23 Noyabr 2024

Düzgün atılmış addımlar – Azərbaycan Avropanın enerji ehtiyaclarını qarşılaya biləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsinin təhlili deməyə əsas verir ki, Azərbaycanın Avropa İttifaqı və onun ayrı-ayrı üzvləri ilə əməkdaşlığı yaxın perspektivdə daha da genişlənəcək və rəsmi Bakı köhnə qitənin enerji təhlükəsizliyi üzrə əsas tərəfdaşlarından birinə çevriləcək. Eyni zamanda, Azərbaycanın uzun illərdən bəri üzərində çalışdığı nəqliyyat-logistika layihələrinin əhəmiyyəti artıq regional müstəvidən qlobal miqyasa proyeksiya edir.

Bunu AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli söyləyib.

O bildirib ki, Azərbaycanda bu vaxta qədər həyata keçirilən layihələr, aparılan siyasət ölkəmizə qlobal səviyyədə baş verən genişmiqyaslı dəyişikliklərə adaptasiya olmağa və faydalanmağa imkan verib. Azərbaycanın etibarlı tərəfdaş olması, müstəqil xarici siyasət aparması Avropada etimad yaradıb və rəsmi Bakının etibarlı tərəfdaşlar klubu yaranıb. Azərbaycanın strateji dəyəri artır və bu, həm regional, həm də beynəlxalq müstəvidə milli maraqlarımızın həyata keçirilməsi üçün yeni imkanlar açır.

“Müsahibəsində yeni təchizatçılar arasında Azərbaycanın tək olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Nəzərə alsaq ki, bizim çox böyük resurs bazamız var, artıq infrastrukturumuz var və Avropa İttifaqı ilə təkcə energetika sahəsində yox, bütün sahələrdə çox fəal əməkdaşlığımız var, əlbəttə ki, diqqət Azərbaycan üzərinə yönəldilir. Əlbəttə, biz öz məsuliyyətimizi də dərk edirik və çalışırıq ki, yeni tərəfdaşlar üçün də etibarlı tərəfdaş olaq”.

Azərbaycanın bütün çətinliklərə baxmayaraq “Cənub Qaz Dəhlizi” layihəsini uğurla reallaşdırması, onun potensialını aydın şəkildə nümayiş etdirib. Ölkəmiz zamanında atılmış düzgün addımlarla artıq çox qısa müddətdə Avropanın artan enerji ehtiyaclarını qarşılaya biləcək”, – deyə Zaur İbrahimli diqqətə çatdırıb.