20 Aprel 2024

Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası haqq-ədalətin bərpasına xidmət edən növbəti addımdır.

Ölkəmizin işğaldan azad edilən ərazilərində yerləşən Rusiya sülhməramlılarının  nəzarətində olan torpaqlarımıza ekoloqların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin, həmçinin qeyri-hökumət təkilatlarının təmsilçilərinin buraxılmamasına etiraz olaraq Laçın-Şuşa yolunda keçirilən aksiya bu gün müzakirə edilən əsas məsələlər sırasındadır. Əsas tələb bundan ibarətdir ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.

Onu da qeyd edək ki, bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. Cari il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə vurulan ziyanla bağlı potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib. Bu addımlar Azərbaycan xalqının kəskin etirazına səbəb olub. Ekoloqların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin, həmçinin qeyri-hökumət təşkilatları təmsilçilərinin bu ərazilərə buraxılmaması özbaşınalıq kimi xarakterizə edilir. Rusiya sülhməramlı kontingentinin  müvəqqəti məskunlaşdığı ərazilərdə qanunsuz erməni birləşmələrinin  və erməni separatçılarının ekoloji terror törətmələri, Azərbaycan ərazilərindəki təbii sərvətləri talayaraq istismar etmələri növbəti müharibə cinayətidir.

Mənfur düşmən  30 il işğal altında saxladıqları torpaqlarımızda  təbiətə, bioloji müxtəlifliyə, flora və faunaya, su mənbələrinə, ümumilikdə bu yerlərin ekologiyasına ciddi zərər vurmuş, beynəlxalq ekoloji cinayət törətmişdilər. Müxtəlif nadir bitki və heyvan növləri məhv edilmişdir. Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir. Təbii ki, bütün bunlar yenə də  dünyanın gözü qarşısında baş verməkdədir. 30 il işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamasına göz yuman dünya gücləri bu laqeydliyin hansı vəziyyətə gətirib çıxardığının fərqində olmalıdırlar.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən iki ildən artıq dövrdə Azərbaycan bu sənəddən irəli gələn öhdəliklərin yüksək səviyyədə yerinə yetirsə də, Ermənistanın bu öhdəliklərə laqeydliyi atdığı addımlarında özünü aydın şəkildə büruzə verir. Hazırkı dövrdə əsas müzakirə olunan məsələ regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifini edib. İki ildir işğalçı dövlət sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətləri, təxribatları ilə diqqətdədir. Törətdiyi ekoloji terror da bu məqsədlə atdığı atdığı addımlar sırasındadır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası haqq-ədalətin bərpasına xidmət edən növbəti addımdır. Azərbaycan möhtəşəm Zəfəri ilə ədalət və beynəlxalq hüquq anlayışlarının mövcudluğunu Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut edib.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri