23 Dekabr 2024

BMT Məhkəməsində İrəvanın iddia tələblərindən məhrum olması hüquqi müstəvidə ciddi zərbədir

“Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan və Ermənistanın şikayətləri barədə qərarından danışarkən ilk olaraq vurğulanmalıdır ki, bu məhkəmə aktı mahiyyəti üzrə yekun qərar deyil”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, mahiyyət üzrə qərara qədər Azərbaycanı hələ hüquq müstəvisində uzun bir yol gözləsə də, indiki məqamda qəbul edilən məhkəmə aktı özlüyündə mühüm əhəmiyyətə malikdir: “Qərarda bizim üçün ən vacib məqamlardan biri heç şübhəsiz ki, Ermənistanın ən vacib arqument kimi əsaslandığı və tələblərinin kökündə dayanan “saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması” və “Hərbi Qənimətlər Parkının dərhal bağlanmasına dair” vəsatətlərin yekdilliklə rədd edilməsidir”.

B.Məhərrəmovun sözlərinə görə, BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin belə bir mövqeyin ifadə olunması İrəvanın ən mühüm tələbləri üzrə sübutlarının “mötəbərlik” və “mümkünlüyünü” heçə endirib: “Nəzərə alaq ki, işğal Azərbaycanın ərazisində reallaşıb, Azərbaycan Ermənistanın ərazisində faktiki heç bir hərbi əməliyyat keçirmədiyi üçün İrəvanın Azərbaycana qarşı mümkün iddialarının genişləndirilməsi imkanı yoxdur. Bunu Ermənistan tərəfi də yaxşı başa düşür və belə bir məqamda mühüm hesab edilə bilən iddia tələblərindən məhrum olmaları İrəvan üçün hüquq müstəvisində ciddi zərbədir. Ermənistanın təxirə salınmadan icrasını tələb etdiyi digər vacib epizod, saxlanılan “erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması”nın rədd edilməsi də İrəvan üçün ciddi uğursuzluq oldu. Qərarda ifadə olunan “2020-ci il münaqişəsi zamanı əsir götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi, onların təhlükəsizliyi və qanun qarşısında bərabərliyi təmin edilməlidir” tələbinə gəlincə, əslində bu tələb Azərbaycanın maraqlarına tam mənada cavab verir. Birinci, ona görə ki, məhkəmə Azərbaycanın beynəlxalq hüquqa istinadən israr etdiyi mövqeyə uyğun olaraq, “əsir” məfhumu yalnız 2020-ci il münaqişəsi zamanı saxlanılanları nəzərdə tutur ki, bu, İrəvan “hərbi əsir” arqumentinin fiaskosu deməkdir. Digər tərəfdən, Beynəlxalq Ədalət Məhkəməsi “2020-ci il münaqişəsi zamanı” ifadəsi işlətməklə bəzi qərb dairələrində iddia olunanın əksinə, münaqişənin artıq başa çatdığını məhkəmə aktında təsbit edir”.

Deputat qeyd edib ki, başqa mühüm məqam, Azərbaycanın vəsatəti əsasında məhkəmənin Ermənistandan öz sərhədləri daxilində fərdlər və təşkilatlar tərəfindən irqi ayrı-seçkiliyi qadağan etməyi tələb etməsi ilə bağlıdır: “Bununla da məhkəmə İrəvan üzərinə pozitiv öhdəlik qoyaraq bu ölkədə hazırda irqi ayrı-seçkiliyin mövcud olmasını tanıyıb. Əlbəttə, məhkəmə eyni zamanda, Azərbaycandan da irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib, lakin məzmununa diqqət etməklə fərqi aydın görə bilərik ki, Azərbaycandan mümkün irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsi, Ermənistandan isə artıq mövcud olan bu problemi qadağan etməsini tələb edir. Bununla Azərbaycandan fərqli olaraq Ermənistan məhkəmə aktında artıq irqi ayrı-seçkiliyin mövcud olduğu dövlət kimi təsbit olunur”.

“Başqa bir məsələyə də xüsusi diqqət çəkilməsinin tərəfdarıyam. Bildiyiniz kimi, Azərbaycanda bəzi media qurumları, eləcə də erməni mediası Ermənistanın da Azərbaycana qarşı bir sıra vəsatətlərinin təmin olunması barədə məlumatlar tirajlamaqdadırlar. Bəli, bu, sirr deyil, lakin, İrəvanın iddia etdiyinin və gözlədiyinin əksinə, bu məsələ nəinki bizi çətin duruma saldı, əksinə, siyasi mövqeyimizi gücləndirdi. Məsələn, məhkəmə hər iki tərəfdən ziddiyyətləri dərinləşdirə və ya mürəkkəbləşdirə, mübahisənin həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək, irqi zəmində nifrətin qızışdırılmasına yol verməmək kimi tələblər müəyyən edib ki, zatən, bu, Azərbaycanın özünün müdafiə etdiyi yanaşmadır və şəxsən Prezident İlham Əliyev dəfələrlə bu məsələni gündəmə gətirib. Yaxud, “2020-ci il münaqişəsi zamanı əsir götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi, onların təhlükəsizliyi və qanun qarşısında bərabərliyinin təmin edilməsinə dair” tələbə gəlincə, Azərbaycan Cinayət-Prosessual Məcəlləsində onsuz da bu kimi məqamlar icraatının vəzifələri, əsas prinsipləri və şərtlərinin priorotetləri kimi müəyyən edilib. Yəni, Beynəlxalq Ədalət Məhkəməsinin bu istiqamətdə tələbinin mövcudluğundan asılı olmayaraq, Azərbaycanın cinayət mühakimə icraatında bu məsələlər nizamlanır və təcrübədə də tətbiqinə ciddi əməl olunur.

Eyni zamanda, əməl olunmasına nəzarət üçün də ciddi mexanizmlər mövcuddur. Bu mənada əminliklə demək olar ki, məhkəmə qərarında Azərbaycanın milli maraqları və beynəlxalq nüfuzu ziddinə heç bir öhdəlik yoxdur. Təsadüfi deyil ki, elə qərar elan edilən gün Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq çox konstruktiv formada razılığını ifadə etdi”, – B.Məhərrəmov əlavə edib.