23 Dekabr 2024

Dərdinə kədərlənib, sevincinə sevinən…

Xəzərin sahilindən Anadoluya uzanan əbədi qardaşlıq, həmrəylik və sevgi seli

Azərbaycan hər zaman olduğu kimi, indi də qardaş ölkənin yanındadır və böyük dəstəyimizi davam etdirəcəyik

Xəbər verildiyi kimi, fevralın 6-da Türkiyədə ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkilərə səbəb olub. Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 31 643 nəfər həyatını itirib, 80 278 nəfər isə yaralanıb.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələyə görə insan tələfatı ilə mübarizə aparan axtarış-xilasetmə qruplarına bir çox ölkələr dəstək verib. Qardaş ölkəyə dünyanın müxtəlif yerlərindən yardımlar gəlməkdə davam edir. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı bu acı faciənin fəsadlarının aradan qaldırılmasına kömək etməyin bizim üçün şərəf olduğunu qeyd edib.

Dövlət başçısı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən yardım tədbirləri davam etdirilir. Azərbaycanda dövlət və özəl qurumlar, eləcə də ayrı-ayrı şəxslər qardaş ölkəyə yardım edirlər. Azərbaycan dəhşətli zəlzələ ilə əlaqədar qardaş Türkiyəyə humanitar yardımlar göndərir. Ölkəmizdə zəlzələ qurbanlarına ictimai yardım kampaniyası da davam edir. Bu yardım kampaniyasına ölkəmizin bütün bölgələri qoşulub. Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. Ümumilikdə indiyədək Bakıdan zəlzələ bölgəsinə 130 TIR yardım yola salınıb. Azərbaycan, eyni zamanda, zəlzələdən zərər çəkənlər üçün yaxşı təchiz olunmuş səhra xəstəxanası, çadırlar, dərman və tibb ləvazimatları, qida məhsulları, ədyal, qızdırıcılar və müxtəlif materiallar göndərir. Həmçinin zəlzələ zonalarından birində yaradılan xəstəxanada azərbaycanlı həkimlər çalışır.

Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün hətta uzaqda yerləşən yaşayış yerlərindən yardım toplanma məntəqələrinə axın edirlər. Yardım kampaniyasına qoşulan minlərlə insan türk qardaşlarımıza öz dəstəklərini ifadə edirlər. Türkiyənin Azərbaycandakı səfirliyi, zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarlarına, o cümlədən gödəkçəyə, şalvar, əlcək, coraba ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır. Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır. Hazırda isə orada yer olmadığından Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında yerləşən Bakı İdman Sarayında qəbul edilir. Həmçinin Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələ ilə bağlı muxtar respublika sakinlərinə müraciət edib. O da bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər. Yardımda iştirak etmək istəyənlər üçün zəlzələ bölgəsinə ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır. Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür. Ünvan Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 17-dir.

Biz bu addımlarımızda bütün dünyaya bir daha nümayiş etdiririk ki, Türkiyə ilə Azərbaycan xalqları arasında əsl qardaşlıq, birlik mövcuddur və bu da təbiidir. Ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatlar da zəlzələ ilə bağlı dost ölkəyə öz dəstəyini göstərirlər. Məsələn, Azərbaycan QHT-ləri “Qardaş köməyı” adlı platforma yaradıb. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Fondun bütün imkanları bu işə səfərbər edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanında eniş edib. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Qardaş ölkəyə humanitar yardıma SOCAR da öz dəstəyini verir. “AzərEnerji” və “Azərişıq” ASC-lər də yardım kampaniyasında xüsusi fəallıq göstərirlər. Azərbaycanın dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar. Özəl şirkətlər də artıq fəaliyyətə keçiblər və həm maddi, eyni zamanda, texniki yardım göstərirlər. Bir sözlə, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.

Fevralın 13-də Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə növbəti yardım göndərib. Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin təminat bazasından qardaş ölkəyə qış səhra çadırları, ədyallar, çarpayılar, yataq kisələri, qızdırıcılar, elektrik generatorları və digər zəruri əşyalardan ibarət növbəti yardım yük avtomobili vasitəsilə qardaş ölkəyə göndərilib. Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvlərinin qardaş ölkədə zərərçəkənlərə yardım etmələri üçün müvafiq hərbi hissələrdə toplama məntəqələri yaradılıb. Hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən könüllü şəkildə gətirilən geyimlər və ərzaq məhsulları təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici şəxsi heyəti və Müdafiə Nazirliyinin hərbi tibb personalı fəal şəkildə çalışır. Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.

Nazirliyin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir. Mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin dövlət başçısı İlham Əliyevin çağırışı ilə ötən həftə Azərbaycandan qardaş Türkiyəyə yollanan 100 nəfər Azərbaycanın könüllü gəncləri hadisə yerinə çatan kimi təbii fəlakətdən zərərçəkənlər üçün könüllü olaraq müxtəlif xidmətləri həyata keçirməyə başlayıblar. Könüllülərimiz təbii fəlakət nəticəsində zərərçəkən əhali üçün çadır şəhərciyinin salınmasında, evləri dağılmış insanların yemək və tibbi ləvazimatla təmin edilməsində, habelə Türkiyə Gənclər Fondu ilə Azərbaycan Gənclər Fondunun Kahramanmaraşın mərkəzində yerləşən qərargah ərazisində humanitar yardımların qəbul edilərək çeşidlənməsində fəal iştirak ediblər. Bununla yanaşı, tibb təhsili olan könüllülərimiz tərəfindən yerli əhaliyə ilkin tibbi yardımın göstərilməsi və daha sonra peşəkar həkimlərə yönləndirilməsi, eləcə də uşaqlara psixoloji dəstək xidmətləri təşkil olunub. Bu gün minlərlə könüllü Azərbaycandan Türkiyəyə getmək üçün hazıdır. Fevralın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib ki, onların bu gün buraya gəlməməyinin tək bir səbəbi ondan ibrətdir ki, bu, çox çətin əməliyyatdır: “Həddindən artıq çox insanın bir yerə toplaşması o demək deyil ki, dərhal onlar bir işə töhfə verəcəklər. Yalnız bu səbəbdən könüllülərin zəlzələ bölgəsinə planlı şəkildə gəlməsi üzərində iş gedir. Bu gündən etibarən Azərbaycandan olan könüllülər də hissə-hissə Türkiyəyə gələcək, onlar da bu əməliyyatlara qatılacaqlar.”

İnanırıq ki, qardaş Türkiyə xalqı ilə birlikdə bu ağır fəlakəti geridə qoyacağıq. Bundan sonra da dəstək və köməyimizi göstərəcəyik. Ümumiyyətlə, bu gün Türkiyə-Azərbaycan birliyinin mövcud səviyyəsi beynəlxalq sülh və rifaha töhfə verir. Yaxın əlaqələr sadəcə iki ölkəyə deyil, eyni zamanda, bölgəyə sülh və rifah gətirərək beynəlxalq birliyin sabitlik və sülh maraqlarına xidmət edir. Tanrı Türk xalqına güc, səbr və parlaq gələcək nəsib etsin. Yaşasın, Türkiyə-Azərbaycan birliyi və qardaşlığı!