22 Dekabr 2024

Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş prioritet vəzifələr

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır: “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyasıdır. Proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcək. Bütün bunlarla yanaşı, insan kapitalının reallaşdırılması, tarixi və mədəni abidələrin qorunması, yeni iş yerlərinin açılması, dövlət xidmətlərin əlçatanlığının təmin edilməsi, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması, ərazilərin inkişafı və reinteqrasiyası, azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması, iqtisadi ixtisaslaşdırılmanın aparılması, ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi, “Yaşıl enerji zonası” yaradılması və s. həyata keçirilən tədbirlərinin əhatə dairəsinin nə qədər geniş olmasından xəbər verir.

Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır.

Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət‒özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir.

Tamerlan Qaragözov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı