Demokratik dəyərlərə sadiqlik
Prezident İlham Əliyevin “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir” fikirləri Əsas Qanunumuzun mahiyyətini, dövlətçiliyimizin inkişafında rolunu özündə ehtiva edir.
Hər bir bayram keçilən yola nəzər salmağı bir zərurət kimi ortaya qoyur. Konstitusiya quruluşunun tarixində önəmli faktlara nəzər salaq. Belə ki, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.
Azərbaycandan bəhs edəndə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri göz önünə gəlir. Vətənini, xalqını canından artıq sevən Ümummilli Liderin bütün dövrlər üçün fəaliyyətinin əsasında Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlər dayanır. Ulu öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanmasıdır. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Liderin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub.
Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında ölçüyəgəlməz xidmətlərindən bəhs edərkən dövlət dilimizin himayədarı kimi gördüyü işlər xüsusi qeyd olunur. Dahi şəxsiyyət bildirirdi ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, azərbaycançılığı- Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməlidir. Ümumiləşdirilmiş çəkildə qeyd etsək, Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi, dövlət dilinə çevrilməsi, gündəlik həyatda bu dildən istifadə edilməsi, beynəlxalq münasibətlərdə tətbiq olunması və hörmət qazanması ulu öndər Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin nəticəsidir. Ümummilli Liderin Azərbaycan dilinin inkişafı və zənginləşməsi ilə bağlı fədakarlığını məhz mürəkkəb tarixi şərait baxımından qiymətləndirməliyik. Ulu öndər Heydər Əliyevin prinsipiallığı nəticəsində 1978-ci ildə qəbul olunan Konstitusiyaya Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqqında mühüm 73-cü maddə əlavə olundu. O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu verən üç keçmiş İttifaq respublikalarından biri Azərbaycan idi. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə inamla addımlayır.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri