22 Noyabr 2024

Ceyhun Bayramov iki səfiri qəbul etdi – FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narineni qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramov Finlandiyadan olan həmkarı ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşə istinad edib.

Ölkələrimiz arasında münasibətlərin inkişafı perspektivlərini qeyd edib. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti ifadə olunub.

Səfir isə Finlandiyanın bölgədə sülhün bərqərar olmasında maraqlı oduğunu və bu xüsusda, bölgənin sülh şəraitində gələcək inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Ceyhun Bayramovun Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabren arasında görüşü də baş tutub.

Nazir iki ölkə arasında iqtisadi, ticarət, turizm, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir Maria Elena Alqabre ölkələr arasında mövcud olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksək qiymətləndirərək, bir çox sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin vacib olduğunu qeyd edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstək, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və bu dövrdə irəli sürülən təşəbbüslərin uğurla həyata keçirilməsi, həmçinin Hərəkatın sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğu vurğulanıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.