24 İyun 2024

Bütün sahələri əhatə edən əməkdaşlıq

Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “bir millət, iki dövlət” olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: “Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.”

Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır.

Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir… Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.

İşğaldan azad olunmuş ərazilərin dirçəlməsində Türkiyə də öz töhfəsini verir. Yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. İnfrastruktur obyektləri tikilir. Türkiyə də bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında yaxından iştirak edir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı