22 Dekabr 2024

Ekologiya və təbii sərvətlər naziri İmişlidə vətəndaşları qəbul edib – FOTO

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, dekabrın 7-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İmişli rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Muxtar Babayev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.