23 Dekabr 2024

Cənubi Azərbaycan: Milli-azadlıq hərəkatına qarşı fars şoviniziminin tarixi cinayətləri

Tarixən türk xalqlarının və hökmdarlarının hakimiyyəti altında olan İranda yaşayan azərbaycanlılar zaman-zaman milli-azadlıq hərəkatına başlayaraq öz hüquqlarının qorunmasını tələb ediblər. 1905-1911-ci illərdə Səttar xanın başçılığı ilə Təbrizdə milli-azadlıq hərəkatı (Məşrutə hərəkatı) başladı. Tezliklə bu hərəkat Cənubi Azərbaycanın hər tərəfinə yayıldı. Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrildi.

1906-cı ilin yayında Müzəffərəddin şah inqilabçıların tələblərini qəbul etməyə məcbur oldu. Avqustın 5-də Konstitusiyaya verilməsi haqqında şah fərmanı imzalandı. Avqustun 19-da hərəkat başçıları, dövlət nazirləri, əhalinin müxtəlif təbəqələrindən 3 min nəfər toplanaraq təntənəli surətdə Məclis (Məclese-şoraye-milli) yaradılmasını elan etdilər. Həmin yığıncaqda məclisə nümayəndələr seçilməsi üçün nizamnamə tərtib edilməsi işi orada təşkil olunmuş müvəqqəti məclisə tapşırıldı. Sentyabrın 9-da seçki nizamnaməsi şah tərəfindən imzalandıqdan sonra Tehranda Məclisə seçkilər başlandı. Seçki qanunu yüksək əmlak senzi qoyaraq əhalinin böyük bir qismini (fəhlə, kəndli, sənətkar və tacirlər) seçki hüququndan məhrum edir və gələcək İran parlamentində feodal aristokratiyasının, mülkədar və varlı tacirlərin seçiləcəyinə təminat verirdi. Hakim dairələr isə tezliklə konstitusiya fərmanını ləğv etməyə hazırlaşırdı. Bu hal Tehranın ardınca əyalətlərdə, xüsusilə də sosial-iqtisadi ziddiyyətlərin əks olduğu Cənubi Azərbaycanda geniş xalq hərəkatının başlanmasına səbəb oldu.

1908-ci ildə şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradıldı. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edildi. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq “Sərdari-milli” (Xalq sərkərdəsi) və “Salari-milli” (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.

O zaman Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırıldı. Üsyançıların qələbəsi bütün İrana təsir göstərir. Bir çox şəhərlərdə, o cümlədən Tehranda “Səttar xan” adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xanla Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə onların adlarının metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.

Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyasını və imperialist İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından,Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.

Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və milliyyətcə erməni olan və əvvəllər Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış daşnak Yefrem Davidyansın başçılıq etdiyi Tehranın polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Onun qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Nəhayət, 1914-cü ilin noyabr ayının 9-da aldığı güllə yarasından Səttar xan 48 yaşında vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur.

1905-1911-ci illər İran Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və ictimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı.

Cənubi Azərbaycanda qələbə çaldıqdan sonra 1910-cu martın 19-da ildə Səttar xanın rəhbərliyi ilə Tehrana yürüş başlandı. Səttar xan və Bağır xanın fədai dəstələri Təbrizdən Tehrana yola düşdülər. Lakin İran monarxiyasının Rusiyanı köməyə çağırması ilə 1911-ci ildə inqilab süqut etdi. Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutdular.

1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.

Bu inqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Birmənalı demək olar ki, Səttar xanın başçılığı altında olan hərəkat Cənubi Azərbaycanda yeni demokratik meyillərə təkan verdi. 

İranın fars-molla rejimi 1905-1911-ci illər inqilabının rəhbərlərindən biri olan Səttar xanın məzarına uzun müddət laqeyd yanaşıb. Məzarın ətrafında dəfələrlə qazıntı işləri aparılıb baş daşına ziyan vurulub. Sonradan isə milli fəallar tərəfindən məzar daşı dəyişdirilib və qəbri yenidən təmir olunub. Bütün bu laqeydliklərə görə dəfələrlə İran hökumətindən məzarın Tehrana köçürülməsi tələb olunub, lakin illərdir hökumət bu istəyə müsbət cavab vermir. Hər il noyabrın 13-14-də Cənubi Azərbaycandan olan milli fəallar Səttar xanın məzarı üzərinə yığışıb onu yad edirlər. Ancaq hər dəfə ziyarətə gələnlər təqib edilib, həbs olunurlar. 1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən “Azadlıq cəbhəsi” qəzeti tərəfindən təşkil edilmiş mitinqdə S.C.Pişəvəri Səttar xanın qəbri üstündə nitq söyləyir. 1946-cı ildə Azərbaycan Milli Hökumətinin hakimiyyəti dövründə Təbrizdə Rza şahın abidəsinin yerində Səttar xana abidə qoyulmuş, Gülüstan bağının da adı dəyişərək Səttar xan bağı olmuşdur. Milli hökumət süquta uğradıqdan sonra isə abidə dağıdılmış parkın adı dəyişdirilib. Yeri gəlmişkən, Cənubi Azərbaycanın Əhər və Təbriz şəhərlərində Səttarxanın heykəli ucaldılıb.  Bundan başqa, Azərbaycanın Naxçıvan, Şəmkir, Ucar və Bərdə şəhərlərində Səttarxanın adına küçələr var…