09 Avqust 2025

Biz şagirdlərimizə həmişə çoxlu kitab oxumağı tövsiyə edirik.”

Mayın 11-i, 2022-ci ildə Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə “Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi “Mütaliə mədəniyyətinin təbliğində ictimaiyyətin rolunun artırılması məqsədi ilə tədbirlərin təşkili ”layihəsi çərçivəsində maarifləndirici tədbir həyata keçirib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Hüseynova Aytən Famil qızı mütaliənin mahiyyəti və üstünlükləri haqqında məlumat verib. 

Bildirib ki,layihənin məqsədi Mingəçevirdə gənc və yeniyetmələr arasında mütaliə mədəniyyətini təbliğ etmək və  oxu mədəniyyətinin təşviqi və stimullaşdırılması istiqamətində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasından ibarətdir.

“İnsan cəmiyyətdə sahib olduğu məlumatların yarıdan çoxunu oxumaqla əldə etmiş olur. Mütaliəni çox edən insanlar həm düşüncə, həm  bacarıq, həm də digər baxımdan başqalarından fərqlənirlər. Əgər insan mütaliə nəticəsində nəyisə öyrənirsə o insanda həm inam, həm də yüksək bacarıq formalaşır. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olur. Bunun nəticəsində o, gözəl nitq qabiliyyəti qazanır. Ən əsası mütaliə – ən təsirli tərbiyə vasitəsidir. Çox kitab oxumaq insanda tərbiyəvi bir xüsusiyyətdir. Əlbəttə ki, bu, insanlarda kiçik yaşlardan başlayır. Uşaqlar anlamasalar belə valideynlər onların yanında uca səslə kitab oxuduqda onlarda körpə yaşlardan kitaba sevgi, maraq yaradır.”-deyə layihə rəhbəri Aytən Hüseynova vurğulayıb.

Habelə, Aytən Hüseynova qeyd edib ki, mütaliə etmədən düşüncə formalaşa bilməz. Əgər bizim uşaqlar bu gün kitab oxumasalar onlar həyatda heç vaxt uğur qazana bilməyəcəklər. Mütaliə nəticəsində şagirdlər öz fikirlərini sərbəst ifadə edə bilirlər. Mütaliə şagirdlərdə mədəniyyətin yüksəldilməsinə aparan bir yoldur. Mütaliə biliyi genişləndirməklə bərabər, həm də insana məmnunluq hissləri bəxş edir. İnsan həyatında mütaliənin rolu əvəzolunmazdır.

“Məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcı qabiliyyətlərinin aşkarlanması, onların qlobal dayanıqlı inkişaf məqsədləri üçün müxtəlif tədbirlər keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bizim Mingəçevir  şəhəri 3 nömrəli tam orta məktəbdə də bu tədbirlərin tez-tez keçirilməsi xüsusi səciyyə daşıyır.”-deyə layihə rəhbəri əlavə edib.

“Ümumiyyətlə, hər bir şagird, hər bir insan öz həyatında mütaliəyə xüsusi yer ayırmalıdır. Çünki mütaliə insanın daxili dünyasına çox böyük mənəvi dəyərlər gətirir.”-deyə mütaliənin üstün cəhətlərindən danışan layihə rəhbəri yeniyetmələrə daha çox kitab oxumağı tövsiyyə edib.

Aytən Hüseynova fikirlərini əsaslandırmaq üçün məşhur filosofdan iqtibas gətirməklə bildirib ki, mütaliə hər bir şagirdin tərbiyə olunmasında, dünyagörüşünün artırılmasında çox böyük rol oynayır.Məşhur filosof Sokrata görə – mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Ona görə də biz mütaliəni sevməli və təkcə sevməli  yox, ona vərdiş etməyi bacarmaq lazımdır. Aytən Hüseynova ona görə də, “Gəlin oxuyaq,dünyamızı, tariximizi, özümüzü kəşf edək”.- deyə hər kəsi daha çox mütaliə etməyə çağırıb.

Fikrlərini tamamlayan Layihə rəhbəri mütaliədən faydalanmaq üçün belə deyib: “Müşahidə etdikdə görərik ki, müasir insan hər şeydə sanki təbii bir güc axtarır və ondan faydalanmağın yollarını öyrənir. Əslində isə biz bilməliyik ki, bizim sağlamlığımız üçün ən faydalı olan məhz kitablardır – mütaliədir. Biz şagirdlərimizə həmişə çoxlu kitab oxumağı tövsiyə edirik.”

Sonda Layihənin rəhbəri Aytən Hüseynova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi. 

“Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyinin mətbuat xidməti