Brüssel danışıqları: Paşinyan seçim qarşısında- ŞƏRH

Müzakirənin harada getməsindən asılı olmayaraq, şərtləri Azərbaycan diqtə edir.
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin araçılığı ilə Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdü. Görüşdə və görüşdən sonra çəkilən fotolarda Paşinyanın ovqatının xeyli təlx görünməsi ilə Avropa İttifaqından verilən açıqlamalardakı və müzakirələri diqqətdə saxlayan təcrübəli xarici diplomatların şərhlərindəki nikbinlik arasında təzad var. Hərçənd Ermənistanın baş nazirinin özü də Brüsseldə İlham Əliyevlə apardığı danışıqlarda müəyyən razılıq əldə olunduğunu vurğulayır. Paşinyan açıqlamasında qeyd edir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlikləri ölkələr arasında sülh sazişinin imzalanması üçün sənəd üzərində işləyəcək. Digər tərəfdən o, “Ermənistanın nəzarətində Azərbaycan torpaqları, Azərbaycanın nəzarətində Ermənistanın torpaqları var” deyə sərhədlərin demarkasiya və demilitasiyası barəsində da danışıqlara hazır olduğunu ifadə edir. Ermənistan rəhbəri onu da sözlərinə əlavə edir ki, Azərbaycanın rəsmi şəkildə təqdim etdiyi təkliflər arasında İrəvan üçün qəbuledilməz bənd yoxdur.
Bütün bunlar ilk növbədə onu təsdiq edir ki, İlham Əliyev və Paşinyan arasındakı Şarl Mişelin iştirakı ilə keçirilən görüşdə “Dağlıq Qarabağ” məsələsi ya müzakirə olunmayıb, ya da bu barədə müzakirələrin əsas predmetinə aiddiyyatı olmayan ikinci dərəcəli mövzu kimi toxunulub.
Gəlin Şarl Mişelin açıqlamasına diqqət edək:
“Biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”.
Avropa İttifaqı Şurasının prezidenti sözlərinə belə davam edir:
“Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”.
Bu açıqlamadan çıxan nəticə odur ki, Avropa İttifaqı “Dağlıq Qarabağ” mövzusunda Azərbaycanın həssaslığını və prinsipiallığını tamamilə nəzərə alır, onu gündəmə gətirməməklə danışıqlar prosesində itirilmiş mövqeyini bərpa etmək üçün prezident Əliyevin “qırmızı cizgisi”ni tanıyır.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza bu baxımdan heç də təsadüfən vurğulamır ki, “Aİ ATƏT-in Minsk qrupunun de-fakto “ölümü”ndən sonra yaranmış boşluğu doldurmağa çalışır”.
Səhv etmirəmsə, ATƏT Minsk Qrupu həmsədrlərinin Azərbaycan son səfəri 2020-ci ilin dekabrında olub. O zaman prezident Əliyev açıq şəkildə bildirdi ki, görüşün təşəbbüskarı rəsmi Bakı deyil. Üstəlik, Azərbaycan lideri həmsədr ölkələrin nümayəndələrinin birbaşa üzlərinə söylədi ki, ATƏT Minsk Qrupu münaqişənin həllinə heç bir töhfə verməyib, Azərbaycan öz torpaqlarını işğaldan hərbi güclə azad edib. Münaqişə bitdiyi üçün ATƏT-in Minsk Qrupunun missiyasına da ehtiyac qalmayıb. 44 günlük Vətən savaşımızda Azərbaycanın qazandığı qəti qələbədən sonra Ermənistan xarici siyasətinin əsas vəzifələrindən biri məhz ATƏT-in Minsk Qrupunu dirçəltmək olub. Bununla ermənilər ona çalışıblar ki, hərbi məğlubiyyətlərindən dərhal sonra Azərbaycanın şərtlərini qəbul etməsinlər, vaxt qazansınlar. Lakin rəsmi Bakı həm təmkinli, həm də qətiyyətli kurs götürərək zamandan daha effektiv istifadə edib. Bu gün Rusiya-Ukrayna savaşı və Kremlin Qərb dövlətləri tərəfindən təcrid edilməsi onu göstərir ki, ATƏT-in Minsk Qrupunu yenidən aktivləşdirmək hətta nəzəri baxımdan da çox qəliz məsələdir. Əgər Qafqazda hərbi üstünlüyün Azərbaycana məxsus, Qarabağda isə Rusiya sülhməramlılarının mövcud olduğunu, Türkiyənin həm hərbi, həm də siyasi baxımdan prosesin içində olduğunu (Qarabağda müşahidə məntəqəsi və Şuşa bəyannaməsini xatırlayaq) nəzərə alanda Avropa İttifaqının Minsk qrupuna verilən “fatihə”dən sonra təşəbbüskarlığı başa düşüləndir. Ancaq əsas sual budur ki, Ermənistan Avropa İttifaqının təşəbbüsü ilə baş tutan danışıqlarda razılaşmağa məcbur olduğu şərtləri- Azərbaycanın təkliflərini yerinə yetirməyə hazırdırmı və bu qədər müstəqildirmi?
Nikol Paşinyanın Brüssel danışıqları barədə məlumat verərkən dediyi “bizim üçün Dağlıq Qarabağ xalqının təhlükəsizliyinə, hüquq və azadlıqlarına təminat, o cümlədən Dağlıq Qarabağın yekun statusu prinsipial əhəmiyyət daşıyır” deməsi, necə deyərlər, oyunpozanlıq üçün əl yeri saxlamaq deməkdir.
Azərbaycan 44 günlük savaşdan sonra Ermənistandan Xankəndinə gələn yola göz qoyur. Bölgə hərbi baxımdan Azərbaycanın tam nəzarəti altındadır. Üstəlik, bəzən qəzalar baş verir, Xankəndidə qaz və elektrik də kəsilir, seperatçı ermənilər anlayırlar ki, Azərbaycan bayrağının altında yaşamaqdan başqa çarələri yoxdur. Üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlılarının bölgədəki səlahiyyət müddəti 2025-ci ildə bitəcək. Bu, Arayik Arutyunyanın çürümüş darısının Xankəndidən sovuşması üçün son həddir. Proseslərin ümumi gedişatı budur ki, istər Rusiya, istərsə də artıq Aİ son nəticədə Azərbaycanın mövqeyinə yaxın tövr sərgiləyir. Ümumiyyətlə, bu danışıqlar onu göstərir ki, müzakirənin harada getməsindən asılı olmayaraq, şərtləri Azərbaycan diqtə edir.
Belə olan halda Xankəndidəki işğalçı cinayətkar çətə əvvəlcə “referendum” keçirərək “legitim iqtidar” problemini çözməyə çalışdı. Ancaq Azərbaycan buldozerləri Fərrux dağında abadlıq işlərinə başlayanda anladılar ki, rus sülhməramlılarına araq, çaxır, fahişə göndərməklə bu məqsədlərinə nail ola bilməyəcəklər. Ardınca “yeni referendum ideyası” ortaya çıxdı. Bu dəfə məsələ belə qoyulur ki, “madam Ermənistan bizə təminat verə bilmir, o zaman Rusiyaya birləşək”. Ukraynada baş verənlər kontekstində bu, əlbəttə, növbəti erməni hiyləsidir, çox güman ki, heç tək də düşünməyiblər. Ancaq belə bir referendumdan danışanda gərək ermənilər “Bayraqdar”ın başlarının üzərində olmasını unutmasınlar. Əgər fantaziyaları bu qədər irəli gedə bilirsə, o zaman belə bir cəhdin, açıq desək, Rusiya ilə Azərbaycan arasında savaş çıxarmaq arzusunun İrəvanın uzağı 5-6 saat içərisində Türkiyə ordusunun nəzarətinə keçməsi ilə nəticələnəcəyini də hesablamağı bacarmalıdırlar.
Ümumiyyətlə, ermənilərin ən böyük və tarixi sorunu budur ki, onlar hələ də qəbul etmək istəmirlər ki, ABŞ, Rusiya, Fransa və digər dövlətlərin siyasi elitasına təsir göstərmələri, həmin dövlətləri beyindən məhrum etmir. Rusiya kimi bir dövlət, əlbəttə, primitiv “sədaqət şousu”ndan vəcdə gəlib nə Azərbaycanı, nə də Türkiyəni qarşısına alar. Referendumdan və Türkiyədən söz düşmüşkən, Ankara və İrəvan arasında qonşuluq münasibətlərinin yaranması üçün Ermənistanın konstitusiyası dəyişməlidir. Çünki Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı açıq ərazi iddiaları ilə bağlı bənd mövcuddur. Bu bənd Ermənistan konstitusiyasında qaldıqca, İrəvan və Ankara arasında səmimi dialoq qurula bilməz.
Beləlikə, Brüssel danışıqları bütün çılpaqlığı ilə üzə çıxardı ki, Ermənistan tarixi seçim qarşısındadır. İrəvan ya qonşulara qarşı ərazi iddialarından, onun-bunun əlində maşa olmaqdan və tünd sirkəyə dönüb axırda öz qabını sındırmaq vərdişindən, saxta tarix zəhərlənməsindən əl çəkib yeni səhifə açmalı, ya da buna məcbur edilməklə razılaşmalıdır. Azərbaycanın iç işləri nə Paşinyan, nə də qeyrisi üçün “prinsipial məsələ” ola bilər.
Taleh ŞAHSUVARLI