22 Noyabr 2024

Əliyev “dəmir yumruğu” işə saldı: Paşinyan “strateji silah”ına sarıldı

Ermənistan baş naziri Nikol Paşinyan və digər erməni rəsmilər öz telefon zəngləri ilə yenidən dünya liderlərinin zəhləsini tökməyə başlayıblar; Rəsmi İrəvan növbəti biabırçı hərbi məğlubiyyətə görə Rusiyanı və revanşist müxalifət düşərgəsini günahlandırmağa çalışır…

Azərbaycan-Ermənistan sərhəd bölgəsində hərbi vəziyyət maksimum həddə qədər gərginləşib. Ermənistanın hərbi təxribatları silahlı toqquşmara səbəb olub. Və Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin hücumuna qarşılıq vermək məcburiyyətində qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Ancaq Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan ordusu Kəlbəcər və Laçın istiqamətində dərhal döyüş əməliyyatı həyata keçirib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Göründüyü kimi, sərhəd bölgəsində vəziyyət olduqca ciddidir. Eyni zamanda, belə vəziyyətin yaranması da bir qədər gözlənilməz xarakter daşıyır. Çünki Paşinyan hakimiyyətinin son hərbi-siyasi təxribatlarının məqsədi müəyyən şübhəli hədəflərin ola biləcəyindən xəbər verir.

Xüsusilə də, bir gün öncə qalmaqallı və avantürist müdafiə naziri Arşak Karapetyan istefaya göndərilmişdi. Onun əvəzinə isə baş nazir Nikol Paşinyanın yaxın ətrafına aid olan Suren Papikyan müdafiə naziri təyin edilmişdi. Və güman etmək olardı ki, Paşinyan hakimiyyəti, eləcə də yeni müdafiə naziri Suren Papikyan bundan sonra daha realist mövqeyə üstünlük verəcək.

Hər halda, Paşinyan hakimiyyəti Ermənistan ordusunun mövcud vəziyyətini və döyüş qabiliyyətini bilməmiş deyil. 44 günlük savaşda darmadağın edilmiş Ermənistan ordusunun pərakəndə silahlı dəstələri ilə hərbi əməliyyatlara başlamaq, növbəti avantüradan başqa heç nəyə oxşamır. Çünki, rəsmi İrəvan Ermənistan ordusunun nəinki hücum əməliyyatlarına, hətta ölkəni müdafiə etməyə belə, qadir olmadığını əvvəlcədən dəqiq bilirdi. Belə olan təqdirdə, bu reallığa döyüş meydanında biabırçı məğlubiyyətlə növbəti dəfə əmin olmağa nə ehtiyac var idi?

Onu da qeyd edək ki, Ermənistan mətbuatı yeni müdafiə naziri Suren Papikyanın bu postda müvəqqəti olduğunu iddia edir. “Joxovurd” qəzeti iddiasına görə, Ermənistan baş naziri Nikol Paşinyan Suren Papikyanı Müdafiə Nazirliyində baş verənləri öyrənmək məqsədilə bu quruma göndərib: “Nazirlikdə “didişmə” var. Hərbi məmurlar bu və ya başqa bir işlə bağlı məsuliyyəti bir-birinin üzərinə atırlar. Yüksək rütbəli və vəzifəli rəislərə bir-birini satırlar”.

“Joxovurd” onu da vurğulayıb ki, hökumət başçısı Müdafiə Nazirliyini “əməlli-başlı” “silkələmək” niyyətindədir: “Bu silkələmə nəticəsində Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan, onun müavinləri və başqa generallar da daxil olmaqla, çoxlarının başı uçacaq”.

Əlbəttə, erməni baş nazirin bəlkə də, Ermənistan Müdafiə Nazirliyi ilə bağlı hansısa siyasi məqsədlərə bağlı planları ola bilər. Ancaq hazırda baş verənlər yalnız erməni generalitetini deyil, bütövlükdə Ermənistanı real təhlükə qarşısında qoyub. Və bu, Paşinyan hakimiyyətinə olduqca baha başa gələ bilər.

Ancaq maraqlıdır ki, hazırda baş verən hadisələri Ermənistanın “Qraparak” qəzeti bir qədər fərqli arqumentlər ilə izah etməyə çalışır. Qəzet iddia edir ki, hazırda müharibə vəziyyətinin yaradılması ilk növbədə baş nazir Nikol Paşinyanın siyasi maraqlarına tamamilə cavab verir. Sadəcə, bu savaşın mümkün qədər qısamüddətli olması vacibdir: “Müxtəlif Rusiya siyasi dairələri Ermənistan müxalifətini Nikol Paşinyana qarşı təzyiqlərdən imtinaya razı salmağa çalışırlar. Çünki, baş nazir Nikol Paşinyan 9 noyabr videokonfransından məhz həmin təzyiqlərə görə imtina etmək məcburiyyətində qaldı. Nəticədə Azərbaycan tərəfini məsələni güc yolu ilə həll etməyə sövq etdi”.

İddia olunur ki, hazırda rusiyalı emissarlar, o cümlədən də Rusiyanın Ermənistandakı səfiri müxtəlif müxalifət dairələrinin nümayəndələri ilə görüşlər keçirərək, onları demarkasiya prosesinə razı salmağa çalışırlar. Hələlik buna nail olunmadığından baş nazir Nikol Paşinyan problemin dinc yolla həllindən geri çəkilmək məcburiyyətində qalıb. Onun əsas məqsədi hakimiyyətinin devrilməsini və özünün sonradan xain edilməsini əngəlləməkdən ibarətdir.

Belə anlaşılır ki, erməni baş nazir çox təhlükə hərbi-siyasi avantüralarla məşğuldur. O, öz siyasi hakimiyyətini qorumaq naminə hərbi-siyasi təxribatlar törətməklə, böyük riskə gedir. Böyük ehtimalla Ermənistan növbəti dəfə biabırçı hərbi məğlubiyyət ilə üzləşəcək. Və erməni baş nazir bunun günahını bir tərəfdən yardıma vaxtında gəlməyən Rusiyanın, digər tərəfdən isə revanşist çağırışlar edən, problemlərin dinc yolla həllinə qarşı çıxan siyasi rəqiblərinin üzərinə atacaq.

Artıq rəsmi İrəvan Rusiyanı öz hərbi-siyasi avantüralarına bulaşdırmaq cəhdlərinə başlayıb. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kremli öz hərbi müttəfiqlik öhdəliklərinə sadiq qalmağa çağırıb: “Rusiya və KTMT Ermənistana kömək etməsə, Paşinyan hökuməti hərbi yardım üçün digər beynəlxalq qurumlara müraciət etmək hüququnu özündə saxlayır”.

Bu açıqlama açıq-aşkar Rusiyanın növbəti dəfə şantaj olunması xarakteri daşıyır. Çünki erməni siyasətçi birmənalı şəkildə Rusiyanı Ermənistanın tərəfində Azərbaycanla savaşa başlamağa çağırır. Digər tərəfdən isə Kreml bu çağırışa müsbət cavab verməzsə, Ermənistanın Rusiyadan üz çevirib, Qərbdən dəstək istəyəcəyinə eyham vurur.

Belə anlaşılır ki, Ermənistan yenidən öz avantürist vərdişlərinə geri qaytarmaq niyyətindədir. Azərbaycanın “dəmir yumruğu” ilə növbəti dəfə üzləşən rəsmi İrəvan problemləri dinc yolla həll etmək əvəzinə, vəziyyəti mümkün qədər gərginləşdirib, beynəlxalq səviyyədə hay-küy salmağı planlaşdırır. Artıq Ermənistanda əsas “strateji silah”a çevrilən telefonlar işə salınıb. Baş nazir Nikol Paşinyan və digər erməni rəsmilər öz telefon zəngləri ilə dünya dövlətlərinin liderlərinin zəhləsini tökməyə başlayıblar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu