13 Mart 2025

Çin Rusiyaya ordu göndərir

Çin Xalq Respublikası Hindistan, Belarus, Monqolustan və Tacikistan da daxil olmaqla bir sıra digər ölkələrin iştirak etdiyi birgə hərbi təlimlərə qatılmaq üçün Rusiyaya hərbi kontingent yollayır.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun rus bölməsi məlumat yayıb.

Avqustun 17-də Çinin Müdafiə nazirliyi Rusiyanın Ukraynaya davam edən genişmiqyaslı işğalına işarə edərək, birgə təlimdə iştirakın “mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəli olmadığını” bildirib.

“Məqsəd iştirakçı ölkələrin orduları ilə praqmatik və dostluq əməkdaşlığını dərinləşdirmək, tərəflər arasında strateji qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək və müxtəlif təhlükəsizlik təhdidlərinə cavab vermək bacarığını gücləndirməkdir”, – deyə mesajda bildirilib.

Qeyd edək ki, bu ilin avqust ayının 16-da Çinin müdafiə naziri Vey Fenxe “beynəlxalq təhlükəsizlik” mövzusu ilə bağlı 10-cu Moskva konfransına videobağlantı vasitəsilə qoşularaq, Çinin təkcə dünyanı deyil, həm də öz milli maraqlarını qoruyacağını demişdi. Onun sözlərinə görə, Çin Tayvanın müstəqilliyi üçün düşünülən “separatçı planlara” dözməyəcək.

Xatırladaq ki, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq sanksiyaların tətbiqindən yayınan ölkələr sırasındadır.

2022-ci ilin iyulunda ABŞ dövlət katibi Entoni Blinken çinli həmkarı Van İ-yə Pekinin Rusiya-Ukrayna müharibəsində bitərəflik mövqeyi razılaşmadığını bildirmiş və Vaşinqtonun “Çinin Rusiyanın tərəfini tutmasından” narahatlığını ifadə etmişdi.