Dörd ölkənin bəzi vilayətlərindən Azərbaycana quş əti və məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Dörd ölkənin bəzi vilayətlərindən Azərbaycana quş əti və məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.
Bu barədə Oxu.Az–a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, ABŞ-nin Ayova və Missuri ştatlarında, Almaniyanın Türingiya və Saksoniya vilayətlərində, Macarıstanın Haydu-Bihar inzibati ərazi vahidində və Çexiyanın Orta Çexiya diyarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə ABŞ-nin Ayova və Missuri ştatlarından, Almaniyanın Türingiya və Saksoniya vilayətlərindən, Macarıstanın Haydu-Bihar inzibati ərazi vahidindən və Çexiyanın Orta Çexiya diyarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.