Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü

Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə-müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sanır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı, 1989-cu ilin soyuq, şaxtalı qış günündə minlərlə soydaşımız tarixin ədalətsiz hökmünə-təxminən 200 il bundan əwəl bağlanmış Türkmənçay və Gülüstan sülh müqavilələrinin şərtlərinə etiraz əlaməti olaraq Araz çayının sahilinə toplaşdılar, doğma Azərbaycanı ikiyə bölən tikanlı məftilləri dağıtdılar. Beləliklə, 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu.
1991-ci il , dekabrın 16-sı-Milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi gün! Həmin tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Elə həmin tarixdən Dünya Azərbaycanlıları bu möhtəşəm bayramı təntənəli şəkildə, könülxoşluğu ilə qeyd edilir. Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə Azərbaycanlıların birləşməsinə, ideoloji həmrəyliyinə səbəb olmuşdur.Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq Azərbaycanlılar təntənəli şəkildə qeyd edirlər.Bu günki müstəqil , suveren Azərbaycan Respublikası müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın , onların milli-mənəvi varlığını yaşadan yeganə dövlətdir.
31 dekabr Həmrəylik günü- milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürür.
Xatırladaq ki, Dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesinin institutlaşdırılması üçün 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərmişdir.
Bu gün Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilmişdir. Bu Həmrəylik günü Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Azərbaycan Diasporuna Dəstək Fondu 2018-ci il iyul ayının 6-da yaradılmışdır. Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermiş, onların maddi-texniki bazasını möhkəmləndirmiş, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmiş və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmişdir. Sentyabr ayının 27də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha bütün dünyaya nümayiş etdirdirmişdir.Bu savaşda dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar da bir-birinə dəstək olmuş, yumruq kimi birləşmişdir.Bu həmrəylik 44 günlük Vətən müharibəsində qələbə çalmağımıza da öz tövhələrini vermişdir. Bəli, ıı Qarabağ müharibəsi vaxtı kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirmişdir. Rəşadətli Azərbaycan ordusu 44 gün ərzində düşməni diz çökdürdü. Ordumuzun gücü dünyaya bəyan oldu. Vətən torpaqları bütövləşdi. Bu qələbəni bizə şəhidlərimiz yaşatdı. Şəhidlərin haqqını heç vaxt unutmarıq. Bizə haqqınızı halal eləyin deyirik. Yeriniz cənnət olsun.
Bəli, Azərbaycan xalqı Cənab Prezidentin ətrafında” Dəmir yumruq” kimi birləşərək Vətən müharibəsində qələbə qazandı. Bu qələbə xalqı birləşdirən Qələbə oldu.Bu qələbə bizim qələbəmiz oldu.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı