyətli nümayəndə təyinatını alqışlayır.

Onun sözlərinə görə, uzun illər baş alıb gedən inhisarçılıq, korrupsiya, özbaşınlıqlara bundan sonra son qoyulacağına ümid edir: “Təsadüfi deyil ki, Naxçıvanda boya-başa çatmış şəxs səlahiyyətli nümayəndə təyin olunur. İlk növbədə onların xarakterini, istək və arzularını bilir, dərk edir, bu mənada insanlarla işləmək yeni nümayəndə üçün asan olacaq. Eyni zamanda, istək olan yerdə hədəflərə çatmaq da mümkündür. Əgər prezident neqativ halların aradan qaldırılması üçün addım atırsa, deməli, Naxçıvanda hədəflərə çatılacaq. İnanıram ki, yeni nümayəndə etimadı doğruldacaq. Ümidvaram ki, Naxçıvanda baş verənlərdən digər bölgələrdə məmurlar dərs götürəcək. Vəzifə insanları alçaltmaq, kölə kimi işlətmək üçün deyil, xalqa xidmət etmək lazımdır”.

Deputat Vahid Əhmədovun sözlərinə görə, hazırda bizim 14 iqtisadi rayonumuz var, biri də olsun Naxçıvan iqtisadi rayonu və beləcə say 15-ə çatdırılsın: “15 iqtisadi rayona Prezidentin 15 xüsusi nümayəndəsi rəhbərlik etsin. Məncə, bunu etmək lazımdır. Hiss edirəm ki, buna hazırlıq çoxdan gedirdi. Fikir vermisinizsə, rayonlarda müəyyən idarələr ləğv edildi, əvəzində regional qurumlar quruldu. Bunların hamısı dediyim işlərə bir növ hazırlıqdır”.

Natiq Cəfərli: “Təklifimizi dövlət qəbul etsə, ölkədə qiymət artımının  qarşısı alınacaq”

 Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələnin müzakirəsində bəziləri tez-tez müxtəlif beynəlxalq sənədlərə, Qars müqaviləsinə, Moskva sənədinə istinad edirlər: “Tamamilə məntiqsiz yanaşmadır, hüquqi əsası yoxdur və bu, Azərbaycan Respublikasının Konstitusiyasında aydın şəkildə yazılıb. Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin 2-ci bəndi: Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Açıq-aydın yazılıb ki, Naxçıvanın statusu ölkə Konstitusiyası ilə müəyyən olunur, deməli Ana Yasanın referendumla dəyişdirilməsi baş verəcəksə, yeni redaksiyada da Naxçıvanın statusu müəyyən edilə bilər və buna heç bir beynəlxalq sənədlər mane ola bilməz”.

N.Cəfərlinin sözlərinə görə, artıq illərdir bu haqda yazırıq: “Ölkənin gələcək inkişafı, idarəetmənin təkmilləşdirilməsi və iqtisadi-sosial problemlərin, hətta Xankəndi məsələsinin həlli üçün məmləkətdə yeni Konstitusiyası qəbul edilməli, unitar dövlət olan Azərbaycanda Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla, 14 inzibati ərazi vahidi yaradılmalı (indiki 14 iqtisadi rayonlara uyğun şəkildə), yerli özünüidarə gücləndirilməli və Mer institutları təsis edilməlidir. Hakimiyyətin qolları arasında səlahiyyət və məsuliyyət bölgüsü klassik idarəetmə fəlsəfəsinə görə müəyyənləşdirilməlidir – gecikmədən bu addımların atılması vacibdir”.

Emil SALAMOĞLU