Bütün hədəflərə nail olmuş Azərbaycan Ordusu
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı.
Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi. 30 il ərzində qurulan müdafiə xətləri çox qısa zamanda aşılaraq düşmənə sarsıdıcı zərbələr endirildi. Hərbi baxımdan ən çətin sayılan dağlıq ərazilərdə peşəkar hərbi əməliyyatlar təşkil olundu. Yüzlərlə yaşayış məntəqəmiz bir-birinin ardınca işğaldan azad edilərək Azərbaycanın, Qarabağın incisi sayılan Şuşaya yol açıldı. Qəhrəman hərbçilərimizin həyata keçirdiyi Şuşanın azad edilməsi əməliyyatı isə dünyanın müxtəlif hərb məktəblərinin dərsliklərinə salınıb, tədris edilir. Vətən müharibəsinin ilk saatlarından son anına qədər Silahlı Qüvvələrimizin heç bir mənsubu döyüş mövqelərindən bir addım da geri çəkilmədilər.
Bu gün Azərbaycan ordusunun gücü və peşəkarlığı onun beynəlxalq reytinqlərdəki mövqeyində də əksini tapır. Hərbi sahədə ixtisaslaşmış, dünyanın ən nüfuzlu hərbi analitik mərkəzlərindən sayılan “Global Firepower” portalının 2023-cü il üçün reytinq siyahısına əsasən, Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sırada, Cənubi Qafqazda isə birinci yerdədir. Belə ki, Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cüdür. Siyahının tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər nəzərə alınır.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır.
Zəfər paradında çıxış edən Prezident İlham Əliyev tarixin sınağından şərəflə çıxmış Azərbaycan-Türkiyə birliyinə və qardaşlığına diqqəti cəlb edərək vurğuladı ki, “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.”
2020-ci ilin noyabrın 9-dan 10-a keçən gecə üçtərəfli bəyanat imzalanmaqla Ermənistan kapitulyasiya aktına qol çəkdi. Yəni, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. “Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi