22 Dekabr 2024

Əfv komissiyası bu gün yenə toplanır – o dustaqların adları…

Novella Cəfəroğlu: “Keçmiş deputat Hüseyn Abdullayev və onun anası da əfv üçün müraciət ediblər”

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının mayın 6-da keçirilməsi gözlənilir. Bunu  Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq. Qeyd edək ki, komissiyanın bundan əvvəl keçirilən iki iclasında 200-dən artıq müraciətə baxılıb.

Hüquq müdafiəçiləri “siyasi məhbus” hesab edilən 38 nəfərin əfv edilməsi üçün onların sənədlərini  Əfv  Komissiyasına təqdim edib. Siyahıda AXCP fəalı Saleh Rüstəmli, ömürlük həbs cəzası alan Şəmsi Səmədzadə, Elçin Əmiraslanov, sabiq deputat Hüseyn Abdullayev və digər tanınmışların da adı var.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, II Qarabağ savaşında Azərbaycanın qalibiyyəti, zəfərin qazanılması ölkə daxilində həyatın bütün sahələrinə təsirsiz ötüşməyib. O cümlədən xaricdə də Azərbaycanın parlaq qələbəsini qısqanclıqla qarşılayan qüvvələr az deyil: “Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günə Ermənistan ordusunu darmadağın etdi, 30 ilə yaxın işğalda olan torpaqlarımızı düşmən tapdağından təmizlədi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycan qalib gəldi, düşmənlə eyni cərgədə dayanıb bizim qələbəmizi həzm etməyənlər çoxdur. Nəzərə alaq ki, bu qələbəmiz çox böyük bir uğurdur, miqyası çox böyük olan bir hadisədir. Əfv etmək Azərbaycan Prezidentinin müstəsna səlahiyyətidir. Ali Baş Komandan tərəfindən Vətən müharibəsindəki möhtəşəm qələbəmizlə bağlı veriləcək əfv sərəncamı ilə bütün siyasi məhbusların azad edilməsini xahiş etmişik. Hesab edirəm ki, bu sərəncam geniş olacaq. Xatırlayırsınızsa, 2018-ci ildə Cümhuriyyətimizin yüz illiyi ilə bağlı ölkə başçısı tərəfindən böyük sərəncam imzalandı. Buna hətta kiçik Amnistiya Aktı da deyildi. Cənab Prezidentin fəaliyyətində humanizm, qayğıkeşlik və bu kimi amillər hər zaman öndə tutulur. Bunu biz hər zaman müşahidə etmişik. Cəzaların humanistləşdirilməsi istiqamətində də ölkə başçısı tərəfindən çoxlu sayda sərəncamların, fərmanların şahidi olmuşuq. Ümidliyik ki, əfv sərəncamı daha çox şəxsi əhatə edəcək”.

Bu, xərçəng deyil, adi bir qripdir” – Novella Cəfəroğlu

Hüquq müdafiəçisi hökumətə təqdim etdikləri  siyahıda jurnalistlərin, baş redaktorların, AXCP üzvlərinin, keçmiş deputatların və digər şəxslərin olduğunu dedi: “Ümid edirik ki, siyahıda olanlar əfv olunacaqlar. Keçmiş deputat Hüseyn Abdullayev və onun anası da əfv üçün müraciət ediblər. Biz Saleh Rüstəmlinin əfv olunmasını istəmişik. Bilirsiniz ki, Əfv Komissiyanın iclasları sədr tərəfindən çağırılır. Daxil olan müraciətlərin hər biri barədə arayış hazırlanıb, komissiya sədrinə təqdim olunur və bütün hazırlıqlar başa çatandan sonra komissiyanın iclasları çağırılır. Artıq bu mərhələ geridə qalıb. Veriləcək əfv sərəncamı müstəqillik əldə etdikdən bu günə qədər verilmiş sayca 64-cü sərəncam olacaq. Son illər cənab Prezidentin sərəncamı ilə 5 mindən artıq şəxs azadlığa çıxıb. Bu, çox əhəmiyyətli bir rəqəmdir. Eyni zamanda hesab edirəm ki, Azərbaycanda cəzanın humanistləşdirilməsini nümayiş etdirən iradənin ifadəsidir. Ölkə başçısının ötən illərdə imzaladığı ”Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı məhkəmə və hüquq islahatlarının aparılmasının mühüm bir istiqamətidir. Son zamanlar aparılan işlər Azərbaycanda məhkəmə-hüquq islahatlarının daha da dərinləşməsinə gətirib çıxarmalıdır. Cəzaçəkmə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yenilərinin tikilməsi bütövlükdə həm də Azərbaycan vətəndaşına verilən qiymətdir. Güman edirəm ki, əfvlə azadlığa çıxacaq şəxslər onlara göstərilən humanist münasibəti düzgün qiymətləndirəcəklər. İnanıram ki, Qarabağ müharibəsində əldə olunan böyük qalibiyyətlə bağlı Ali Baş Komandan tərəfindən əfv sərəncamı veriləcək və bu, ölkə əhalisinin hər zaman olduğu kimi böyük sevincinə səbəb olacaq.