Böyük alim, görkəmli ziyalı…
Ömrünün 89-cu zirvəsinə yüksələn, “Elm sərkərdə, təcrübə isə onun əsgəridir” müdrik kəlamının bələdçiliyi ilə elmin zirvəsinə ucalan akademik Arif Paşayev vətəndaşlıq mövqeyi ilə cəmiyyətdə böyük hörmət qazanıb
Azərbaycanı təsadüfən ziyalılar yurdu adlandırmırlar. Görkəmli dövlət xadimləri, siyasətçiləri, alimləri ilə dünyada tanınan, fizika, texnika elmlərinin və informatika sahəsinin inkişafında müstəsna xidmətləri olan Arif Mir Cəlal oğlu Paşayev respublikamızda aerokosmika elminin təkmilləşməsində də öz sözünü deyən tanınmış alimdir. Azərbaycan humanitar-elmi və ədəbi düşüncəsinin görkəmli nümayəndəsi, tanınmış yazıçı, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açması onun parlaq gələcəyinin bələdçisi olmuşdur. Azərbaycanın ədəbiyyatşünaslıq elminin inkişafında əvəzedilməz xidmətlər göstərmiş istedadlı yazıçı, eyni zamanda, yüksək mənəvi-əxlaqi dəyərlər daşıyıcısı olan bir şəxsiyyətin ailəsində böyüyən Arif Paşayev Azərbaycan cəmiyyyətində də atasının hörmətinə layiq vətəndaş kimi ad qazanmışdır.
Görkəmli alim, təcrübəli pedaqoq, fizika-riyaziyyat elmləri doktoru, professor və akademik, Milli Aviasiya Akademiyasının rektoru Arif Mircəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda anadan olub. Ali təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda alan gənc mütəxəssis Arifin ilk iş yeri Bakı Dövlət Universiteti, ilk vəzifəsi isə laborant olub. Biliyini və istedadını elmi axtarışları ilə birləşdirən Arif Paşayev elmin yollarında irəliləyərək əməyi, elmə olan həvəsini alimlik dərəcəsi ilə zənginləşdirib. 1957-ci ildə laborantlıqdan başlayan əmək və elmi fəaliyyət yolu sonralar onu çoxsaylı alimlər ordusunun tanınmış simaları arasında şan-şöhrət zirvəsinə yüksəldib.
Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun kiçik elmi işçisi, Dövlət Nadir Metallar İnstitutunun aspirantı, AMEA-nın Fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi vəzifələrində özünü doğruldan Arif Paşayev qısa müddətdə – 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini alıb. Gənc alim Azərbaycan Milli Elmlər Akademiyası sistemində ilk dəfə olaraq yüksək həssaslığa malik qurğu yaradıb. Yarımkeçiricilərdə elektrik, fotoelektrik və digər xassələri kontaktsız tədqiq etmək metodunu hazırlayan, ixtiralarının və elmi işlərinin nəticəsi olaraq, Arif Paşayev tərəfindən təklif edilən cihazların kütləvi istehsalı gənc alimə etimadı daha da artırıb.
1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda yazdığı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən Arif Paşayev Azərbaycan elminə gətirdiyi yenilikləri ilə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. Amma elmə olan marağı və yaradıcılıq həvəsi onu daha yüksək zirvələrə səsləyib. Arif Paşayev SSRİ Elmlər Akademiyasının alimləri ilə birgə fizika elminin aktual problemlərinə dair tədqiqatlar aparıb, orijinal, proqram təminatlı eksperimental qurğu yaradıb. Əldə olunan bu nəticələrə görə SSRİ EA Elmi Şurasının xüsusi mükafatına layiq görülüb. Amma bacarığı ilə seçilən Arif Paşayev üçün bu zirvə də son hədd olmadı. Elmi tədqiqatlarını genişləndirən, yeni nailiyyətləri ilə həmkarlarını belə təəccübləndirən alimin qazandığı uğurlar bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edildiyi üçün Arif Paşayev yaradıcılığına diqqət daha da artıb. Fizika elminin inkişafında göstərdiyi xidmətlərə, xüsusən avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə 1991-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. Onun rəhbərliyi ilə neft-qaz boru kəmərlərində hidratla, neft çıxarılan borularda isə parafinlə mübarizə üçün mütərəqqi, iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz üsul və vasitələr yaradılıb. 1993-1997-ci illərdə fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini tədqiq edərək, bu effekti bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq etmişdir. Fizika-riyaziyyat elmləri doktoru Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir. O, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi alıb. Fizika sahəsində əldə etdiyi nailiyyətlərə görə Arif Paşayev 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Amma onun diqqətini cəlb edən aerokosmik sahəyə olan marağı bitib tükənmirdi. 1996-cı ildən indiyədək “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının rektoru olan Arif Paşayev bu sahədə də özünü doğruldub. Onun rəhbərliyi ilə yetişdirilən və milli aviasiyamızın inkişafında xidmətlər göstərən 16 ixtisas üzrə hazırlanan bacarıqlı mütəxəssislər Azərbaycan aerokosmonavtikasında nümunə göstərilirlər.
Görkəmli alimin Azərbaycan elminə verdiyi töhfələrin, seçdiyi, maraq göstərdiyi sahələrində əldə etdiyi uğur və nailiyyətlərin əsasında daim inkişaf edən yaradıcılıq məharəti, hadisələrə sosial tərəqqini stimullaşdıran konseptual baxışları, dünyada sınaqdan çıxmış və sivilizasiyanın inkişafına xidmət edən innovativ yenilikləri Azərbaycanda tətbiq etməsi olmuşdur.
Yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə zəngin intellekt baxışlarını vəhdət halında birləşdirən və elmdə sınaqdan çıxaran görkəmli alim cəmiyyətdə fərqləndiyi kimi, parlaq zəkaya malik olduğunu vətəndaş-ziyalı münasibətlərindəki intellektual səviyyəsi ilə də təsdiqləyir. Tədqiqatları ilə zəngin məktəb formalaşdıran, yüksək biliyə, istedada malik müasir düşüncəli nəsil yetişdirən alim vətəndaşlıq mövqeyi ilə də nümunə olmuşdur. Belə deyirlər ki, tanınmış elm adamlarını zamanla ölçülən yaradıcılıq axtarışları yetişdirir, həmkarları arasında sayılıb-seçilən elm adamları kimi hörmət sahibi edir. Həyatının mənasını Azərbaycan elminə gətirdiyi yenilikləri davam etdirməkdə görən Arif Paşayev zəngin ənənələrə malik Azərbaycan elmindən bəhrələnməklə yeniliyə can atmış, müasirliyə baxışlarını bu ənənələrin təməlində inkişaf etdirmişdir.
Alimin yaradıcılığının ən bəhrəli dövrü dünyada fizika, texnika, informatika, aerokosmika elminin inkişafının ən məhsuldar dövrü ilə daha zəngin olmuşdur. Elmin çətin yolları ilə irəliləməyi qarşısına məqsəd qoyan akademik Arif Paşayevin multidissiplinar xarakterli elmi fəaliyyəti fizika, texnika və aerokosmika elmlərinin mühüm prioritet istiqamətlərini özündə birləşdirir. O, yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini (keçiricilik, yükdaşıyıcıların yaşama müddəti və s.) ölçmək məqsədilə yüksək tezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsaslarını yaradaraq müxtəlif təyinatlı çeviricilər sahəsində yeni elmi istiqamətin də müəllifidir. Fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini tədqiq edərək, bu effekti bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq etmişdir. Alim siqnalların zaman təhriflərinə korreksiyasının, çevrilməsinin, tezlik modulyasiyalı siqnalların izləyici qəbulunun akustooptik üsullarını və bu üsulları reallaşdıran qurğuları sintez etmiş, onların parametrlərini araşdırmışdır. Alınmış nəticələr bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilmişdir. O, müxtəlif elektromaqnit sahələrinin keçirici mühitlə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatlarına cərəyan burulğanları ilə nəzarət üçün yeni üsullar və qurğular yaratmışdır.
Akademik Arif Paşayevin həyat amalı atası Mir Cəlal müəllimin qürurla və uzaqgörənliklə söylədiyi “Mənim ən böyük əsərim ailəmdir” fikrinə sadiqliyi olmuşdur. Ailədən aldığı tərbiyənin nəticəsidir ki, insanlara münasibətdə yüksək mədəniyyət, təmənnasızlıq və xeyirxahlıq ənənəsini yaşadan Arif Paşayev cəmiyyətdə elmin, təhsilin inkişafında böyük xidmətləri olan yüksək mənəvi dəyərlərə malik ziyalı kimi hörmət qazanmışdır. Dahi yazıçı Viktor Hüqonun “Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır” müdrikliyini şəxsiyyətində formalaşdıran alim, Onore de Balzakın “Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır” kəlamını da yaradıcılığının bələdçisi kimi yadda saxlamışdır.
Daim axtarışda olan alimin elmə gətirdiyi yeniliklərin əksəriyyəti ixtira səviyyəsində işlənərək beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlara layiq görülüb, bir sıra sənaye müəssisələrində tətbiq edilib.
Akademik Arif Paşayev respublikamızda yeni perspektivli elm sahələrinin inkişafını daim diqqətdə saxlamışdır. Onun təşəbbüsü və dəstəyi ilə süni peykləri sayəsində kosmik ölkələr sırasına daxil olan, adı dünyada azsaylı kosmik dövlətlər sırasında çəkilən respublikamızda Milli Aviasiya Akademiyasının, AMEA-nın Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında xüsusi xidmətləri var. Onun təşəbbüsu ilə Fizika İnstitutunun nəzdində “Kosmos və yerətrafı kosmik fəzanın fizikası” laboratoriyası yaradılmışdır. Görkəmli fizik Milli Aviasiya Akademiyası, AMEA-nın Təcrübə-Sənaye Zavodu və “Zeytun Elm-İstehsalat Müəssisəsi” ilə birgə yüksək elektrik izolyasiyalı, korroziyaya və rütubətə davamlı, səs dalğalarının yayılması üçün şəffaf kipləndirici olan yeni poliefiruretan əsaslı lak-kompaundun, aviasiya təyinatlı aşağı temperaturlu sürtkü materialları və hidravlik mayelərin, həlledicilərin istehsalı texnologiyasını işləmişdir. Alınan nailiyyətlərin orijinallığı Azərbaycanın və Rusiya Federasiyasının patentləri ilə təsdiqlənmişdir. Rəhbərlik etdiyi akademiyanın nəzdində yaratdığı Elmi-Tədqiqat Aviasiya İnstitutunda Xüsusi Konstruktor Bürosunu və Təcrübi-Sınaq Bölməsini özündə birləşdirən Elmi-İstehsalat Birliyi aviasiya sahəsində ən yüksək səviyyədə tədqiqatlar aparmağa imkan verir. Bu da elmi nəticələrin tətbiqini sürətləndirməyə olduqca əlverişli şərait yaradır. Əbəs yerə deməmişlər ki, elm sərkərdə, təcrübə isə onun əsgəridir.
Nadir iş qabiliyyəti, yaradıcılıq enerjisi və fəal vətəndaş mövqeyi ilə seçilən, elm yolunda yorulmaz alim kimi tanınan akademik Arif Paşayevin Azərbaycan elminin inkişafı üçün göstərdiyi fədakarlıqlar dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif olunan, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı adlarına layiq görülən Arif Paşayev Azərbaycan Mühəndislər Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislər Akademiyasının, Beynəlxalq Nəqliyyat Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademikidir. Müdrikliyi, insanlara qarşı xeyirxahlığı, tükənməz enerjisi və nikbinliyi isə akademik Arif Paşayevin vətəndaşlıq zirvəsində tutduğu mövqedir. Onu tanıyan hər kəs Vətənə təmənnasız xidmətinin, qarşıya qoyulan məqsədə çatmaq bacarığının, fədakarlığının, yüksək ideallara sadiqliyinin şahididir. Bütün bunlar ani uğurlar deyil, gərgin əməyin, yuxusuz gecələrin, elmi axtarışların məntiqinin işığı və nəticəsi, yuxarıda qeyd olunan yüksək dövlət mükafatları, fəxri adları həyatının parlaq qələbəsi olmuşdur. Ətrafa saçılan bu işıq bizlərdə inam yaradır ki, onun mənbəyi olan görkəmli alim və pedaqoq hələ uzun illər xalqımıza, Vətənimizə dəyərli töhfələr verəcəkdir. Məhz bu ümdə keyfiyyətlərinə görə Arif Mir Cəlal oğlu xalqın dərin hörmətini qazanan nadir şəxsiyyətlərdəndir. Ailə institutunun daim diqqətdə saxlanıldığı respublikamızda Arif Paşayevin milli mentalitetlə ümumbəşəri dəyərlərin daşıyıcısı olan ailəsi cəmiyyətimiz üçün gözəl bir örnəkdir. Onun tərbiyəsini almış və ölkəmizin layiqli vətəndaşları olan övladları – Mehriban xanım Əliyeva və Nərgiz xanım Paşayeva bu gün milli dövlət quruculuğunda, cəmiyyətin sosial-mədəni həyatında, elmin, təhsilin inkişafında yaxından iştirak edirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyada qazandığı etimad, hörmət milli mentalitetimizə sadiq qalan Paşayevlər ailəsinin cəmiyyətimizə nümunəsidir.
“İki sahil” qəzetinin kollektivi də Azərbaycan elminə böyük töhfələr verən görkəmli alim, akademik Arif Paşayevi doğum günü münasibətilə təbrik edir, ona uzun və sağlam ömür arzulayırlar.