Cəbhə xəttinə yaxın Bərdə məktəbi: müharibə olmasına baxmayaraq Şahvəlilər məktəbinin 6 şagirdi ali məktəbə qəbul olub.
Ötən ilin 27-sentyabrı ölkəmizdə düşmənə qarşı II Qarabağ müharibəsinin başlanması ilə yadda qaldı.
28 ildən artıq torpaqlarımızı işğal edib, yeni ərazilərlə bizi təhdidə məruz qoyan düşmənə cavab verilmədikcə daha da azğınlaşırdı. Ermənistanın müdafiə naziri Totoyan yeni müharibə anonsu verir, Baş Naziri Paşinyan Şuşanın cıdır düzündə rəqs edib, Qarabağ Ermənistandır deməklə azərbaycan xalqının səbrini daşırırdı. Tovuz hadisələri də düşmənin məkrli niyyətlərini bir daha ortaya qoydu.
Sentyabr ayından hadisələr daha da dramatikləşməklə müşahidə olunurdu.Nəhayət 27 sentyabr Zəfərə gedən yolun başlanğıcı oldu. İndi biz geriyə baxanda Azərbaycan tarixinin bu günlərindən qürur hissi ilə danışmalı oluruq.
“O günlərdə Azərbaycan xalqı birliyin mücəssiməsini yarada bildi. Bütün peşə adamları cəbhəni fikirləşirdi. Bərdə təhsil işçiləri də o günlərdən alnı açıq, üzü ağ çıxıb.”-deyə Bərdə rayon Şahvəlilər kənd tam orta məktəbin direktoru Həsrət Hümmətov ilə bir ilin xatirələrini bölüşərkən məlum olur ki, cəbhə xəttinə yaxın olduğundan müharibənin təhlükəsi onlar üçün daha çox problemlər yaradıb. Atılan mərmilər üç ev dağıdıb. Kənd sakinləri düşmənin mülki əhalini hədəfə alması səbəbindən ölümün gözünə dik baxmalı olublar. Ancaq , düşmənin yaratdığı təhlükələr burada heç kimi qorxutmayıb.
“1992-ci ildən Ağdərə rayonunun Orta Güneypəyə kəndində özünmüdafiə dəstəsində olmuşam.Ermənilərin Dağlıq Qarabağ hüdudlarında apardıqları soyqrıma məruz qalan kəndlərdən biridə bizim Orta Güneypəyə oldu. Məcburi köçkün olaraq ailəmiz Bərdədə məskunlaşmalı oldu.Bərdədən də hərbi xidmətə getdim. Ağır döyüşlərdə iştirak etdim.1997-ci ildə ordudan tərxis olundum. Hərbi xidmətimiz dövründə çoxlu sayda ermənilərin canlı qüvvəsini məhv etmiş, sarsıdıcı zərbələr endirmişik”- deyə məktəb direktoru Həsrət Hümmətov fəaliyyətinin müəyyən bir hissəsi barədə məlumat verir.
Həsrət Hümmətov ermənilərlə döyüş meydanında üz-üzə gəldiyindən düşmənin hansı hünərə sahib olduğunu bilir. Bildirir ki, ermənilər qorxaq millətdir. Azərbaycan oğullarının qarşısında dayanmağa gücləri çatmaz.Onlar ancaq havadarlarının hesabına torpaqlarımızı qəsb edə bildilər.
Sentyabrın 27-də başlayan müharibə günlərini Azərbaycanın qəhrəmanlıq səhifəsi adlandıran Həsrət Hümmətov belə deyir: “Ali baş komandanımızın əzmkarlığı,vətənpərvərliyi sayəsində əsgər və zabitlərimiz orduya səfərbər olundular.Hamı könüllü vətənin müdafiəsinə qoşuldu.Heç kimi məcburi olaraq döyüşə aparmırdılar. Qanı, canı, ruhu ilə vətənpərlik dərsi almış şagirdlərimiz toy bayramla gedib torpaqlarımızı azad etdilər. Şücaət göstərərək bizim Çaylı kəndində ermənilərlə süngü davasına çıxdığımız kimi indiki gənclərimiz əlbəyaxa döyüşlə Şuşanı mənfur düşməndən təmizlədilər.”
44 günlük müharibədə qazanılmış möhtəşəm qələbədən danışan Həsrət müəllim qeyd edir ki, şəhid və qazilərimizə daim minnətdar olmalıyıq. İşğaldan torpaqlarımızın azad olunmasına görə, Ali baş komandanımızın əmrini alıb döyüşə atılan şəhid və qazilərimizə borcluyuq.
Həsrət Hümmətov döyüşlərin qızğın çağında orduya dəstək olsun deyə əlindən gələni əsirgəməyib. Füzuli cəbhəsinə yollanaraq sovqat payı aparıb. Orada gördüklərinə heyran olub. Arxa cəbhədən ön cəbhəyə dəstək göstərən vətənpərvər insanların axışdığını görüb. Arxa cəbhənin insanları döyüşçülərimizə maddi ,mənəvi dəstək olmağa çalışırdılar. Qələbəmizin əldə olunmasını da məhz belə bir möhtəşəm birliyimizin olmağı ilə əlaqələndirir.
Şahvəlilər kənd məktəbinin 18 nəfər yetirməsi müharibədə layiqincə iştirak edib. Məktəbin işçisi Əlili Əlvan döyüşlərdən qazi kimi qayıdıb.Əlili Əlvan Prezidentin fərmanı ilə “cəsurluq” ordeni ilə təltif edilib.
Döyüşdən qayıdan qalib ordunun əsgərlərinə qurban kəsilib.Onların gəlişi toy bayramla qeyd edilib.
Şahvəlilərdə insanlar müharibə vaxtı çətin, ekstremal şəraitdə yaşasa da məktəb fədəkarlıqla təhsilin səviyyəsini qoruyub, saxlaya bilib. Məktəbin 6 şagirdi yüksək bal toplamaqla ali məktəblərə qəbul olub.
Şahvəlilər məktəbinin direktoru Həsrət Hümmətov vurğulayır ki, müharibə şəraitində 6 şagirdin tələbə adını qazanması təhsilimizin uğurudur.
Həmişə uğurlar….
Musa Muradlı