30 İyul 2025

“Biz Şuşanın səfiriyik” sənədli filmi ictimaiyyətə təqdim olunub

Noyabrın 11-də “Biz Şuşanın səfiriyik” sənədli filmi ictimaiyyətə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, səndəli film QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş “Şuşa İli” xüsusi qrant müsabiqəsinin qalibi olan “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Biz Şuşanın səfiriyik” layihəsi çərçivəsində çəkilib.

Bildirilib ki, sənədli film Azərbaycanın 18 ali təhsil müəssisəsində təhsil alan 36 ölkədən 44 tələbənin iştirakı ilə Şuşada lentə alınıb. 44 günlük Vətən müharibəsinin şanlı Zəfəri məhz Şuşanın işğaldan azad edilməsi ilə yekunlaşıb. Bu məqsədlə layihədə iştirak etmək üçün simvolik olaraq 44 tələbə seçilib. Seçilən iştirakçılar Şuşaya səfər edib və onların təəssüratlarından ibarət 25 dəqiqəlik sənədli film hazırlanıb. Film 2 dildə hazırlanıb, Azərbaycan və ingilis dilli auditoriya üçün nəzərdə tutulub.

Qeyd edilib ki, layihənin məqsədi əcnəbi tələbələrə böyük Qələbəmizin rəmzi olan Şuşanı tanıtmaq, 30 il ərzində işğal altda qalan tarixi Azərbaycan torpaqlarını canlı görmək imkanı yaratmağa hesablanıb. Gələcəkdə filmin xarici ölkələrdə yayımlanması da nəzərdə tutulub.

Sonra film nümayiş olunub.

Tədbirin sonunda sənədli filmə çəkilən əcnəbi tələbələrə çəkiliş prosesi, Şuşanın işğaldan əvvəlki və hazırkı fotolarından ibarət eyniadlı fotoalbomu, eyni zamanda, Şuşanın rəmzi hesab edilən “Xarıbülbül” nişanı və digər hədiyyələr təqdim olunub.