Dini Komitə və QMİ-nin həyəcan təbili: Azərbaycanı dini təfriqə ilə təhdid edilir

Hər iki bəyanatda ölkədə məzhəblərarası qarşıdurma yaratmaq istiqamətində məqsədyönlü təxribat meylləri müşahidə olunduğu vurğulanır; deputatdan və ilahiyyatçıdan reaksiyalar
İyunun 14-də Qafqaz Müsəlmanları İdarəsinin yaydığı bəyanatda qeyd olunan nüanslar diqqət çəkməyə bilməz. “Yeni Müsavat” bildirir ki, bəyanatda Azərbaycanın multikultural və tolerant ölkə olduğu qeyd edilməklə yanaşı, “ölkədə hökm sürən tolerantlıq və dinlərarası, məzhəblərarası harmoniya mühitində dövlətin uğurlarından narahat olan bəzi destruktiv qüvvələr tərəfindən ölkədəki ictimai sabitliyi, vətəndaş birliyini pozmaq niyyəti ilə nifrət çağırışlarının gündəmə gətirilməsi, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində məqsədyönlü təxribat meylləri müşahidə olunmaqdadır”, deyə vurğulanır.
Maraqlıdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bir neçə gün əvvəl bəyanat verərək Azərbaycanın uğurlarından və mövqelərinin daha da güclənməsindən narahat olan bəzi dairələrin vətəndaşların dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac verdiklərini bildirmişdi. Sitat: “Aydındır ki, bu tipli çirkin ”əməllər” multikultural və tolerant dəyərlərə söykənən Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq rədd edilir. Demokratiya, qanunun aliliyi, unitarlıq və dünyəvilik prinsiplərinə söykənən Azərbaycan Konstitusiyasının əsaslarına zidd olaraq siyasi idarəçiliyi və həyat tərzini “şəriət qaydaları” adı altında təbliğ edən, özündə bir neçə nəfəri birləşdirən “təşkilat” və yaxud dərnək səviyyəli qruplar əslində dini pərdə altında gizlənmiş, insanların inanc və dini hissələrini istismar edən pozucu elementlərdən başqa bir şey deyildir. Əminliklə demək olar ki, bu cür elementlərin fitnəkar əməllərini xalqımız böyük ikrah hissi ilə qarşılayır və buna görə də onların çirkin niyyətləri beşiyindəcə iflasa məhkumdur”.
Dini Komitə daha sonra bəzi konkretləşmələr də aparıb: “Bu cür qərəzli və qeyri-sağlam mövqe tutan şəxslərə ”dini təhsil” verib “ruhani” kimi yetişdirən bəzi xarici dövlətlərin dini mərkəzləri və digər təşkilatları 30 il düşmən tapdağı altında qalan və donuz axuru kimi istifadə edilən məscidlərimizə görə bir dəfə də olsun erməni qəsbkarlarına etiraz etməmişdir. Lakin onlar bu gün öz “kadrlar”ı vasitəsilə məscidləri inşa və bərpa edən, İslami dəyərləri daim uca tutan müsəlman ölkəsində – Azərbaycanda “İslamı müdafiə” adı altında pozucu fəaliyyətə əl atır, sosial mediada dövlət qurumlarının əleyhinə şər və böhtan kampaniyasına rəvac verir, sülh və barışa böyük önəm verən İslam dəyərlərindən sui-istifadə edərək süni gərginlik yaratmağa səy göstərirlər”.
Ekspertlər hesab edir ki, həm Dini Komitənin, həm də QMİ-nin açıqlaması təsadüfi deyil, demək, belə bir pozucu fəaliyyət üçün “düyməyə basılıb”. QMİ-nin bəyanatı daha “ütülü” olsa da, Dini Komitənin açıqlamasında ad çəkilməsə də, İrana aşkar işarələr var. Həqiqətən də İranın buradakı agentura şəbəkəsi zaman-zaman ortaya çıxaraq, müxtəlif hədələrlə çıxış edirlər. Həmçinin vəhhabi adlandırılan cərəyanların üzvlərinin də vaxtaşırı təhdidləri ilə rastlaşa bilirik. İndi bu cür təxribatlar sosial şəbəkə platformalarında həyata keçirilir. Hərçənd Azərbaycanda radikalizmə yer olmadığı hər kəsə bəllidir. Cəmiyyət bunu pisləyir və provokasiyalı çağırışlara məhəl qoymur. Bununla belə, görünür ki, son günlərdə narahat doğuran tendensiyalar müşahidə edilib ki, həm komitə, həm QMİ bəyanatlar yaymağa qərar verib. Bəs əslində nə baş verir? Doğrudanmı, bəyanatlarda qeyd olunan meyllər təhlükəli hal alıb?

Azər Badamov
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov “Yeni Müsavat”a qeyd etdi ki, din hər zaman həssas mövzudur. Deputatın fikrincə, bu istiqamətdə təhdidlərin siyasi xarakter alması isə daha da təhlükə yaradır. A.Badamovun fikrincə, belə halların olmaması və genişlənməməsi üçün sözügedən bəyanatlar verilir: “Radikal qrupların təhdidlərinin qarşısı alınmalıdır. Ona görə xarici təhdidlərə vaxtında cavab verilməsi zəruridir və bu addımlar ölkəmizi qorumağa hesablanmış bəyanatlardır. Çünki sabitliyin qorunması naminə vacibdir. Yalnız onu deyə bilərəm ki, Azərbaycan tolerant ölkədir və həmin çağırışlara imkan verilməməlidir. Odur ki, radikalizmin inkişafına zəmin yaratmaq olmaz. Görünür, bizim beynəlxalq müstəvidə uğurlarımız, nüfuzumun artması bəzi kənar gücləri narahat etməkdədir. Ancaq onların səyləri heç bir nəticə verməyəcək. Azərbaycan müxtəlif dini mənsubiyyəti olan insanların yaşadığı ölkədir, bunu gələn xarici qonaqlar da görürlər”.

Hacı Şahin Həsənli
QMİ nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli isə “Yeni Müsavat”a qeyd etdi ki, bugünlərdə sosial mediada bir video yayılmışdı: “Həmin kadrda radikal cərəyanın bir üzvünün başqa məzhəbləri təhdid etməsi var idi. Yəqin ki, bəyanatlarda da bu nəzərdə tutulur. Amma ümumiyyətlə, vaxtaşırı belə radikal qruplar ortaya çıxır, onların təmsilçiləri sabitliyi pozmağa can atırlar. Sadəcə, Azərbaycanda radikallığın sosial bazası yoxdur və buna cəhd edənlərin istəkləri həmişə fiaskoya uğrayıb”.
QMİ nümayəndəsi bildirdi ki, hüquq-mühafizə orqanları hər zaman ekstremizmə, radikalizmə qarşı mübarizə aparıb, bu məsələlər daim nəzarətdə saxlanılır: “Amma insanlar da gərək ayıq-sayıq olsunlar, fitnəkar çağırışlara uymasınlar. Bu istiqamətdə maarifləndirmə də davamlı olmalıdır. Ümumən bizdə heç zaman məzhəb qarşıdurması olmayıb və bunu gözügötürməyən qüvvələr gündəmə gətirirlər. Son vaxtlar sosial şəbəkələrdə də belə halların müşahidə edilməsi bu bəyanatlara zərurət yaradıb. Azərbaycan dini tolerantlıq olan ölkədir, məzhəblər arasında hər hansı toqquşma üçün zəmin yoxdur, buna imkan da verilməməlidir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”