Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür
Müstəqil respublikamızın dövlət quruculuğu prosesində ilk Konstitusiyasının qəbulu dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindəndir.
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28
il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.
1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti Konstitusiya qəbul etməsə də Milli Şurada qəbul edilmiş İstiqlaliyyət Bəyannaməsi onu əvəz edirdi. 1920-ci il aprel işğalından sonra Azərbaycanın ictimai və dövlət quruluşunda mövcud olmuş qaydalar dəyişdirildi və sovet rejiminin formalaşmasına başlandı. Sovetləşmə başa çatdıqdan sonra 1921-ci il mayın 19-da Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər qurultayı Azərbaycan SSR-in birinci Konstitusiyasını qəbul etdi. Azərbaycan SSR-in sonuncu Konstitusiyası 1978-ci il aprelin 21-də qəbul edildi. Bu Konstitusiyanın 73-cü maddəsinə görə Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili idi. 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edildi. Bu sənədə görə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunurdu.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmışdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. “Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Yeni Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. Artıq zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmiş və o, demokratik sənəd kimi özünü doğrultmuşdur. Bu möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış, xalqımız öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazanmışdır. Ötən illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində zəmin yaradır. Hal-hazırda hər bir azərbaycanlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın geri qaytarılması, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və işğaldan azad edilmiş torpaqlarda ölkəmizin Əsas Qanunu olan Konstitusiyanın hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Bu qürur bizim ən böyük bayramımızdır!
Türkan Şadlinskaya – Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi