Böyük alim, qayğıkeş ana, sədaqətli həyat yoldaşı
Hər kəsin qismətinə yazılan tale yolu olur. Hamı Tanrının qismət kimi bəxtinə yazdığı bu yolu başa vurur. Ancaq əsas odur ki, bu yolda saldığın izlərin, əməllərin əbədi qalsın, səni yaşatsın. Həyatın səndən sonrakı nəsillər üçün örnək olsun. Əfsanəyə çevrilən ümummilli lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın hamıya nümunə olan həyat və tale yolları kimi. Yüksək mənəvi keyfiyyətləri ilə, elmi, dünyagörüşü bir-birini tamamlayan insanlar əsl şəxsiyyətlər kimi cəmiyyətdə layiqli mövqe qazanırlar. Akademik Zərifə xanım Əliyeva kimi. Mehribanlıq, həssaslıq, ziyalılıq, bir sözlə, insanlığa xas bütün müsbət cəhətlər onun nəcib simasında qovuşmuşdu.
Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək kimi müqəddəs arzu baş qaldırmış, o öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdur. Bilik diapazonu geniş və çoxşaxəli olan Zərifə xanım Əliyeva qısa zamanda həm həkimliyin, həm alimliyin, həm də pedaqoqluğun ən yüksək zirvəsinə yüksələ bilmişdir. Belə bir deyim var, xeyirxahlıq, nəciblik və saflıq yaranışdan insanlığın ən ali zinəti sayılaraq onun bu fani dünyada əbədiyaşarlığını, daim mənəvi ucalıqda dayanmasını təmin edir və xalqının işıqlı gələcəyinə xidmət edən xoşməramlı əməllərin müəllifinə çevrilirlər. Bəli, Zərifə xanım Əliyeva da yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti, insanlara münasibətdə məsuliyyəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. Qismətinə belə xoşbəxt tale yazılan, qaranlıq gözlərə nur paylayan, həyatın gözəlliklərindən zövq alan, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoyan akademik Zərif xanım Əliyeva əməlləri ilə əbədiyaşarlılıq qazananlardan biri idi. Sağlığında xalqı üçün gördüyü işlərlə mənəvi ucalığa yüksələn Zərifə xanım Əliyevanın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb işçisi üçün mənəviyyat, kamillik və müdriklik məktəbidir. Akademik Zərifə Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir.
Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində də böyük xidmətlər göstərmiş, onlarla elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır. Akademik oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər bu gün də Azərbaycan tibb elminin parlaq səhifələridir.
Zərifə xanım daim mərhəmət və nəciblik kimi ali keyfiyyətlərə sadiq insan olaraq tanınmışdır. Bu gün qürur doğuran məqam odur ki, bu ocağın dəyərli üzvü – Zərifə xanımın çox sevdiyi gəlini Mehriban xanım Əliyeva da cəmiyyətdə xeyirxahlığın ali ünvanı kimi qəbul olunur. Bu gün Mehriban xanım Əliyeva da eyni əzm və fədakarlıqla Prezident İlham Əliyevin çətin və şərəfli fəaliyyətinə nəcib və xeyirxah əməlləri ilə dəstək olur, daha qüdrətli Azərbaycan quruculuğunda ömür-gün yoldaşının ən yaxın məsləkdaşına çevrilir. Bəli, Zərifə xanım Əliyeva unudulmaz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı. Yaşadı və bundan sonra da yaşayacaq.
Tağı İmamverdiyev YAP Ağstafa rayon təşkilatının əməkdaşı