22 Dekabr 2024

Bu Qələbə bizimlə əbədi olacaq

Cənab Prezidentimiz İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevin iştirakı ilə noyabrın 8-də Bakıda Zəfər parkının açılışında dövlət başçımızın müraciətində müasir tariximiz və gələcək nəsillər üçün vacib olan bir sıra məsələlər öz əksini tapıb.

Birincisi, 44 günlük Vətən müharibəsi Azərbaycan millətinin şanlı tarixidir. Azərbaycan həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında alıb, ərazi bütövlüyünü, suverenliyini bərpa edib.

İkincisi, torpaqlar 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və rəhbərliyi bu işğalla heç vaxt barışmayıb, mövqeyindən geri çəkilməyib.

Üçüncüsü, 2003-cü ildə İlham Əliyev ilk dəfə Prezident vəzifəsinə seçiləndə bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyü bərpa ediləcəkdir. Dövlət başçısı ali məqsəd naminə hazırlaşdı və millət qarşısında verdiyi vədi yerinə yetirdi, qəti iradə öz sözünü dedi.

Dördüncüsü, Azərbaycan milləti, gələcək nəsillər bu tarixi bilməli Ermənistanın törətdiklərini heç bir zaman unutmamalıdırlar. Beşincisi, Qarabağda separatçıların izi-tozu da qalmayıb. Nəhayət, şanlı qələbəni Azərbaycan xalqı öz qanı və gücü ilə qazanıb. Qazanılan qələbə təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında dayananların acı və alçaldıcı məğlubiyyəti olduğundan onlar bunu bağışlaya bilmirlər, çirkin kampaniya aparırlar. Ancaq bunlar bir nəticə verməyəcəkdir. Qələbə Azərbaycan milləti ilə əbədi olacaq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır. Azərbaycana heç kim təzyiq göstərə və yolundan döndərə bilməz.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı