Dəniz mövsümü başlayır – çimərliklərdə vəziyyət necədir?

Nardaran qəsəbəsində iki yeni pulsuz çimərliyin yaradılacağı deyilir
Çimərlik mövsümünün başlamasına az qalıb. Adətən iyunun 15-dən etibarən abadlıq işləri yekunlaşandan və monitorinqlərin nəticəsi bəlli olduqdan sonra vətəndaşların dənizə girməsinə icazə verilir. Bəs hazırda Xəzərsahili çimərliklərdə durum necədir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə may ayının 16-dan etibarən çimərliklərdə monitorinqlərə başlayıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib: ”Monitorinqlər təkcə çimərlik mövsümündə və ya çimərlik mövsümünə qədər aparılmır, il ərzində mütəmadi olaraq keçirilir. Xüsusən yay mövsümünün yaxınlaşmasını nəzərə alsaq, monitorinqlərin intervalını artırırıq, daha intensiv şəkildə həyata keçiririk. Çalışırıq ki, hansı çimərliklərin əhalinin istifadəsinə daha yararlı olduğunu müəyyənləşdirək. Çimərlik mövsümünün başlamasına yaxın bir müddətdə – iyun ayının əvvəlində nəticələr ictimaiyyətə açıqlanacaq. Monitorinqlər iki qurum tərəfindən aparılır. Çimərlik ərazilərində tərəfimizdən dəniz nümunələri götürülür. Hər iki nazirliyin laboratoriyaları mövcuddur.Həmin laboratoriyalarda dəniz suyunun keyfiyyət göstəriciləri tərəfimizdən müəyyən olunur. Dəniz su nümunələri üzərində həm fiziki-kimyəvi, həm bioloji, həm də toksikoloji təhlillər aparılır. Həmin keyfiyyət göstəricilərinə uyğun olaraq müəyyənləşdiririk ki, hansı çimərlik ərazilərində daha çox bioloji, kimyəvi çirklənmə var. Həmin parametrləri, meyarları əsas tutaraq çirkli və nisbətən çirkli və yaxud təmiz əraziləri müəyyən edirik”.
Qeyd edək ki, bugünlərdə Xəzərin sahilində yerləşən Nardaran qəsəbəsində iki yeni pulsuz çimərliyin yaradılacağı bildirilib. “Sea Breeze”dən verilən məlumata görə, bu yay iki pulsuz çimərlik üçün böyük ərazi ayrılacaq: “Ancaq pulsuz olmalarına baxmayaraq, ”Sea Breeze” işçiləri hər gün onlara baxacaq, hər gün təmizləyəcək və qulluq edəcəklər. Çimərliklərdən biri Ləyiş bağlarına, ikincisi isə Nardarana yaxın ərazidə olacaq”.
Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə Ləyiş bağları və Nardaranda bütün sahilin tamamilə “Sea Breeze” tərəfindən hasara alındığı barədə məlumatlar yayılmışdı.