07 Avqust 2025

Bütün dünya bir olsa bir anam etməz!

Bəli. Bütün dünya -aləm bir olsa bir anam etməz. Sözsüz ki valideynin- ata- ananın yerini heç kim tuta bilməz. Hər bir insan üzərində valideyn zəhməti var. Düşünürəm ki, övladıyla daha çox ünsiyyətdə olan anadır. Hər an övladının qayğısına qalan, onun əziyyətini çəkən, yanlış fikirlərdən uzaq tutan Ana elə varlıqdır ki, onun boşluğunu  heç nə doldurmaz. Bətnində  daşıyıb, dünyaya gətirən, xəstələndikdə səhərə qədər övladının başından ayrılmayan, onun  əziyyətini çəkib böyüdən əziz anamızdır. Ancaq hər dünyaya övlad gətirən qadına da ana adını vermək olmaz. Övladını atıb gedən, övladından xəbəri olmayan, ona qayğını göstərməyən qadına “ana” demək olmaz. Ətrafımıza nəzər salsaq ana nəvazişindən məhrum olmuş yüzlərlə körpə, gənc görərik. Son vaxtlar kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə körpəsini dünyaya gətirib imtina edən qadınlarla bağlı xəbərlər eşidir, televizorda  çox görürük. Hələ günahsız körpəykən  imtina edilən o məsum varlıqların  heç bir günahı yoxdur. Bəlkə də düz deyiblər,  uşaq atadan yox, anadan yetim qalır.  

Valideynin yoxluğu yaşdan asılı olmayaraq hər bir insan üçün çətindir. İstər  ana , istərsə də ata. Zaman sürətlə keçir, necə deyərlər gözünü açıb yumursan ki, illər ötüb. İllər ötür, yaş artır və vaxtında sözünü dinləmədiyimiz anamızın qədrini ana olduğumuz zaman başa düşürük. Həyatdan dərs çıxaranlara nə xoş. Güman edirəm ki, dərs çıxaranlar içərisində mən də varam. Uşaqlıqdan mənim üçün deyilən nəsihətlərin artıq nə dərəcə əhəmiyyətli olduğunu görürəm. Mənim doğru bildiyim əslində səhv olan hərəkətlərimi artıq anlaya bilirəm. Valideynindən uzaq yaşayan hər gənc onun dəyərini bilir. Həyat ona nəyin düzgün, nəyin yanlış olduğunu göstərir. Bəzi gənclər isə valideynlərindən uzaq yaşadığı üçün səhv və  yanlış addımlar atırlar. Bunun səbəbi daha çox ətraf mühitin doğru insanlarla əhatə olmamasıdır. Səhv addım atdıqda evdə anamızın dedikləri sözlər yadımıza düşür. Məhz bu məqamlarda  anadan uzaqda qalmağın sıxıntısını yaşayır, onun dəyərini daha çox anlayırıq. Anlayırıq ki, bizi  ana kim qarşılıqsız  sevən, dəyər verən ikinci bir varlıq yoxdur. Yadımdadır uşaq vaxtı tez-tez xəstələnirdim. Anamın səhərə qədər başımdan bir an ayrılmaması heç yadımdan çıxmaz. Saçımı oxşayıb: “Gözəl qızım”,- deməsi ən şirin kəlmədir mənim üçün.

Evdə çox ərkəsöyün olan, hər istədiyi olan bir gənc doğma ocaqdan  ayrı qalanda hətta əvvəllər bəyənmədiyi nemətlərin dəyərini də anlayır. Ən duyğusal an isə sevgisini çox bildirməyən bir qadının, “Qızım,  darıxmışam, günləri sayıram gəlməyin üçün”- deməsidir. Məsafələr hər bir insana nəyisə öyrədir. Mənə də anamın sözündən çıxmamağı, mənim üçün etdiklərinin dəyərini bilməyi öyrətdi. Aytac İbrahimin  şeirində dediyi kimi:

Gəzsəm də dünyanı, tapmaram tayın
Sənin bənzərin yox, anadır adın.
Yüz il də, min il də keçsə də inan,
Sən mənim ruhumsan, ən ülvi payım.

Valideyn həyatda olmadıqdan sonra nə qədər peşman olsan da fayda verməz. Valideynin yanındadırsa demək ən xoşbəxt insan sənsən. Nə olur- olsun bizi səbrlə dinləyən, doğru yolu göstərən valideynlərimizin qiymətini bilək ki, sonra peşman olmayaq.

Sevda Nəsir,
Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası üzrə II kurs tələbəsi