21 İyun 2025

Dünyanı bürüyən ərzaq bahalaşması nədən qaynaqlanır?

Bu gün ərzaq məhsullarında qiymət artımı bütün ölkələrdə müşahidə edilməkdədir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal ərzaq qiymətlərinin son 10 ildən çoxdur ki, görünməmiş səviyyədə artdığını açıqlayıb. FAO-nun məlumatına görə, qlobal ərzaq qiymətləri indeksi 2021-ci ilin 11 ayı ərzində 36 faiz, oktyabr ayında isə 3 faiz artaraq 133,2 bala yüksəlib. Bu, yeni rekorddur. Əvvəlki rekord 131,9 bənd ilə 2011-ci ildə qeydə alınmışdı. Bitki yağının qiymətləri oktyabr ayında təxminən 10 faiz artımla rekord səviyyəyə çatıb, taxılın qiyməti isə əvvəlki ilə nisbətən 22 faizdən çox artım nümayiş etdirib. İşçi qüvvəsinin çatışmazlığı da bütün dünyada ərzaq istehsalı və daşınması xərclərinin artmasına səbəb olub. Buğdanın qiyməti Kanada, Rusiya və ABŞ kimi əsas ixracatçıların zəif məhsuldarlıq dövrü keçirməsi ilə əlaqədar olaraq son 12 ayda demək olar ki, 40 faiz artıb.

Ekspertlər qlobal ərzaq qiymətlərində olan artımın səbəblərini müxtəlif məsələlərlə əlaqələndirirlər. Bunlar əsasən yanacaq qiymətlərinin yüksəlməsi, pis ekoloji şərait və COVID-19 pandemiyasıdır. Qlobal təsirlərlə yanaşı hər bir qida məhsuluna regiona uyğun təsirlərin də olması qaçılmazdır. 2020-ci ilin aprelindən etibarən neft qiymətlərinin artması ilə qida məhsullarının daşınma xərcləri artıb və bu da FAO-nun indeksi üzrə qida qiymətlərinin artmasına səbəb olub. Həmçinin COVID-19 pandemiyası səbəbindən işsizliyin artması da qiymət artımına təsir edən amillərdən hesab edilir.

Təkcə buğda ehtiyatları son 14 il ərzində ən aşağı səviyyəyə enib. Bu isə beynəlxalq ticarət balansının dəyişməsinə, buğda qiymətlərinə yüksək təzyiq göstərməyə davam edə, hətta çörək zavodlarından bütün digər taxıl tədarükçülərinə qədər bir çox qida istehsalçılarının da xərcləri arta bilər. ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatlarına görə, Çinin 2022-ci ilin birinci yarısında dünyanın qarğıdalı ehtiyatlarının 69 faizinə, düyü ehtiyatının 60 faizinə və buğda ehtiyatlarının isə 51 faizinə sahib olacağı gözlənilir. Ölkənin Milli Ərzaq və Strateji Ehtiyatlar Administrasiyasının taxıl məhsulları üzrə rəhbəri Qin Yuyun bildirib ki, Çinin hazırkı ərzaq ehtiyatları tarixi yüksək səviyyədə saxlanılıb, hətta mövcud buğda ehtiyatları bir il yarım tələbatı ödəməyə kifayət edəcək. Çinin ərzaq təminatında problem yoxdur, ölkənin iki əsas taxıl ehtiyatı olan buğda və düyü ehtiyatları artmağa davam edir. Hazırda Çin dünya taxıl ehtiyatının yarısından çoxunu özündə saxlayır.

Dünyanın ən böyük taxıl tədarükçüsü olan Rusiya isə taxıl qıtlığı ehtimalını nəzərə alaraq əsas məhsulu ölkə daxilində saxlamaq üçün qiyməti və ixrac vergisini artırır. Lakin məhsula tələb olduqca yüksəkdir. Baxmayaraq ki, Rusiyanın buğda ixracı 2021-ci ildə 31-32 milyon ton səviyyəsində proqnozlaşdırılmışdı, ölkə iyulun 1-dən dekabr ayının 1-dək buğda ixracını illik müqayisədə 18 faiz azaldaraq 18,8 milyon tona endirib. Rusiya buğdasının ixracı ötən mövsümlə müqayisədə 26 faiz aşağı olub. Federasiyada buğda istehsalının 2021-2022-ci illərdə əlverişsiz hava şəraiti ilə əlaqədar az olacağı ehtimal edilir.

Rusiyada taxılın qiyməti artdıqca Avropa İttifaqı (Aİ) ölkələri ixrac həcmini genişləndirməyi planlaşdırır. Lakin bununla belə Avropa İttifaqı ölkələrinin nəzərdə tutduğu ixrac həcmi 2019-2020-ci illərin ixrac həcmindən (36,8 milyon ton) azdır. 2021-2022-ci illər üçün Aİ-nin 32 milyon ton buğda ixrac etməsi nəzərdə tutulub. Əgər Avropa İttifaqı ixracı artıra bilməsə, bunun tükənən ehtiyatlarla bağlı yarana biləcək böhranı daha da dərinləşdirəcəyi gözlənilir. Hazırda Ukraynanın da 2022-ci ilin birinci yarısında buğda ixracına məhdudiyyətlər qoymağı planlaşdırdığı bildirilir.

Azərbaycan dövləti artıq neçə ildir daxildə çörəyin, unun qiymətinin artmaması üçün buğda idxalını, un və çörək satışını ƏDV-dən azad edib. Keçən ilin fevralından isə un istehsalçılarına subsidiya verilir. Buğda idxalçısı, un istehsalçısı, çörək və un satıcılarına yönəlik güzəşt və subsidiyaların illik həcmi 400 milyon manatdan çoxdur. 2020-ci ilin martından başlayaraq hökumət buğda təchizatı ilə məşğul olan şirkətlərə 12 ay ərzində 6,2 milyon manat subsidiya ayırıb. Hansı ki, bu subsidiya 58,2 milyon manat həcmində kreditə əlavə edilib. Məqsəd ölkədə kifayət qədər həcmdə strateji taxıl ehtiyatı yaratmaqdır. Sonra ərzaq buğdası təchizatçılarına subsidiyaların ödənilməsi müddəti 12 aydan 24 aya qədər artırıldı. Əlavə olaraq göstərilən müddət ərzində həmin təchizatçılara kreditlər üzrə faiz qismində daha 7,3 milyon manatın ayrılmasına qərar verildi. Qiymətlərin artmasının qarşısını almaq üçün buğda idxalı və satışının, buğda ununun istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü il yanvarın 1-nə qədər uzadıldı. Ərzaq buğdasının və unun ixracını əngəlləmək üçün isə hər ton un və buğdanın ixracına 200 dollar həcmində ixrac rüsumu tətbiq edildi. Müqayisə üçün qeyd edək ki, Rusiyada bu rüsum 100 dollardan aşağıdır. Lakin təəssüf ki, qlobal iqtisadi böhran şəraitində buğdanın qiymətinin dünya miqyasında artmasından irəli gələn bahalaşmanın doğurduğu nəticələri tam neytrallaşdırmaq mümkün deyil.