Brejneva və Meladze Türkiyədə rus turistlər üçün oxumaqdan imtina ediblər
Rusiyalı müğənnilər Vera Brejneva və Valeri Meladze Türkiyəyə gəlməkdən və Rusiya Federasiyasından olan turistlərin qarşısında çıxış etməkdən imtina ediblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, daha əvvəl onların konsertləri Antalya vilayətinin Belek kurort şəhərindəki beşulduzlu otellərdən biri tərəfindən elan edilib.
Sənətçilər Türkiyənin “Port Nature Luxury Resort Hotel & Spa”-da rus turistlər üçün təşkil olunan konsertlərini ləğv ediblər. Sosial şəbəkələrdə yayılan elanlara görə, bir çox rus və ukraynalı səhnə “ulduzlar”ı turistlər qarşısında çıxış etmək üçün bu otelə gəlirlər.
Menecerin sözlərinə görə, sənətçilərin özləri Türkiyəyə uçmaq və çıxış etmək istəməyiblər.
“Onlar dedilər ki, sadəcə, çatdıra bilmirlər və bütün şouları ləğv etmək məcburiyyətində qaldıq”, – otel işçisi izahat verib.
Bundan əvvəl Brejnevanın volontyor fəaliyyəti ilə məşğul olmaq üçün Polşaya getdiyi məlum olub. Müğənni ukraynalılara humanitar yardımın paylandığı anbardan bir neçə paylaşım edib. O qeyd edib ki, qızı da orada könüllüdür.
Xatırladaq ki, müğənni Vera Brejneva TikTok səhifəsində Ukrayna bayrağı ilə səhnədə çıxış edərkən çəkilən videosunu paylaşıb.