24 İyun 2024

Əbədi və unudulmaz xidmət

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətdə belə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu.

İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”. Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, gələcək inkişaf üçün möhkəm təməllər yaratdı. Bu istiqamətdə atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.

1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Eyni zamanda, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Təfərrüata varmadan demək olar ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünün qarşısını almaq mümkün oldu.

Xalqımız artıq neçə ildir ki, bu bayramı yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı