23 Dekabr 2024

Cinayət cəzasız qalmamalıdır

Yanvarın 27-də İrandakı səfirliyimizə edilən terror hücumunun yeni detalları bir daha təsdiqləyir ki, bu hadisə uzun müddət hazırlanmış məkrli, xain və düşünülmüş siyasətin tərkib hissəsidir

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan son 30 il ərzində qonşu və islam ölkəsi hesab edilən İran hakimiyyətinin dəfələrlə haqsızlığının, ölkəmizə qarşı xain davranışının, terrora və terrorçuya açıq və ya gizli dəstək verdiyinin şahidi olmuşuq. Tehran molla diktaturası ötən illər ərzində həm qonşuluq münasibətlərinə xələl gətirib, həm də müqəddəs islam dəyərlərinə qarşı hörmətsizlik edib, öz mənfur və çirkin oyunları ilə bölgədə qarışıqlıq yaratmaq, nifaq salmaq, xalqlar arasında qan tökmək, bir sözlə əsil şeytana xas məkirli oyunlar qurub. Azərbaycan dövləti həmişə İranın bu hərəkətlərinə səbrlə davranıb, bərabərhüquqlu qonşuluq əlaqələri qurmağa çalışıb, öz humanistliyini nümayiş etdirib. Ancaq İran hökuməti öz xain və məkrli siyasətindən əl çəkməyib. Yanvarın 27-də səfirliyimizə edilən terror hücumu ilə İran əsil simasını bir daha göstərmiş oldu. Xain hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid oldu, iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri aldılar. Bu qanlı hücumdan sonra fars rejimi müxtəlif tələm-tələsik hərəkətlərlə bu qətliamın üstünü ört basdır etməyə, terror hadisəsinin motivini dəyişdirmək üçün müxtəlif çirkli oyunlara əl atdı. Hadisəyə məişət donu geyindirməyə çalışan və qətlin motivini təhrif etməyə cəhdlərlə İran hakimiyyəti əslində özünü məsuliyyətdən gizlətməyə çalışdı. Bu cür yayındırıcı hərəkətlər onu təsdiqləyir ki, terrorda İranın dövlət orqanlarının, dünya birliyində terrorçu təşkilat kimi tanınmış SEPAH-ın birbaşa iştirakı var və cinayətin araşdırılmasına və gizlədilməsinə cəhdlər də buna sübutdur.

Azərbaycan tərəfi İran hakimiyyətindən məsələ ilə bağlı obyektiv araşdırma gözləsə də buna ümid çox azdır. Çünki artıq Tehran polisi həqiqətləri gizlədərək ictmai rəyi fərqli istiqamətdə formalaşdırmağa səy göstərir. Azərbaycanın Xarici İşlər Nazirliyi isə terror hücumu ilə bağlı yeni detalları açıqlayıb. Nazirlikdən bildirilib ki, səfirliyin müşahidə kameraları vasitəsilə terror hücumunun gedişatı anbaan lentə alınıb. Belə ki, saat 08:32-də səfirliyin əməkdaşları diplomatik nümayəndəliyin inzibati binasının əsas giriş qapısından içəri daxil olduqdan dərhal sonra terrorçu nəqliyyat vasitəsini sürətlə idarə edərək qəsdən səfirliyin qarşısında park edilmiş nümayəndəliyin xidməti avtomobilinə çırpıb. Bunun nəticəsində yaranmış səsə reaksiya verən səfirlik əməkdaşının nümayəndəliyin qapısını açmasından istifadə edən terrorçu avtomobilindən avtomat silahını götürüb giriş qapısındakı postda xidməti növbədə olan İran polisinin əməkdaşına əli ilə işarə verərək atəş aça-aça dərhal səfirliyin binasına daxil olub. Terrorçu 4 dəqiqə ərzində – yəni, saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açıb, nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov aldığı güllə yarasından hadisə yerində həlak olub, digər əməkdaş Mahir İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralanıb. Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərsizləşdirmək məqsədilə onun üzərinə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Səfirliyin əməkdaşı terrorçunu zərərsizləşdirərkən terroru törədən şəxs avtomatdan atəş açaraq əməkdaşımızı çiynindən yaralayıb. Buna baxmayaraq, o, terrorçu ilə mübarizəni davam etdirib və terrorçunun əlində olan avtomatın darağını çıxarmağa müvəffəq olub. Həmçinin terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə və V.Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb. Eyni zamanda, polislər terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, cinayətkar kimi rəftar etməyib və seyrçi mövqe tutublar. Bundan istifadə edən terrorçu isə bir müddət ərazidə dolaşaraq səfirliyimizin diplomatlarını “hamınızı öldürəcəm” deməklə təhdid və təhqir etməyə başlayıb. Polislər bu hala da reaksiya verməyiblər. Bundan sonra terrorçu sərbəst şəkildə səfirliyin binasına yaxınlaşaraq qapını sındırdığı ağır zərbə alətini polisin gözü qarşısında yerdən götürüb avtomobilinin içərisinə qoyub. Daha sonra terrorçu səfirliyin pəncərəsindən onun həbs olunmasını tələb edən V.Tağıyevi aşağıya düşməyə təkid edib və V.Tağıyev aşağı düşdükdə onu yenidən təhdid edərək üzərinə hücum etmək istəyib. Yalnız bütün bunlardan sonra polislər terrorçunun qollarını qandallayıb onu avtomobilə əyləşdirərək ərazidən uzaqlaşıblar. Bu zaman üzündə maska olan naməlum şəxsin terrorçunun avtomobilindən naməlum əşyalar götürməsi və ərazidən uzaqlaşması da diqqət çəkir. Nazirliyin məlumatında o da bildirilir ki, terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir.

İranın son dövrlərdəki mübarizə üsullarına baxsaq bu ölkənin üstünlük verdiyi başlıca üsullardan birinin terror olduğu aydın görünür. Bunu müəyyənləşdirmək elə də çətin deyil. İnternet şəbəkəsində sadəcə bir neçə dəqiqə axtarış verməklə son illər ərzində İran xüsusi xidmət orqanlarına bağlı terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri əməliyyatlar barədə yetərincə geniş məlumatlar əldə etmək mümkündür. Bu ölkənin həyata keçirdiyi terror hücumlarının əsas hədəflərindən biri də məhz elə diplomatik nümayəndələr və səfirliklərdir.

Bu gün dünyada terrora qarşı geniş və sistemli beynəlxalq mübarizənin artdığı bir dövrdə terrorçu Tehran rejiminin bu aqressiv hərəkətlərinə qarşı ən layiqli və sərt cəza verilməlidir. Baş verənlərin məsuliyyəti, həm də İranın regionda nümayiş etdirdiyi siyasətə seyrçi qalan, dolayısı ilə molla rejiminin anti-Azərbaycan siyasətinə dəstək verən, Tehran rejiminin ölkə sərhədlərindən kənarda dəstəklədiyi qüvvələrlə ittifaq quran Fransa və onun kimi ölkələrin və onların məsuliyyət hissini tamamilə itirmiş liderlərinin üzərinə düşür. Azərbaycan səfirliyinə hücum, həyata keçirilən terror aksiyası, Azərbaycan dövlətinə, Azərbaycan Respublikasında, Güney Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, öz tarixi vətənlərində yaşayan 60 milyonluq Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur.