22 Dekabr 2024

Cəbrayıldakı ceyranlarla bağlı ETSN-dan açıqlama – “Böyük bir ərazi sırf bu məqsəd üçün təmizlənib”

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisinə oktyabrın 19-20-də 33 baş ceyran buraxılıb. İndi əsas düşündürücü məqamlardan biri azad edilmiş ərazilərdə ceyranların təhlükəsizliyi məsələsidir.

Media1.az xəbər verir ki, bununla bağlı apa-ya açıqlama verən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun bildirdiyinə görə, ceyranların tarixi areallarına qaytarılmasının əsas məqsədi Cəbrayıl və Zəngilan ərazisində onların populyasiyasını bərpa etməkdir:

“Heyvanların davranışı, özlərinə haranı yaşayış məskəni kimi seçmələri izləniləcək və növbəti dövrlərdə seçilmiş yerlərə yenidən ceyranların reintroduksiyası davam etdiriləcək. Vəhşi təbiətdə ceyranlar bir sıra yırtıcıların yem mənbəyidir. Onların təbii düşmənləri olan əsas yırtıcılar Azərbaycanda canavar, tülkü və digər heyvanlardır. Amma 30 ilə yaxın davam edən işğal dövründə bu yırtıcıların da sayı kəskin azalıb. Digər tərəfdən ceyranın sürəti onun təbii düşmənlərindən qaçmağına imkan verir. Sadəcə xəstə, yaralı ceyranlar həmin yırtıcıların yeminə çevrilir. Belə hallara Şirvan və digər milli parklarda da təsadüf edilir. Burada da həmin proseslərin izləniləcəyini düşünürük. Kütləvi olaraq ceyranların hansısa yırtıcılar tərəfindən məhv edilməsi təhlükəsi yoxdur. Lakin təbiətin öz qanunları var və ceyranların da həmin yırtıcalara yem olması ehtimalı var”.

Nazir müavini işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların ceyranlar üçün nə qədər təhlükəli ola biləcəyinə də aydınlıq gətirib.

“Bu gün işğaldan azad edilmiş ərazilərimizdə mina təhlükəsi var. Lakin heyvanları buraxmaq üçün seçdiyimiz ərazi digər rayonlarla müqayisədə minalardan daha çox təmizlənmiş və daha az çirklənmiş ərazidir. Öncədən də baxış keçirilib və heyvanları buraxmaq üçün ən uyğun ərazi bura seçilib. Böyük bir ərazi sırf bu məqsəd üçün təmizlənib. Digər tərəfdən ceyranın çəkisi yüngül olduğundan minaların onlara xəsarət yetirmə ehtimalı çox azdır.

Proses davam etdirilməlidir. Bunun üçün tarixi bir fürsət yaranıb. Hazırda infrastruktur işləri yekunlaşmamış, əhali köçürülməmiş ceyranlar buraxılır ki, onların seçdiyi yerlər müəyyənləşdirilsin və gələcəkdə xüsusi mühafizə altına alınsın”.

Vüqar Kərimov təbiətə buraxılmış ceyranların hansı üsulla izləniləcəyini də açıqlayıb:

“Ceyranların ikisinin boynuna xalta keçirilib və GPS bağlantısı var. Gündəlik əldə olunan siqnallarla onların gəzdiyi areallar müəyyən edilir. Ceyranlar sürü halında gəzən canlılar olduğundan hər dəstədən bir ədəd ceyrana bağlanmış xalta onların harada olduqlarını, hansı istiqamətdə hərəkət etdiyini müəyyənləşdirməyə imkan verəcək”.