18 Oktyabr 2024

Elə ixtisas seçmək lazımdır ki…

Gənclərin işlə təmin olunması sahəsindəki problemlər dövlətin diqqət mərkəzindədir

Qloballaşan dünyada bütün yaşam sahələrinin inkişafını şərtləndirən əsas amillərdən biri də sürətlə inkişaf edən informasiya texnologiyalarının (İT) həyatımıza tətbiqi, müasir innovasiyalara inteqrasiyanın sürətlənməsidir. Etiraf etmək lazımdır ki, kosmik sürət əsrində yeniliklərlə ayaqlaşmaq o qədər də asan deyil və bu istiqamətdə real nəticələr əldə etmək funksiyası daha çox gənclərin üzərinə düşür. Bu gün təhsil sistemində zamanın tələbinə uyğun yeni ixtisasların yaradılması, daha yüksək səviyyəli kadrların yetişdirilməsi üçün dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə əlaqələrin qurulması, tələbə və təcrübə mübadiləsi gələcəyimiz olan gənclərin karyera imkanları üçün yeni imkanlar açır. Ölkəmizin təhsil sistemində ali məktəblərə qəbul zamanı tətbiq edilən test üsulu təkcə paytaxt Bakıdan deyil, regionlardan olan gənclərin də ixtisas seçiminin asanlaşmasına və onların arzuladıqları təhsil müəssisələrinin tələbəsi olmasına imkanlar yaradır. Bəs təhsilini bitirərək dövrün tələbləri ilə uzlaşan kadr kimi əmək fəaliyyətinə başlamaq istəyən məzunların hamısı iş tapa bilirmi?

Azərbaycanda işsizlik probleminin həlli, xüsusilə ali təhsilini başa vurmuş gənclərin ixtisasına uyğun işlə təmin edilməsi dövlətin xüsusi diqqət göstərdiyi sahələrdəndir. Lakin dekabrın 21-də Bakıda keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda aparılan müzakirələr xüsusilə regionlardan olan məzunların öz ixtisasları üzrə iş tapmasında müəyyən spesifik problemlərin mövcud olduğunu göstərir.

Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsil sahəsində məzun olanların işə qəbul faizi 50 faizdən bir az yuxarıdır. Təbii ki, yeni məzun olan gəncin iş tapması müəyyən qədər zaman alır. Nazirin sözlərinə görə, ən böyük ehtiyaclardan biri tələbələrin təhsil aldığı müddətdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasıdır. Bunun üçün də hər bir universitetin özünəməxsus işəgötürənlərlə iş strategiyası olmalıdır.

E.Əmrullayev, həmçinin diqqətə çatdırıb ki, azad edilən ərazilərdəki yenidənqurma işləri yeni iş yerləri deməkdir: “Orada işləyəcək kadrların hazırlanması istiqamətində düşünməliyik. İndiki nəslin həyata baxışı əvvəlki nəsildən fərqlidir. Onlar başqa cür həyat tərzi axtarır.”

O, ali təhsil müəssisələrinin akkreditasiya meyarlarında karyera mərkəzləri ilə bağlı məsələlərin mövcud olduğunu söyləyib və vurğulayıb ki, əmək bazarı ilə bağlı elmi tədqiqatlara ehtiyac var.

Gənclər və idman naziri Fərid Qayıbov da sözügedən forumda çıxışı zamanı gənclərin işsizlik problemindən danışıb və rəhbərlik etdiyi qurumun bu istiqamətdə bir sıra layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, regionlardakı gənclərin problemlərinin araşdırılması və həlli yollarının müəyyənləşdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən bir sıra layihələr həyata keçirilir. Bu baxımdan nazirliyin reallaşdırdığı “Yerli” layihəsi bölgələrimizdə gənclərin təhsil və işlə bağlı çətinliklərini aradan qaldırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. F.Qayıbov layihə çərçivəsində görülən işlər barədə də məlumat verib və əsas problemlərə aydınlıq gətirib: “Bir sıra yeni peşələr yaranıb. Xüsusilə də İT sahəsində. Təəssüf ki, region gənclərinin bu istiqamətdə imkanları məhduddur. “Yerli” layihəsi çərçivəsində 3 ay ərzində 240 nəfərdən artıq gənclə görüşdük. Aparılan işlərin nəticəsində bəlli oldu ki, onlardan bir çoxu regionlarda iş tapa biliblər. Onlar heç bir yerə getmədən internet üzərindən SMM deyilən sahə üzrə iş qurub, pul qazana biliblər. Bizim belə layihələrimiz çoxdur, gələcəkdə də bu cür layihələr üzərində çalışacağıq. Hazırda yeni layihələrin hazırlanması üçün müəyyən araşdırmalar davam edir.”

Göründüyü kimi, gənclərin ali təhsillərini bitirdikdən sonra müvafiq işlə təmin edilməsi aidiyyəti dövlət qurumları tərəfindən diqqətdə saxlanılır. Ancaq xüsusilə regionlardan olan gənclərin ixtisas seçimi zamanı bu sahəyə tələb amilini də nəzərə almaları vacibdir.